ADP hakimiyyəti Ermənistanla danızıqları dayandırmağa çağırır

img

15-02-2010 [05:04]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliynin xəbərinə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. AŞPA-ın Azərbaycan üzrə həmməruzəçilərinin ölkəmizə səfərinin nəticələrinə diqqət çəkən toplantı iştirakçıları həməruzəçilərin sərbəst toplaşma, mətbuat azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalistlərin azadlığa buraxılması və insan hüquq və azdlıqlarını ehtiva edən digər məsələr üzrə qaldırdığı problemlərin real zəminə əsaslandığını diqqətə çatdırıb və iqtidarı Azərbaycanın beynəlxalq imicinə zərbə vuran bu neqativlərin aradan qaldırması istiqamətində ciddi addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri parlament seçkiləri ərəfəsində ATƏT sədrinin ölkəmizə səfərinin demokratiya və regionda təhlükəsizlik məsələlərinin diqqətdə saxlanması baxımından əhəmiyyətli olduğunu təqdir etməklə, sədrin əsas müxalifət düşərgəsinin təmsilçilərindən kənar və yalnız seçmə qayda ilə görüşlər keçirməsini qeyri məqbul hesab edib və bu yanaşmanın heç də qurumun elan etdiyi demokratik dəyərlərlə uyğun gəlmədiyini bildirib. Son vaxtlar beynəlxalq siyasi gündəmin baş mövzusuna çevrilən və daha çox erməni tərəfinin əsassız iddiaları ucbatından dalana dirənən Türkiyə-Ermənistan protokol razılaşmasına diqqət çəkən İdarə Heyəti üzvləri göstərilən beynəllxalq təzyiqlərə baxmayaraq Türkiyənin bu razılaşmada Dağlıq Qarabağ faktorunun danışıqların gedişində əsas götürülməsində israrlı olmasını təqdir edib və bütün beynəlxalq görüşlərdə Türkiyə yetkililərinin məhz bu mövqedən çıxış edəcəyinə əminliyini bir daha bildirib. İdarə Heyəti üzvləri Ermənistan prezidenti S.Sarkisyanın İngiltərəyə səfəri zamanı guya Dağlıq Qarabağın, hətta Naxçıvan Muxtar Respublikasının qədim erməni əyalətləri oması barədə səsləndirdiyi sərsəm fikirlərin heç bir tarixi reallığa söykənmədiyini, əksinə indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığını bildirib və Azərbaycan hakimiyyətini erməni fitnəkarlığından qaynaqlanan bu bəyanata müvafiq təkzib verilmədiyi təqdirdə adı çəkilən dövlətlə aparılan danışıqları dayandırmağa çağırıb. Milli məclisdə KİV haqqında və digər bir neçə qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələnin gündəmə gətirilməsinə mövqe bildirən İdarə Heyəti üzvləri mətbuat azadlığına və bundan dolayı jurnalistlərin peşə fəaliyyətinə məhdudiyyətlər qoyan, sərbəst informasiya toplamaq və yaymaq imkanlarının tükəndirilməsinə xidmət edən bu cür mürtəce təşəbbüsləri qətiyyətlə pisləyib, Azərbaycan iqtidarını söz və mətbuat azadlıqları ilə bağlı beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri vicdanla yerinə yetirməyə dəvət edib. İdarə Heyəti üzvləri keçən həftə bir qrup dini inanclı şəxslərin Həzrəti Məhəmməd peyğəmbərin vəfatı ilə bağlı yürüş edərək şəhidlər xiyabanına əklil aparmasının güc yolu ilə qarşısının alınması faktını da pisləyib və hakimiyyətin bu günə qədər siyasi azadlıqlara qarşı tətbiq etdiyi məhdudlaşdırma taktikasının artıq ictimai xarakter almasından və qeyri-siyasi sahələrə də tətbiq etməsindən narahat olduğunu bildirib. İdarə Heyəti üzvlərinin xüsusi narahatçılıqla müzakirə etdiyi digər məsələ ölkənin müxalif qüvvələrinin parlament seçkiləri ərəfəsində bir araya gəlməsinin vacibliyi ilə bağlı məsələ olub. Ayrı-ayrı partiya maraqlarının üstün tutulması və hakimiyyətin müxalif partiyalar içərisində məqsədyönlü iş aparması faktından qaynaqlanan dezinteqrasiyadan narahat olduğunu bildirən İdarə heyəti üzvləri bütün müxalifət qüvvələrini qarşılıqlı ittihamdan və intriqalardan uzaq olmağa, cəmiyyətimizdə baş verə biləcək demokratik dəyişilmələrdə müxalifətin birliyinin vacibliyini düzgün qiymətləndirməyə və inteqrasiya istiqamətində daha ciddi səy göstərməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA