"Hakimiyyət xalqı inqilab etmək həddinə çatırıb"

img

14-02-2010 [05:32]


[b]Həsən Kərimov: "Yürüdülən siyasət, cəmiyyətdəki iqtisadi-sosial problemlərin həll edilməməsi, əhaliyə yalnız quru vədlərin verilməsi elə vəziyyət yaradıb ki, bu gün Azərbaycan cəmiyyəti bir tikə çörəyə möhtacdır" [/b] Hazırda müxalifət düşərgəsində qarşıdan gələn parlament seçkilərində birgə iştirak-edib etməmək, hansı partiyaların birliyini yaratmaq məsələsi müzakirə olunur. Hələlik açıq şəkildə aparılmayan bu danışıqların ziddiyyətlərlə müşayiət olunduğunu demək çətin deyil. Çünki bəzi partiyaların nümayəndələri mətbuata açıqlamalarında bu və ya digər siyasi təşkilatla birgə olmağı mümkün saymır, yaxud da şərtlər irəli sürürlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimovla da söhbətə elə müxalifətdaxili inteqrasiya ilə bağlı sualla başladıq. - Bu ilin seçki ili olduğunu nəzərə alsaq, təbii ki, müxalifətdaxili inteqrasiya tək müxalifətin istəyi deyil, bütövlükdə cəmiyyətin tələbidir. AXCP həmişə müxalifətin birliyinin tərəfdarı olub. 2005-ci il parlament seçkilərindən sonra "Azadlıq" bloku parçalansa da, yenidən bu bloku bərpa etmək və müxalifətin birliyini qorumaq naminə ALP və VİP-lə yeni bir ittifaqda birləşdik. Biz 2010-cu il parlament seçkiləri ərəfəsində digər partiyalarla da inteqrasiyanın tərəfdarıyıq. [b]- Hansı partiyaları nəzərdə tutursunuz? [/b] - Adını açıqlamaq istəmədiyim, adını müxalifət qoyub, amma müxalifətin əleyhinə işləyən partiyaları nəzərdə tutmuruq. Əslində 2010-cu il parlament seçkilərində Xalq Cəbhəsi Partiyası əsas qüvvə kimi "Azadlıq" bloku və Müsavatı görür. Ona görə də bu qüvvələrin bir araya gəlməsi istiqamətində müəyyən danışıqlar gedir. Düzdür, indi Müsavatla müəyyən fikir ayrılıqları var. Belə ki, Müsavat daha çox AXCP-Müsavat birliyinin və seçkidə birgə iştirakın tərəfdarıdır. Amma biz uzun müddətdir ki, "Azadlıq" blokunda təmsil olunan ALP və VİP-i kənarda hiss etmirik. Bu səbəbdən də müttəfiqərimizlə bir yerdə müxalifətin inteqrasiyasının tərəfdarıyıq. [b]- Bəs, Müsavat bu mövqeyində israrlı olsa, necə? [/b] - Müsavat öz mövqeyində qalsa, təbii ki, biz müttəfiqlərimizə sadiq qalacağıq. Hələlik bu istiqamətdə birmənalı fikir söyləmək çətindir. Düşünürəm ki, 2010 parlament seçkilərində hər hansı blok yaranarsa, biz müttəfiqlərimizlə bir yerdə çıxış edəcəyik. [b]- Həsən bəy, Müsavat Partiyasının bu mövqeyini necə qiymətləndirirsiniz? Yəni onlar iddia edirlər ki, bizimlə eyni ranqda AXCP-dir, müttəfiqləri isə zəifdir... [/b] - Müsavat çox gözəl bilir ki, AXCP ilə Müsavatın sosial bazası eynidir. Ancaq mənə elə gəlir ki, bu məsələdə Müsavat da götür-qoy etməlidir. Yəni inteqrasiya məsələlərində, parlament seçkilərində, ümumiyyətlə, Azərbaycanın taleyüklü məsələlərində partiyaların böyüklüyü, kiçikliyi nəzərə alınmamalıdır. Partiyanın sosial bazası, strukturu zəif ola bilər, amma elə partiya var ki, kiçikdir, ancaq elə lideri var ki, cəmiyyətdə kifayət qədər nüfuza malikdir. Ona görə də bütün işlər ciddi müzakirə olunmalı və müxalifətin inteqrasiya məsələsində digər problemlər kənara qoyulmalıdır. [b]- Konkret deyə bilərsinizmi, AXCP kimlərlə bir yerdə olmaq istəmir? [/b] - Biz real, prinsipial müxalifətlə əməkdaşlığın tərəfdarıyıq. Açıq deyim ki, biz BAXCP ilə heç vaxt bir yerdə olmaq istəmirik. AXCP-nin sosial bazasını dağıtmaq istiqamətində fəaliyyət göstərən, bu gün parlamentdə təmsil olunan - Müsavat istisna olmaqla, - bütün partiyalarla bir olmayacağıq. Düzdür, onların özləri də deyirlər ki, AXCP ilə bir olmaq istəmirlər. Bunun da bir səbəbi var, çünki onlar iqtidarın tapşırığı ilə hərəkət edirlər. Digər tərəfdən, ola bilər ki, Klassik Xalq Cəbhəsi Partiyası ilə inteqrasiya istiqamətində danışıqlar aparılsın. [b]- Təkliflərdən biri də "Azadlıq" bloku-Müsavat-DUİ formatında birliyin yaradılmasıdır... [/b] - Bilirsiniz, AXCP-də DUİ-də təmsil olunan ayrı-ayrı partiyalarla bağlı birmənalı fikir yoxdur. Hələlik bu istiqamətdə partiya rəhbərliyində hər hansı müzakirə aparılmayıb. Müzakirə aparılar, ondan sonra mövqe bildirilər. [b]- Ümumiyyətlə, ilkin müzakirələrə nəzər yetirdikdə, bu il müxalifətin birliyinin yaranması gözlənilirmi?[/b] - Konkret olaraq deyə bilərəm ki, biz "Azadlıq" blokunun birliyini qoruyub saxlaya biləcəyik. Daha geniş birliyə gəlincə, bəri başdan bu barədə fikir yürütmək mənim üçün çox çətindir. Çünki qarşıdakı aylarda ictimai-siyasi proseslərdə nələrin baş verəcəyi, seçki ilində iqtidarın hansı addımları atacağı, müxalifətə qarşı hansı "sürpriz"lərin hazırlandığı hələlik məlum deyil. Bu səbəbdən də indidən qəti fikir söyləmək çətindir. Eyni zamanda bu günkü debatlar göstərir ki, müxalifətin vahid cəbhədə birləşməsi çətin baş tutacaq. [b]- Sizcə, belə vəziyyət hakimiyyətin seçkidə prosesləri özünə sərf edən formada istiqamətləndirməyə şərait yaratmırmı? [/b] - Bəli. Bu gün müxalifətin inteqrasiyasına mane olan qüvvələr dolayısı ilə hakimiyyətin maraqlarına xidmət edir. Çünki müxalifətin parçalanmış görünməsi cəmiyyətdə də inamsızlıq, ruh düşkünlüyü yaradır. Belə bir vəziyyətin yaranmasına da çalışanlar var. [b]- Kimlərdir? [/b] - Hazırda seçki ilidir, üstəlik, partiyalarla danışıqlar gedir. Ona görə də bu dəqiqə nəsə demək istəmirəm. Amma danışaqlar yekunlaşandan sonra fikirlərimi açıqlayacağam. [b]- Həsən bəy, müxalifətin bir araya gəlib-gəlməməsi ilə yanaşı, ölkədəki ictimai-siyasi vəziyyət də önəmlidir. Bu baxımdan hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?[/b] - 2005-ci il parlament seçkiləri ilə müqayisədə hazırda cəmiyyətdə kifayət qədər passivlik hiss olunur. O zaman cəmiyyət birmənalı şəkildə "Azadlıq" blokunu dəstəkləmişdi və bizim əlimizdə olan rəsmi protokollara görə 64 namizədimiz parlamentdə düşmüşdü. Amma həmin dövrdə bu mandatların reallaşmaması, 2005-ci ildə müxalifətə divan tutulması, AXCP-nin qərargahdan çıxarılması, mitinqlərin, piketlərin keçirilməsinə icazə verilməməsi, söz və mətbuata olan basqıların artırılması, müxalifət nümayəndələrinin televiziya ekranlarına buraxılmaması cəmiyyətdə müəyyən ruh düşkünlüyü yaradıb. İndi müxalifətin önündə duran əsas məsələ cəmiyyətdə yaranmış bu üstünlüyü, passivliyi aradan qaldırmaqdır. Bəli, ötən seçkilərlə müqayisədə bu dəfə cəmiyyətdə kifayət qədər passivlik var. Bunun əsas səbəbkarı iqtidar olsa da, bu məsələdə müxalifətin də üzərinə düşən günah var. [b]- Necə düşünürsünüz, cəmiyyətdəki passivliyi aradan qaldıra biləcəksinizmi? [/b] - Mənə elə gəlir ki, bu işin öhdəsindən gələcəyik. Yadınızdadırsa, 2005-ci il parlament seçkilərindən 5-6 ay öncə ölkədə vəziyyət təxminən bu cür idi. Amma Azərbaycan müxalifəti 2005-də özündə güc tapdı və may ayının 21-də icazəsiz mitinqə çıxdı. ?əticədə cəmiyyətdən kifayət qədər dəstək aldı və ondan sonra hakimiyyət müxalifətin tələbləri qarşısından geri çəkilərək, mitinqlərin keçirilməsinə icazə verdi. Mənə elə gəlir ki, 2010 parlament seçkiləri öncəsi də bu vəziyyəti yarada biləcəyik. Yəni icazəsiz kütləvi etiraz aksiyaları gündəmdədir. Çünki bu hakimiyyət elə bir idarəçilik sistemi qurub ki, başqa cür danışmaq mümkün deyil. [b]- 2005-ci ilin noyabrındakı mitinqdən sonra hər hansı ciddi etiraz aksiyası keçirilməyib. Yəni insanlara nə deyib aksiyalarınıza çağıracaqsınız? [/b] - Hər iki seçki dönəmində Azərbaycanda vəziyyət fərqli olub. Belə ki, 2005-ci ildə Azərbaycan iqtidarının müəyyən mənada bir balaca da olsa, sosial dayaqları var idi. 2005-ci ildən sonra yürüdülən siyasət, cəmiyyətdəki iqtisadi-sosial problemlərin heç birinin həll edilməməsi, əhaliyə yalnız quru vədlərin verilməsi, işsizliyin daha da artması, əmək haqlarının və pensiyaların artrılmaması və bu kimi problemlər elə vəziyyət yaradıb ki, bu gün Azərbaycan cəmiyyəti bir tikə çörəyə möhtacdır. Yəni hakimiyyət xalqı inqilab etmək həddinə çatırıb. Düşünürəm ki, əgər hər hansı təkan olsa, bu təkan cəmiyyətdən kifayət qədər dəstək alacaq. Hesab edirəm ki, bu təkan müxalifətin iqtidara qarşı birgə mübarizəsinə şərait yaradacaq. [b]- Deyirsiniz ki, cəmiyyət inqilab əhval-ruhiyyəsindədir. Bəs bu əhval-ruhiyyəni sistemli şəkildə istiqamətləndirmək üçün müxalifətin hər hansı proqramı varmı?[/b] - Öncə qeyd etmək istəyirəm, mənim bu fikirlərim başqa cür yozulmasın. Biz azad, ədalətli seçkilər yolu ilə hakimiyyət dəyişikliyinin, mitinqlərin, piketlərin vasitəsi ilə sözümüzü deməyin tərəfdarıyıq. Bu istiqamətdə də müxalifətin kifayət qədər təcrübəsi var. Ona görə də düşünürəm ki, məqamı gələndə müxalifət olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirəcəyik. Çalışacağıq ki, həmin aktivlik yaransın və doğru istiqamətə yönəlsin. [b]- Əgər bu aktivlik alınarsa və cəmiyyətin əksəriyyəti hakimiyyətə qarşı yönələrsə, 2010 parlament seçkiləri nə ilə nəticələnə bilər? [/b] - Mənə elə gəlir ki, Azərbaycan cəmiyyətinə də, seçicisinə də bir şey məlumdur ki, verdiyi səsin arxasında durmadıqca iqtidar istədiyi namizədi parlamentdə oturdur. Eyni zamanda bu yolla prezident seçkilərini də, bələdiyyə seçkilərini də saxtalaşdıra bilir. Hesab edirəm ki, artıq cəmiyyət bu istiqamətdə kifayət qədər maariflənib. Yenə deyirəm, bu günə kimi ölkədə iqtisadi-sosial problemlərin aradan qaldırılmaması artıq xalqı cana doyurub. Ona görə də düşünürəm ki, xalq seçdiyi namizədin parlamentdə oturması üçün verdiyi səsi qoruyacaq. Seçkidə kimin qalib gələcəyini deməyə ehtiyac yoxdur, çünki bu hakimiyyətin demokratik seçkidə hətta 10 faiz səs alması mümkün deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA