Firuz Mustafa:"Əksər teatrlarda gənclik ab-havası yoxdur"

img

15-11-2009 [06:45]


[b]"Teatrlarda nəsillərin formalaşdırılması və boy artımı qaneedici səviyyədə deyildir" [/b] Son zamanlar Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Ağakişi Kazımov, xalq artisti Yaşar Nuri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev "Reytinq"ə verdiyi müsahibələrində Azərbaycan teatrının üzləşdiyi problemlərdən söz açmışdılar. Biri dramaturgiyamızın olmamasından söhbət açır, başqası rejissorların kabinetdən bayıra çıxmamasından danışır, digəri isə aktyorların məşq zamanı fikrinin başqa yerlərdə olmasını qabardırdı. Bəs, bu günün teatrı dramaturq baxışında necə görünür? Bu dəfəki qonağımız yazıçı-dramaturq Firuz Mustafa da teatr problemlərdən söz açır. - Bu gün həyatımızın bütün sahələrində olduğu kimi Azərbaycan teatrlarının da problemləri yox deyildir. Amma bu problemlərin mövcud olduğunu qəbul etmək heç də hər şeyi inkar edib, olanların üstündən xətt çəkməyə əsas vermir. Həm internet, həm də mətbuat vasitəsiylə dünya teatrlarında gedən prosesləri müntəzəm izləyirəm. Keçmiş Sovetlər Birlyində elə ölkələr var ki, teatr bir sinif kimi az qala sıradan çıxmaqdadır - teatr binaları müxtəlif oliqraxların ixtiyarına verilib, iş adamları bu binaların böyük əksəriyyətini mənimsəyib. Amma Azərbaycan teatrlarının az qala hamısında təmir işləri gedib və ya getməkdədir. Bunu inkar etmək olmaz. Dövlət təmir işlərinə milyonlarla manat maliyyə vəsaiti xərcləyir. Gəlin, bir az əvvələ qayıdaq. Dövlət Gənc Tamaşaçılar Teatrı, Kukla Teatrı, Musiqili Komediya Teatrı nə gündəydi - indi nə vəziyyətdədir. Bu binalar tarixi arxitektura abidələri kimi diqqəti cəlb edir. Hal-hazırda isə Akademik Milli Dram Teatrında təmir işləri aparılır. Mən bunu həmişə demişəm, yenə deyirəm: teatr muzey deyil. Burada eksponat asmırlar ki, diqqəti cəlb etsin. İlk növbədə yaxşı əsərlərin səhnəyə qoyulması, istedadlı kollektivin yetişdirilməsi ön plana çəkilməlidir. Amma təəssüf ki, bu gün teatrlarda nəsillərin formalaşdırılması və boy artımı qaneedici səviyyədə deyildir. [b]- Nəsillərin formalaşdırılması dedikdə nəyi nəzərdə tutursunuz? [/b] - İndi teatrların əksəriyyətində ən gənc aktyorun 40 yaşı var. 50 yaşdan aşağı rejissor, 60 yaşdan aşağı isə dramaturq tapmaq müşkül məsələdi. Amma eşitdiyimə görə, son vaxtlar Akademik Milli Dram Teatrında repertuar siyasətinin yeniləşməsi və gənclərin teatra cəlb olunması sahəsində müsbət addımlar atılmaqdadır. İnsaf naminə onu da qeyd etməliyik ki, dramaturq və rejissorların formalaşması prosesinin özü bütün dünyada ləng gedir. Lakin bu da inkar olunmaz bir faktdır ki, Azərbaycanda güclü rejissorluq məktəbi olub. Həmin məktəblərin başında Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi böyük sənətkarlar dayanmışdır. [b]- Bəs, belə rejissorların davamçıları indi niyə gözə dəymirlər? [/b] - Ötən əsrin 70-ci illərində mərhum Tofiq Kazımovun rəhbərlik etdiyi teatrda görün kimlər vardı: Həsən Turabov, Hamlet Xanızadə, Hamlet Qurbanov, Səməndər Rzayev, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səfurə İbrahimova, Zərnigar Atakişiyeva və s. Onların hamısını Tofiq Kazımov özü az qala bir-bir tələbə skamyasının arxasından böyük sənət məbədinə gətirmişdi. Bu isimləri sadaladıqca ağrılı bir həqiqətlə rastlaşıram: indi adları çəkilən həmin kişi sənətkarların heç biri dünyada yoxdur. Qadınlar isə yaşayır. Təəssüf ki, onların da bəziləri teatrdan uzaqlaşıb. [b]- Uzaqlaşıb, yoxsa uzaqlaşdırılıb? [/b] - Niyə, eləsi var ki, teatrda öz fəaliyyətini davam etdirir. [b]- Xalq artisti Amaliya Pənahova Akademik Milli Dram Teatrından heç vaxt öz xoşuna getməzdi. Gör nə boyda haqsızlıqla üzləşib ki, o, canı qədər sevdiyi bu məkanı Bələdiyyə Teatrına dəyişdi... Hələ Səfura İbrahimova - o da teatrdan gedib.[/b] - Mən bu barədə məlumatsız olduğum üçün heç nə deyə bilmərəm. [b]- Bəzi rejissorlar iddia edirlər ki, teatrlara yaxşı əsər təqdim edilmir. Bu iradlarla razısınızmı? [/b] - Azərbaycan dramaturgiyasının çox gözəl ənənələri var. Dünya dramaturgiyasının beşiyi Yunanıstan sayılır: haradasa, dünya dramaturgiyasının iki min ildən çox yaşı var. Azərbaycan dramaturgiyasının isə cəmi 150-160 yaşı var. Özü də bu bünövrə Mirzə Fətəli Axundovla qoyulub. Axundov çox nəhəng simadır. Bəzən mətbuatda təkcə müasirlərimizi yox, elə klassiklərimizi də inkar edən bir əhval-ruhiyyə özünü göstərir - hətta, Axundovun da üstündən xətt çəkirlər. [b]- Amma teatrlarımızda yazıçı Elçin və onun atası İlyas Əfəndiyevin yaradıcılığına tez-tez müraciət olunur. [/b] - Əgər biz Azərbaycan dramaturgiyasını mərhələlərə bölsək, onun ən böyük simaları Axundov, Cabbarlı və İlyas Əfəndiyevdir. Bu simaların hərəsi bir mərhələdir. Amma təbii ki, bizdə Mirzə Cəlil, Cavid, Haqverdiyev, Səməd Vurğun kimi böyük dramaturqlar da olmuşdur. Hətta, dahi bəstəkar Üzeyir Hacıbəyovun özü də təkrarsız bir dramaturqdur. Bunu inkar etmək olmaz. Yəni, bunlar artıq klassiklərdir. Onların əsərlərinin bütün teatrlarda oynanılmasına təbii baxmalıyıq. Xalq yazıçısı Elçin isə müasir nəsr və dramaturgiyamızın ən görkəmli nümayəndəsidir. Elçinin "Qatil", "Poçt şöbəsində xəyal", "Arılar arasında", "Şekspir" və s. əsərləri dünyanın bir sıra teatrlarında oynanılmaqdadır. Onun "Poçt şöbəsində xəyal" adlı əsərinin yazıldığı vaxtdan otuz ildən çox vaxt keçir. Əsər yalnız son illərdə tamaşaya qoyulub. Təəssüf ki, mənim də çox sevdiyim bu əsər indiyə qədər istənilən səviyyədə oynanılmayıb. "Poçt şöbəsində xəyal"da reallıqdan öncə, irreal bir aləm-xəyal var, elə əsas güc və aksent də həmin xəyalın üstünə düşməlidir. Bəzən rejissorlar vizual olanı virtualla, virtual olanı isə vizualla qarışdırırlar. Yazıçının, sənətkarın demək istədiyini rejissor qəbul və anlamaq istəmədikdə əsər öz düzgün səhnə həllini və yozumunu tapa bilmir. [b]- Siz həmdə AYB-də dramaturgiya bölməsinə rəhbərlik edirsiniz. Müasir dramaturqlar niyə yetişmir? Yaza bilmirlər, yoxsa onların tanınmasına mane olurlar? [/b] - Cavan yazıçı və dramaturqların bəziləri mənə müraciət edirlər. Baxıram ki, əksəriyyətinin yazdıqları zəifdir. Sizə deyim ki, dramaturgiya çox çətin, mürəkkəb bir janrdı. Əsərin yazı masasından teatr səhnəsinə qədər olan məsafəni qət etməsi üçün müəllifdən böyük enerji, güc, yorulmazlıq tələb olunur. Özü də bu hələ işin texniki tərəfidi. Görünür, elə bu çətinliklər də gənclərin dramaturgiyaya və teatrlara üz tutmasını ləngidir. [b]- Əbədi mühitdə bir qrup gənc var ki, onlar yaşlı nəslin, xüsusiylə də Azərbaycan yazıçılarının böyük əksəriyyətini qəbul etmir. [/b] - Bu, məncə, qəbulolunmaz haldır. Yaxşı olardı ki, həmin bu gənclər özləri ortaya qeyri-adi bir əsər qoysun və sonra desin ki, niyə mənim bu əsərim tamaşaya qoyulmur? Axı, mən biləni ortada belə əsər yoxdur. Ona qalmış, mühafizəkar düşüncəli bir sıra adamlar da gəncləri tamam inkar edir. Deyirlər ki, onların yazdıqları nədir? Nə həyat görüblər? Hansı böyük əsərlər yazıblar? Harada tanınırlar? Əslində isə ədəbiyyatda hansısa "yaş senizi"ndən söhbət açmaq gülünc haldır. Nə gənclik, nə də ki, qocalıq hansısa bir imtiyazdan söhbət açmağa əsas verə bilməz. 70-80 yaş hər bir istedadlı qələm əhli üçün ədəbi qocalıq həddi olmadığı kimi, 20-25 yaş da bütün hallarda böyük istedaddan və ya əksinə, istedadsızlıqdan xəbər vermir. Bir sözlə, gənclik heç də bütün qapıları açacaq sehrli "sim-sim" sədası deyildir. [b]- Sizə elə gəlmirmi ki, bəzən rejissorlar teatrların repertuarlarını tamaşaçı zövqünə uyğun olaraq müəyyənləşdirirlər? [/b] - Bəli, belə bir tentensiya var. Dünya dramaturgiyasına nəzər saldıqda, görürük ki, Şeksprdən sonra əsərləri ən çox oynanılan A.P.Çexovdu. Bu statistikadır. Dünya Çexovu oynayır. Amma Azərbaycan teatrları, daha doğrusu bizim rejissorlar Çexova nadir hallarda müraciət edirlər. Fikrmi tamamlamaq üçün bu yaxınlarda diqqətimi cəlb edən bir fikri vurğulamaq istəyirəm-İlyas Əfəndiyev rejissor Tofiq Kazımov haqqında bir xatirəsində qeyd edir ki, mərhum rejissor bizim teatrlarda Çexov dramaturgiyasından daha çox Şeksprin əsərlərinə müraciət olunmasının səbəbini əsasən tamaşaçı zövqü və marağı ilə əlaqələndirirdi. Mənə də elə gəlir ki, bizim tamaşaçı daha çox dramatik kolliziyaların, coşqun ehtirasların toqquşduğu səhnələrə xüsusi maraq göstərir. Yəni, bu mənada teatrların bir çox hallarda tamaşaçı zövqünə və istəyinə cavab verə biləcək əsərlərə müraciət etməsinə təbii yanaşmaq lazımdır. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, son zamanlar Kamera və YUĞ teatrları Çexovu səhnəyə qoyub. Bir məsələni də unutmaq olmaz ki, tamaşaçı-rejissor-dramaturq tandemi teatrın bütün mövcudluq və mahiyyətini təşkil edən sütunlardır. [b]- Boş hırıltılar son zamanlar ciddi sənəti üstələməkdədir. Bunun səbəbləri nədir? [/b] - Hırıltıları təbliğ edən telekanallar. Boş və mənasız şeylərə o qədər meydan verirlər ki, ciddi sənət yaddan çıxır. [b]- Hamı telekanalları ittiham edir. Bəs, ciddi sənəti arxa planda qoyanların qarşısına dövlət niyə sədd çəkmir?[/b] - Bizdə bir sıra telekanallar öz müstəqlliklərindən istifadə edib zərərli bir yol seçiblər: mənəviyyat əvəzinə mənəviyyatsızlıq, mədəniyyət əvəzinə mədəniyyətsizlik, əxlaq əvəzinə əxlaqsızlıq təbliğ olunur. Elə buna görə də son zamanlar bu cür təmayüllərə qarşı adi tamaşaçılar və yüksək ranqlı dövlət səlahiyyətliləri ciddi iradlarla çıxış edirlər. Çox təəssüf ki, bizdə həm televiziyaların, həm də teatrların tamaşaçılarının əksəriyyətinin zövqü lazımı səviyyədə formalaşmayıb. [b]- Rejissor Ağakişi Kazımov "Reytinq"ə verdiyi müsahibəsində deyib ki, artıq teatr ölüb... [/b] - Bunu nə mən, nə də Ağakişi Kazımov heç vaxt deyə bilməz. Çünki onda belə bir sual çıxır: əgər teatr yoxdursa, onda siz teatrdan nə üçün danışırsınız? Onda nə üçün əsər yazırsınız? Onda rejissor və dramaturq kimə və nəyə lazımdır? Ağakişi Kazımov bütün ömrünü teatrda keçirmiş adamdı. O, "teatr yoxdur, teatr ölüb",- sözünü işlədə bilməz. Ağakişi Kazımov deyir ki, zaman-zaman iddia ediblər ki, artıq teatr ölüb. Amma əslində teatr ölüb, sonra yenə dirilib. Bu, həqiqətən belədir: kino meydana çıxanda dedilər ki, artıq teatr öldü. Amma teatr ölmədi. Televiziya meydana çıxanda da həmin fikir təzədən gündəmə gəldi. Amma teatr yenə yaşadı. Sonra kompüter texnolgiyası bütün həyatımıza nüfuz etdi. Teatr yenə öz mövcudluğunu qoruyub saxladı. Həmin müsahibədə bir fikir də kontekstdən çıxarılıb; guya dramaturq və rejissorların "fatihə"si verilib. Bəli, rejissor haqlı olaraq deyir ki, bir çox "teatr təəssübkeşləri" arada bir haray qoparırlar ki, bəs teatrın "fatihə"si verilib, amma əsl həqiqət bir az başqa cürdür, yəni, zaman teatrın ölümünə yox, olumuna qərar verib. Bu mənada mən deyə bilərəm ki, teatr yaşayıb, yaşayır, yaşayacaq. Bu faktı elə haqqında söhbət açdığımız sənətkarın-xalq artisti Ağakişi Kazımovun tamaşaya qoyduğu əsərlərin taleyi də təsdiq edir. [b]- Həmin müsahibədə tələbə və gənclərin yetişməsinə, onların sənət məbədinə gəlməsinə mane olan amillərdən də söhbət açıldı. [/b] - Tələblərin yetişdirilməsinə gəlincə, orada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından söhbət getmir. Teatr və sənət adamlarının formalaşmasında Mədəniyyət və İncəsənət Universitetinin rolu müstəsnadır. Bu mənada Ağakişi Kazımov teatrın problemləri ilə bağlı fikirini deyib. Teatrın problemləri var. Söhbət gənclərin sonrakı müddətdə rejissorların, teatrların diqqətindən kənarda qalmasından gedir. Bu fikirlə mən də razıyam. İstedadlılar lap gənc vaxtlarından diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bu gün əksər teatrlarda gənclik ab-havası yoxdur. [b]- Bəziləri iddia edirlər ki, dramaturqların əsərləri səhnəyə çıxana qədər çox "ciblərdən keçir"? [/b] - Tam səmimiyyətlə deyirəm ki, bu günə kimi heç bir rejissor və ya direktorla bu mövzuda heç bir "sövdələşməm" və buna imkanım olmayıb. Əlbəttə, bəzi rejissorlar tamaşalara sponsorların cəlb olunmasının vacibliyini eyham ediblər. Mən isə həmişə demişəm ki, sponsor tapmaq imkanım yoxdur. Amma sizin dediklərinizi də qəribliyə sala bilmərəm. Çünki bəzən həqiqətən teatrlarda elə zəif əsərlər tamaşaya qoyulur ki, mən buna təəccüb edirəm. Ola bilsin ki, o əsərlər elə sizin dediyiniz vasitələrlə teatrlara yol tapır. [b]- Xalq artisti Yaşar Nuri və Ağakişi Kazımov öz müsahibələrində teatr tənqidçilərinin susmasını vurğuladılar. Sizin fikriniz necədir? [/b] - Bizdə həqiqətən teatr tənqidçilərinin formalaşması və yetişməsində lənglik hiss edilir. Təsadüfdən-təsadüfə teatr problemləri və hansısa tamaşa barəsində yazılan sanballı yazıya rast gəlirəm. Bunlar sifarişlə yetişmir. Ağakişi Kazımov da bunu deyir. Deyir ki, tənqidçi qonorarla təmin edilməlidir. Digər tərəfdən, bu gün həm dövlət başçısı, həm də Mədəniyyət və Turizm Nazirliyi teatrların inkişafı üçün maliyyə vəsaiti ayırır, sənət adamlarının dolanması üçün əlindən gələni əsirgəmir. Ev, yüksək məbləğdə təqaüd, mükafat, fəxri ad alanlar çoxdur. Hətta müxtəlif imtiyazlardan istifadə edənlər də var. Qonşu ölkələrin heç birində bu göstərilənlər yoxdur. Açığı, bu imtiyazlardan ən çox populyar adamlar istifadə edir. Amma onlarla yanaşı gənclərin formalaşması və boy artımı da diqqətdə olmalıdı. Yəni, biz bu məsələyə sırf konseptual qaydada yanaşmalıyıq. Mən bir daha təkrar etmək istəyirəm ki, teatr bir sənət məbədi kim daim var olacaq. [b]Bahar RÜSTƏMLİ [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA