Jurnalist-tələbə ali məktəbdən xaric edilib

img

24-01-2010 [06:00]


Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi, Poliqon İnformasiya Agentliyinin redaktoru Elmin Bədəlov oxuduğu universitet haqqında tənqidi yazı yazdığına görə təhsilini yarımçıq qoymalı olub. E.Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunması ilə bağlı əmr verilib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Neft mexanika fakültəsinin dekan müavini İ.Həsənov məlumat verib. Bildirib ki, E.Bədəlov artıq 3 imtahandan kəsilib və buna görə də rektorun əmri ilə ali məktəbdən xaric edilib. RATİ-nin "Tələbələrin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyinin də iştirakı ilə yenidən imtahan təşkil olunması ilə bağlı müraciətinə cavab olaraq İ.Həsənov bunun mümkünsüz olduğunu bildirib: "Elmin Bədəlovun ali məktəbdən xaric olunması onun 3 imtahandan kəsilməsi ilə əlaqədardır və bununla bağlı artıq rektorun əmri var. Ona görə də bu məsələ ilə bağlı hər hansı cəhdin mənasız olduğunu hesab edirəm". E.Bədəlov isə RATİ-yə bildirib ki, onun ali məktəbdən xaric olunması jurnalist fəaliyyəti ilə əlaqədardır. "Mən xüsusi komissiya ilə yenidən imtahan təşkil olunmasını və bununla da onlara mənə qarşı baş verənlərin qərəzli mövqedən irəli gəldiyini sübut etmək istəyirəm". Qeyd edək ki, RATİ-nin müraciətinə əsasən, "Tələbələrin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyi tələbə-jurnalistin imtahanının nəticələrinin xüsusi komissiya ilə yoxlanılması ilə bağlı Təhsil Nazirliyinə müraciət etsə də, hələlik bu qurumdan cavab verilməyib. Xatırladaq ki, E.Bədəlov 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında "Azərbaycan Dövlət Neft Akademiyasından reportaj" adlı məqalə yazıb. İndi isə E.Bədəlovun Dövlət Neft Akademiyasından xaric olunması ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir. Bundan sonra isə onun məhkəməyə müraciət edəcəyi ilə bağlı məlumat verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR