14-02-2010 [05:45]
[b]Araz Əlizadənin fikrincə, bu il keçiriləcək parlament seçkilərinin nəticələri 2005-dəki kimi olacaq [/b]
Məlum olduğu kimi, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) qarşıdan gələn parlament seçkilərində iştirak etməyi qərarlaşdırıb. Budəfəki seçkilərdə məhdud namizədlərlə iştirak edəcəklərini deyən ASDP-nin həmsədr Araz Əlizadə seçkiöncəsi vəziyyət və digər məsələlərdən danışdı:
- Hazırkı vəziyyəti analiz edərkən, demək olar ki, tam sakitlikdir və yeni heç bir şey yoxdur. Ölkədə hansısa seçki əhval-ruhiyyəsi də hiss olunmur. Əslində seçki ilində cəmiyyətdə canlanma olmalıdır. İnsanlar düşünürlər ki, yeni parlament seçiləcək və bu yeni parlament onların həyatında dəyişikliklər edəcək. Bizdə isə yeni parlament seçilmir. Azərbaycanda bu işləri öz aralarında həll edirlər, kimlərsə bir az yaxın, kimlərsə uzaq düşür, bir az saf-çürük edirlər, bununla da qurtarır. Xalq da heç bir yenilik etmək istəyində olmur. Çünki yaxşı başa düşür ki, belə işlər onların iradəsindən asılı deyil.
2005-ci il parlament seçkilərində əvvəlki illərdən fərqli dəyişiklik odur ki, əvvəllər iqtidarın nümayəndələri çalışırdılar ki, seçkilərin nəticələrini öz xeyirlərinə həll etmək üçün saxtakarlığa imza atsınlar, amma indi belə deyil. Sadəcə, seçicilərin səslərini pulla alırlar, bununla da hər şey qurtarır.
[b]- Qeyd edirsiniz ki, 2005-ci ildə seçkinin nəticələrini pul həll edib, bəs, bu ilki seçkilərdə necə olacaq? [/b]
- Düşünmürəm ki, 2010 parlament seçkilərində kəskin dəyişiklik olacaq. Yenə də seçicilər öz səslərini satacaqlar. Seçkilərin nəticəsinin bu şəkildə həll olunmasının günahı isə xalqdadır.
[b]- Bəs, xalqı öz səsini satmaq məcburiyyətində qoyan, bu vəziyyəti yaradan kimdir?[/b]
- Burada hakimiyyətin də rolu var, müxalifətin də. Çünki bu, həmin müxalifətdir ki, 88-ci ildən meydanlarda xalqı aldadır, 90-cı ildə insanları çölə çıxardıb, özü isə gedib evində çay içdi və yaxud kafedə araq içdi. Bu, həmin müxalifətdir ki, 92-ci ildə dövlət çevrilişi elədi. Yəni müxalifətdə heç nə dəyişməyib. Ona görə də xalq deyir ki, hər dəfə müxalifət məni aktivliyə səsləyir, meydana çıxarır və sonda aparıb başımı divara çırpır, indi isə sakitcə oturmuşam, heç olmasa, səsimi satıb iki kilo ət alaram.
[b]- Yenə də müxalifəti ittiham edirsiniz. Amma xalqı 5 manata möhtac qoyan hökumətin adını çəkmək istəmirsiniz... [/b]
- Mən dedim də, hakimiyyətin də böyük rolu var. Axı müxalifət xalqda inam qoymayıb. İnsan gərək seçim edəndə pislə pis arasında deyil, pislə yaxşı arasında seçim etsin.
[b]- Araz bəy, xalq sizə inanırmı?[/b]
- Mənə yox. Əgər inansaydı, gəlib mənə səs verərdi, daha gedib səsini satmazdı.
[b]- Onda bu, kimin təqsiridir? [/b]
- Bunun günahı ondadır ki, Araz Əlizadə həmin dövrün siyasətçisidir. Yəni qurunun oduna yaş da yanır. Bu günə kimi hərəkatdan gələn müxalifətçilər xalqı aldadıblar. Xalq onlara inanmadığı üçün mən də istər-istəməz o cərgəyə düşmüşəm.
[b]- Belə çıxır ki, o dövrün siyasətçiləri meydandan getməlidirlər? [/b]
- Vallah getməyə qalsa, mən buna sabah hazıram, əgər Qarabağı azad etsələr. Mən, "Qarabağ" deyib siyasətə gəlmişəm. Nə qədər ki, Qarabağ problemi həll edilməyib, mən siyasətdən getməyəcəm. Hərənin öz məqsədi var, bəziləri demokratiya, bəziləri hakimiyyət, mən də Qarabağ istəyirəm.
[b]- Qarabağ probleminin həlli istiqamətində nə etmisiniz? [/b]
- Mən həmişə öz mövqeyimi açıq söyləmişəm. Peşəkar ordu yaradılmasa, Azərbaycanda əhali "hər şey müharibədə qələbə üçün" ritmi ilə yaşamasa, Qarabağı qaytara bilməyəcəyik.
[b]- Hakimiyyət nümayəndələri Azərbaycanın peşəkar ordusunun olduğunu bildirir... [/b]
- Bizim peşəkar ordumuz yoxdur. Çünki Azərbaycanda heç peşəkar ordu haqqında qanun da qəbul olunmayıb. Bir şey var ki, bacarıqlı ordumuz var.
[b]- Bu günlərdə orduda 6 nəfərin ölümü ilə nəticələnən qətliam baş verdi... [/b]
[i]- (Sözümüzü kəsərək)[/i] Ondan çox adamı Amerikada öldürdülər.
[b]- Bəziləri belə halları ordudakı nizamsızlıqla əlaqələndirir. Hətta bəziləri Səfər Əbiyevin istefasını tələb edirlər... [/b]
- Azərbaycan ordusunun içində olmadığım üçün bir söz deyə bilmərəm. Amerikada ordu ictimaiyyətə açıqdır. Ona görə də insanlar orduda baş verənlərlə bağlı danışa bilirlər. Bizdə isə ordu qapalıdır, ancaq fərziyyələr danışılır. Qətliama gəldikdə isə, Amerika ordusunda da bu cür hadisə baş vermişdi.
[b]- Yəni bu, normal haldırmı? [/b]
- Xeyr, anormaldır.
[b]- Amerika ordusundakı hadisə fərqlidir. Bizdə baş verənlərin isə orduda zabitlərin əsgərlərlə kobud davranması, işgəncə, zorakılıqla bağlı olduğu bildirilir...
[/b]
- Mənim oğlum ordudadır. Hər halda oğlumun xidmət elədiyi hissədə belə şey yoxdur. Ona görə də mən bu barədə bir söz deyə bilmərəm.
[b]- Araz bəy, 2010 seçki ili müxalifətin qarşılıqlı ittihamları ilə başladı. İsa Qəmbər müxalifətdə İrana, Rusiyaya, Azərbaycan hakimiyyətinə işləyənlərin olduğunu bildirdi. Siz də bu müxalifəti yaxşı tanıyırsınız, varmı elə qüvvələr? [/b]
- Çox qəribədir ki, kiminsə harasa işləməsindən danışanda Amerikaya, Qərb ölkələrinə işləyənləri qeyd eləmədi. Belə bir məna çıxdı ki, Amerika və Avropaya işləmək olar, amma Rusiya, İran və iqtidara işləmək olmaz. Düzü, mən başqasının kimi nəzərdə tutduğunu deyə bilmərəm. Amma İsa bəyin əlində imkan var idi ki, onlar hakimiyyətdə olanda bütün siyasətçilərin "KQB"-dəki dosyelərini açsınlar. Bunun üçün Əlizadə qardaşları müraciət də etmişdi. Demişdilər ki, əgər bütün siyasətçilərin dosyesini açmırsınızsa, heç olmasa, bizim dosyeləri xalqa açın. Açmadılar. İndi üstündən 18 il keçəndən sonra ad çəkmədən kiminsə harasa işləməsini demək cəmiyyətdə çaşqınlıq yaradır. İsa Qəmbər kimi nəzərdə tutur? Özünümü, ətrafındakılarımı? Siyasətçi kimisə nədəsə ittiham edirsə, konkret ad çəkməlidir. Əgər ad çəkilməyəcəksə, bu ittihamları səsləndirmək də lazım deyil.
[b]- İsa Qəmbər sözünü deyib, artıq ona cavablar verilir. Necə düşünürsünüz, qarşılıqlı ittihamlar fonunda müxalifət bu seçkilərdən nə gözləyir? [/b]
- Müxalifətin qələbə şansı yoxdur. Əgər nəsə fövqəlhadisə baş verməsə, uğur əldə edə bilməyəcəklər. Ola bilsin ki, yenə xalqı aldadalar ki, biz birləşəcəyik, güclü olacağıq, onda da nəsə alınmayacaq. Çünki sıfırla sıfır toplananda cəmi sıfır olur. Yəni müxalifətin birləşməsinin də heç bir əhəmiyyəti yoxdur. Ona görə də 2010 parlament seçkilərinin nəticələri 2005-in nəticələri kimi olacaq.
Özümə gəldikdə isə deyə bilərəm ki, mənim parlamentə düşməyim möcüzə ola bilər. İnanmıram ki, məni parlamentə buraxalar.
[b]- Sizdən qorxurlar? [/b]
- (Gülür) Yox. Məndən heç kim qorxmur. Yenə də deyirəm, düşünmürəm ki, mən parlamentə düşə bilərəm, amma yenə də mübarizəmi aparıram.