14-02-2010 [05:17]
[b]Qüdrət Həsənquliyev: "Əslində belə vəziyyət iqtidar üçün də təhlükəlidir. Çünki müxalifət sıradan çıxmış və zəif olanda hakimiyyət uğrunda mübarizə iqtidarın daxilinə keçir. Artıq bunun əlamətləri göz önündədir" [/b]
2010-cu il başlar-başlamaz siyasi arenada canlanma yarandı. Amma bu, siyasi partiyaların hansısa proqramlar ortaya qoyması ilə deyil, müxalif düşərgənin qarşılıqlı ittihamları ilə müşayiət olunur. Görəsən, qarşılıqlı ittihamlarla müxalifət, yaxud ümumimilikdə siyasi qüvvələr parlament seçkilərinə necə gedəcək? Bu və ya digər məsələlərlə bağlı suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev cavablandırır:
- 2010 seçki ilidir, canlanma da təbii ki, bununla əlaqəlidir. Seçki kampaniyasının başlanmasına 6 aydan da az vaxt qalır, bu baxımdan aktivlik başadüşüləndir. Müxalifət nümayəndələri də həmkarlarını ittiham etməyə başlayıblar ki, real müxalifət məhz onlardır. Bu yolla səs almaq istəyirlər. Bir qrup insan ümidlərini iqtidarın dəstəyinə bağlayıb. Başa düşürlər ki, hakimiyyətin dəstəyi olmadan heç bir uğur qazana bilməzlər. Ona görə də bir növ məddahlıq yarışına girişiblər. Bütün bu proseslər isə müəyyən canlanma yaradıb. Hesab edirəm ki, seçki yaxınlaşdıqca bu gərginlik bir qədər də artacaq.
[b]- Deyilənə görə, bu seçkilərdə hakimiyyətin alternativi AXCP-Müsavat birliyi olacaq. Bələdiyyə seçkilərinin nəticələrinə baxanda isə tam fərqli görüntü meydana çıxır. Siz necə düşünürsünüz? [/b]
- Əvvəllər onlar özlərini ənənəvi, radikal müxalifət adlandırırdılar, indi isə real müxalifət olduqlarını deyirlər. Ancaq qeyd etmək istəyirəm ki, bunlar tükənmiş qüvvələrdir. Əslində bu qüvvələr ölkənin siyasi səhnəsindən ələnib getməlidir. İmkan verməlidirlər ki, yeni siyasi qüvvələr meydana çıxsın. Deyirlər ki, heç kimə mane olmurlar, kim istəyirsə, önə çıxsın. Amma bunlar geri çəkilmir və iddia edirlər ki, seçkilər ədalətsiz keçirildiyinə görə uğursuzluğa düçar olublar. Əgər bu saxtakarlığın qarşısını ala bilməyib, qələbə çaldığını iddia edir və bu qələbəni qoruyub saxlaya bilmirsənsə, bu da bir məsuliyyətdir.
Bu yaxınlarda Pənah Hüseyn müsahibəsində deyib ki, sovet imperiyası dağılan zaman hərəkatda olan qüvvələr bircə Azərbaycanda öndədir. Guya ki, biz Pribaltika ölkələrindən daha səviyyəliyik, burda siyasi proseslər daha sivil şəkildə həyata keçirilir. Guya Gürcüstanda, Ukraynada, hətta Belarusda xalq hərəkatının önündə olan adamların getməsi o cəmiyyətlərin geriqalmışlığıdır. Amma əksinə, az-çox düşünən adamda o fikir yaranır ki, elə siz də getməliydiniz. Halbuki hərəkatda kifayət qədər gənclər var idi ki, onları önə buraxmaq olardı.
Qaldı ki, seçkilərdə hansı partiyanın nə qədər yer alacağına, bu rəqəmlərin biri digərindən aşağı və yaxud yuxarı ola bilər. Bunlar o qədər kiçik rəqəmlərdir ki, müqayisə olunmamalıdır. Məsələn, bizdən 94 bələdiyyə üzvü seçilmişdi, mən bunu uğur kimi təqdim etməyi özümə ayıb bilərəm. Ona görə də hesab edirəm ki, bu məsələlər şərtidir. Müxalifət bələdiyyə seçkilərində böyük məğlubiyyətə düçar olub. Azərbaycanda çoxpartiyalı sistemin acınacaqlı durumda olması özünü ortaya qoydu. Bu mənada hesab edirəm ki, Azərbaycanda proporsional seçki sistemi mütləq bərpa olunmalı, hökumətin formalaşdırılması parlament seçkilərində qalib gəlmiş partiyaya tapşırılmalıdır. Bu gün partiyalar dövlətin siyasətinin formalaşmasında heç bir rol oynamır. Əgər hansısa bir mağaza müdiri, yaxud siyasətə aid olmayan, partiya rəhbərliyində yer almayan kimlərsə yüksək dövlət vəzifələrinə təyin olunurlarsa, bunun özü göstərir ki, partiyalar ölkə həyatında rol oynamır. Mən həmişə deyirəm ki, YAP iqtidar partiyası deyil, iqtidarı dəstəkləyən partiyadır. İqtidarın özü isə ayrı bir partiya kimi təzahür edir. Yəni mən bu gün Ana Vətən Partiyası ilə YAP arasında elə də ciddi fərq görmürəm. Fərq bir ondadır ki, YAP-ın sədri eyni zamanda prezidentdir.
[b]- Bəs, təklifləriniz nədər ibarətdir? [/b]
- Hesab edirik ki, ölkədə siyasi islahatlar aparılmalı, iqtisadi siyasətə yenidən baxılmalıdır. Neft Fonduna toplanmış vəsaitlərin daha səmərəli xərclənməsi həyata keçirilməlidir. Hər biri layihə parlamentdə təsdiqlənməlidir. Biz bunları təklif edirik.
Daxili siyasətimizdə vəziyyət müxalifətin xeyrinə deyil. Əslində belə vəziyyət iqtidar üçün də təhlükəlidir. Çünki müxalifət sıradan çıxmış və zəif olanda hakimiyyət uğrunda mübarizə iqtidarın daxilinə keçir. Artıq bunun əlamətləri göz önündədir. Məsələn, radikal müxalifətin nəzarətində olan mətbuatda gedən yazılara diqqət yetirin, görün, hakimiyyətdəki qruplaşmalar bir-birini necə diskreditasiya edir, necə anti-kampaniya aparılır. Fikir verin, ən çox hansı məmurlar "vurulur" - Vasif Talıbov, Kəmaləddin Heydərov, Bəylər Əyyubov. Hansı ki, bunlar prezidentə ən yaxın şəxslərdir. Hətta bəzi qəzetlər iddia edirlər ki, həmin şəxslərdən daha çox yazmalarına səbəb qəzetlərini daha çox satmaq istəyi ilə bağlıdır. Amma başqa məmuru götürək, hansı məmurun rəhbərlik etdiyi sahə bu şəxslərin rəhbəri olduğu sahədən yaxşı işləyir? Mən bunu misal kimi göstərirəm ki, bu kampaniyalar bəzən daxildən qaynaqlanır. Onu da nəzərə alaq ki, iqtidarın daxilində maliyyə imkanları, insan resursları olan qüvvələr var və üstəlik, bunlar içəridə olan məlumatlara da malikdirlər. Ona görə də bu vəziyyət iqtidarın özü üçün də təhlükəlidir. Bu mənada müxalifətin bu formada sıradan çıxarılması iqtidarın marağında olmayan məsələdir.
[b]- 2005-ci il parlament seçkiləri ərəfəsində də hakimiyyət daxilindən "təmizləmə" oldu, iki nazir vəzifədən kənarlaşdırıldı. Yəni bu dəfə də proseslər o istiqamətdə inkişaf edə bilərmi? [/b]
- Bu, zaman-zaman belə davam edəcək. 2005-ci ildə bu proseslərə çox adam qoşulmuşdu. Gördülər ki, cəzalandırmaq lazım gəlsə, çox adam kənarlaşdırılmalıdır. Onda isə hakimiyyətə çox böyük zərbə olacaqdı. Bəzilərinə dedilər ki, çıx, mövqeyini bildir. O baxımdan düşünürəm ki, bu siyasət dəyişməsə, proseslər o istiqamətdə də davam edəcək. Məsələn, hansısa bir nazir deyirsə ki, mən bu vəzifədə oturmağıma görə prezidentə yox, başqa kimlərəsə borcluyam, artıq bu, o deməkdir ki, həmin adam prezidentin onu vəzifədən kənarlaşdırmasından ehtiyat eləmir. Bu səbəbdən də bildiklərini edirlər. Bax, hakimiyyətin daxilində belə qüvvələr var. Hətta elələri var, cəmiyyətə aşılamaq istəyir ki, kənarda dəstəyi var və prezidentin onu zərərsizləşdirmək imkanı yoxdur. Düzdür, prezident vəziyyətə nəzarət edir, amma vəziyyət bu cür davam etsə, nəticə pis olacaq. Ya yenə də hansısa bir formada ağrılı proseslər həyata keçirilə, həbslər ola bilər, hətta elə ola bilər ki, həbsləri həyata keçirmək mümkün olmaz. Yəni mümkündür ki, daha xoşagəlməz proseslər baş versin. Ona görə də daxili siyasətdə mütləq islahatlar aparılmalıdır.
[b]- Milli Məclisin yaz sessiyasında hökumət hesabat verəcək və yenə iqtisadi inkişafdan danışacaq. Amma son 10 ildə ölkədə iki iqtisadi inkişaf nazir işdən çıxralıb və bu sahədə yaxşı heç bir iş görmədikləri bildirilir... [/b]
- Bu səbəbdən də qeyd etdiyim islahatların aparılmasına ehtiyac var. Kadrların birinin digərini əvəzləməsi heç nəyi dəyişmir. Yəni prezidentin ətrafında Nazirlər Kabinetindən əlavə köməkçilər institutu olmalıdır və ora cəmiyyətin müxtəlif təbəqələrindən insanlar cəlb edilməlidir. Ora elə adamlar seçilməlidir ki, real vəziyyəti təsvir etməkdən çəkinməsinlər. Adi bir misal deyim, orduda bu cür qətliam baş verdi. Müdafiə naziri cəsarət edib hərbi hissəyə gedə bilmədi, çünki qorxur ki, orda, onu da qətlə yetirərlər. Bu qətl yeganə hadisə deyil, amma tədbir görülmür. Moskvada bir çavuş mağazada vətəndaşlara atəş açmışdı, Medvedev Moskva Baş Polis İdarəsinin rəisini dərhal vəzifəsindən kənarlaşdırdı. Yəni bizdə elə sahələr var ki, uzun müddətdir o sahələrdə ciddi qanun pozuntuları davam edir. Amma həmin sahəyə rəhbərlik edən şəxslər - hüquqi məsuliyyəti kənara qoyuram, - hətta intizam məsuliyyətinə belə cəlb olunmayıblər. Belə hallar isə dövlət idarəetməsini zəiflədir. Bəzən onlara elə gəlir ki, hərdən mətbuata çıxıb prezident haqqında bir-iki xoş söz deyəndən sonra bildiklərini edə bilərlər. Hətta elə vəziyyət yaranıb ki, bir nazir digər nazirin sözünü eşitmir. Ona görə də qeyd etdiyim islahatlar aparılmalıdır.
[b]- Sizcə, hökumətin bu dəfəki hesabatı zamanı müdafiə nazirini Milli Məclisə gətirə biləcəksinizmi? [/b]
- Mən, həm Milli Məclis rəhbərliyinin, həm də müdafiə nazirini müdafiə edən millət vəkillərinin çıxışlarından hiss etdim ki, bunu etmək mümkün olmayacaq. Çox təəssüf ki, bizdə hökumətin hesabatı deyəndə, ancaq iqtisadi sektorun hesabatından söhbət gedir. Halbuki nə icra başçıları, nə müdafiə naziri, nə digər güc strukturları, nə də xarici işlər naziri hesabat verir. Yəni Azərbaycan hələ də sovet idarəetmə sistemindən kənara çıxa bilməyib. Dövlət investisiya yatırır, amma investisiyalar səmərəsiz xərclənir. Əgər lazımi islahatlar aparılmasa, inkişafa nail olmaq mümkün deyil.
[b]- Bu günə kimi islahatlarla bağlı təklifləri çox səsləndirmisiniz. Amma deyəsən, təkliflərinizi nəzərə alan olmayıb? [/b]
- Xeyr. Naxçıvana təyyarə biletlərinin qiymətini qaldırdılar. Mən dedim ki, qiymət artımı həm əhaliyə, həm də AZAL-ın büdcəsinə ziyan vuracaq. Əvvəllər gündə 6 təyyarə uçurdu, hamısı da dolu olurdu. İndi isə iki təyyarə uçur. Bununla nə qazandılar, heç nə. Görün indi Naxçıvan camaatı nə qədər əziyyət çəkir. Yaşlı adamlar 75 manat pensiya alır, Bakıda xeyir-şər olur və yaxud müalicə üçün gəlməli olurlar, indi bu qiymətlə necə gəlsinlər? Avtobusla Bakıya gəlmək isə asan məsələ deyil.
Naxçıvana 250 milyon pul ayrılır, onun da 7 milyonu azaldılıb. Ermənistan isə Dağlıq Qarabağa 680 milyon pul ayırır. Nəzərə alsaq ki, Naxçıvan blokadadır, oradakı vəziyyətin nə qədər çətin olduğunu anlamaq asandır. Üstəlik, təyyarə biletlərinin qiymətini də qaldırırlar. Naxçıvanda o boyda beynəlxalq aerorport tikilib. Başa düşmürəm, niyə bizdə başqa aviaşirkət olmasın? Niyə Naxçıvandan Dubaya, İstanbula və başqa yerlərə təyyarə reysi açılmasın? Qoy, rəqabət mühiti yaransın. Mən bu məsələləri dəfələrlə qaldırmışam ki, niyə hökumət bu barədə düşünmür? Halbuki bütün bunlar üçün imkanlar var. Cəmiyyətin gündəminə bu məsələlər də gəlməlidir. Müxalifət partiyaları isə başqa məsələlərin davasını aparır. Biri deyir, o biri Rusiyanın agentidir, o biri də bildirir ki, digəri Avropaya işləyir. Yəni ölkənin ciddi problemləri kənarda qalıb, Azərbaycan müxalifətinin böyük bir kəsimi kimin müxalifət olmasını araşdırmağa çalışır. Biri hesab edir ki, müxalifət iqtidarı söyməkdir, mən isə düşünürəm ki, müxalifətçilik təkliflərlə çıxış etməkdir. Ona görə də hesab edirəm ki, biz hədəflərdən kifayət qədər yayınmışıq.
[b]- Son vaxtlar gedən müzakirələrdə Sizin partiyanızın xəttinə toxunan məqamlar var. Məsələn, Fazil Qəzənfəroğlu deyir ki, Elçibəy yolunda olan partiyalar düzgün yolda deyil... [/b]
- Kökündən yanlış yanaşmadır. Fazil bəylə bizim aramızda söhbətlər olur. Yoldaşıq, parlamentdə bir yerdə otururuq, əksər məsələlərdə fikirlərimiz üst-üstə düşür. Bir vaxtlar Fazil bəy də özünü real müxalifət sayanlardan idi, mən o vaxt ona deyirdim ki, o yol heç bir nəticə verməyəcək. Çünki qarşıdurma yolları cəmiyyətə heç vaxt xeyir gətirməyib. İndi Fazil bəyin cəmiyyətə xeyri millət vəkili kimi daha çox dəyir. Mən sevinirəm ki, ciddi qərarlar qəbul edib gələcək siyasi karyerasında dönüş addımları atdı. Fazil bəy əvvəllər qarşı tərəfi tənqid yolunu tutmuşdu, indi isə təkliflərlə çıxış edir. Hesab edirəm ki, bu, daha düzgün yoldur. İstəyərdim ki, digər partiyalar da bu yolu tutsunlar. Bəziləri o biri yolu tutub. Düzü, Azərbaycana rəngarənglik üçün bu da lazımdır. Hesab edirəm ki, onlar yeniləri ilə əvəz olunmalıdır. İsa Qəmbər bəyan edib ki, gedəcək. Düşünürəm km, bu, gecikmiş olsa da, doğru addımdır. AXC hakimiyyətinin başında duran adamlar bu gün siyasi ekspertlər, analitiklər kimi fəaliyyət göstərsələr, daha yaxşı olar.