DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyəyə gedib

img

16-02-2010 [01:05]


Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Türkiyəyə gedib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DAK həmsədri qardaş ölkədə bir sıra ictimai-siyasi təşkilatlarla görüşlər keçirəcək. Daha sonra Sabir Rüstəmxanlı Türkiyədən Almaniyaya yola düşəcək. O, 26 fevral 2010-cu il tarixində Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədər keçiriləcək konfransa qatılacaq. Tədbir yerli vaxtla saat 19.00-dan 23.00-dək BÜZE Köln Bürgerzentrum Venloer Str: 429 ünvanında olacaq. Konfransda Almaniyanın müxtəlif şəhərlərində yaşayan quzeyli-güneyli soydaşlarımız iştirak edəcəklər. Tədbirdə Ermənistanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılacaq. Eyni zamanda dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək. Konfransın yekununda isə beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq. Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən cox insan ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq