12-08-2009 [05:14]
Aşıq ili başa çatsa da, aşıq sənətinin inkişafı ilə bağlı verilən vədlər reallaşmayıb. Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub hələ də "Bir ev istəyirəm: ozan evi, saz evi",- deyərək, aşıqlar üçün bina axtarışını davam etdirir. AMEA-nın Folklor İnstitutunun Aşıq Yaradıcılığı şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli isə aşıq sənətinin telekanallarda yetərincə təbliğ olunmadığını deyir:
- Aşıqlar Birliyinin bina məsələsi yaxın günlərdə həll olunmalıdır. Zəlimxan Yaquba Aşıqlar Birliyi üçün çox binalar təklif edilib. Amma həmin binalar onun ürəyincə olmayıb. O istəyir ki, aşıqlar çətinlik çəkməsin, normal şəraitləri olsun. Axı, rayonlardan gələnlər də var. Həm də çox geniş tədbirlər nəzərdə tutulub. Tədirsdən tutmuş ayrı-ayrı aşıqların, hətta dünyalarını dəyişmiş ustadların yubileylərinin keçirilməsi də planlaşdırılıb. Buna görə də Aşıqlar Birliyinə böyük zalı olan bina lazımdır.
Aşıq sənəti ilə maraqlananlar çoxdur. Qaçqın, didərgin həyatı isə sənət adamlarını Bakıda birləşdirdi. Saza-sözə maraq daha da artdı.
Yaxşı yadımdadı, ötən əsrin 80-ci illərində Bakı küçələrində əlində sazla gedənə pis baxırdılar. Amma sonradan televiziyalar saz sənətinə yer verdi, tamaşaçılar tədricən saza alışmağa başladılar. Sazı sevməyən adamı qınamaq yox, ona şərait yaratmaq lazımdır.
[b]- Necə və hansı yolla? [/b]
- Bu sənətin mahiyyətini dərk etdirmək üçün saz sənətini yüksək səviyyədə təbliğ etmək vacibdir. Özü də kim gəldi deyil, yüksək sənətkarların vasitəsiylə. Cılız ifaçı təbii ki, sənətə yalnız nifrət və laqeydlik gətirər. Sazın ardıcıl təbliği isə Azərbaycanı göylərə qaldırar. Çünki saz türkün ilk alətidir.
Sazın verdiyi ilham insanın ruhuna, qanına hopur. Təbii ki, hər şəhərin də öz mədəniyyəti var. Qarabağ-muğam beşiyi, Bakı, xüsusiylə Nardaran kəndi-muğam dünyası, meyxana ilə bağlı tamam başqa bir əlamətlər var.
Gəncəbasar, Göyçə, Borçalı-aşıq sənəti burada daha çox inkişaf edib. Folklor nümunələri iqlim kimi paylanıb. Azərbaycanın folklor atlası Arif Azarovun təşəbbüsü ilə təşkil olundu. Neçə illərdir ki, Azarov Türkiyədə yaşayır. Azərbaycanın bütün folklor nümunələri həmin atlasda paylanılıb. Amma bunu bütövləşdirmək lazımdır. İndi inteqrasiyadır, xalqlar bir-birinə qovuşur. Bakı hamını qoynuna alıb, təhsil, mədəniyyət verdi. Bölgələrdə isə mədəniyyətə bağlılıq tamam başqadır. Musiqiyə, tarixə, sənətə, adət-ənənəyə bağlılıq su kimi durudu. Bu mənada sənətin özünün bölgəli vəziyyətdə qalması artıq öz fünksiyasını başa vurub. Sənət hamının olmalıdır. Aşıq, muğam sənəti bütövləşməlidir. Bu, zamının tələbidir. Bunlar bir yerə yığışanda xalq böyüyür, musiqi mədəniyyəti zənginləşir. Saz, muğam, xalq mahnıları hamıya doğma olmalıdır. Ancaq bir şərtlə ki, gərək, sənət təbliğ edilsin. Təəssüflər olsun ki, sazın təbliği çox aşağıdır.
[b]- Necə düşünürsünüz, xalq şairi, saz vurğunu Zəlimxan Yaqub aşıq sənətinə can verə biləcəkmi? [/b]
- Zəlimxan Yaqub əlindən gələni edir. Amma bəzi adamların saza münasibəti hələ də dəyişməyib.
İkincisi, bəzi telekanallar sazı hələ də "kəndçi-kündçü" sənəti sayır. Yaxud da aşıqlara təmannalı baxış var. Onlar kiminsə şələ bığlarının "altından keçməsələr", efirə buraxılmırlar. Düzü, elə telekanallar var ki, sənətə və sənətkara xidmət etsələr də, aşıq sənətini efirə vermirlər. Amma İctimai Televiziyada aşıqların yubileyləri və ayrıca aşıq verilişləri yayımlanır. Lakin aparıcı səriştəsiz və saz dünyasından xəbərsizdir. Düzdür, saz çalır, oxuyur, amma aparıcılıq tamam başqa bir işdir.
[b]- Bu məsələdə ən vacib şərt nədir? [/b]
- Aşıq sənətini kamil bilmək lazımdır. Aparıcı jurnalist deyil, mütəxəssis olmalıdır ki, qarşısındakı aşıq onun naşılığından istifadə edib, ağzına gələni danışmasın.
[b]- Bəzi aşıqların savadsız olması tədrisin zəifliyi ilə əlaqədardır... [/b]
- Dədə-babadan aşıqlar ustad yanında olub. Bu da çox önəmlidir. Aşıq Ələsgərin təhsili olmayıb. Amma o, bu sənətin uca zirvəsidir ki, ora hər adamın əli çatmır. Mən aşıqlıqda Ələsgəri Füzuli ilə müqayisə edirəm. 5-6 aşıq saya bilirik ki, ustad yolu ilə gəliblər.
[b]- Onlar kimlərdir? [/b]
- Aşıq Mahmud Məmmədov, Aşıq Mais, Aşıq Aslan Kosalı, Aşıq Məmməd Sadaxlı, Aşıq Hadi Bayramov və Aşıq Cahad. Bunlar 12-15 il ustat ənənəsi görüb. Özləri də yüklü aşıqlardır.
Həm də aşıqlarda bir qayda-qanun olub. Aşıq "mən bilmirəm" sözünü deyirsə, o, həmin anda məclisdən çıxmalıdır. Aşıqlar gecə səhərə kimi dastan danışardı. Hətta Türkiyədə "Çobanoğlu" deyilən deyişmə var. Meyxanadakı kimi qafiyəni atırlar, aşıqlar deyişir. Əvvəl qafiyə üstə, sonra isə hərbə-zorba. Uduzanın sazını alıb yola salardılar. Hanı indi bu ənənə? İndi 5-10 hava ilə məclis keçirirlər. Heç kəs öyrənmək istəmir. Yaşayan ustadların dizinin dibini kəsdirib mükəmməl bir dastanı öyrənən yoxdur. Cavanlardan istedadlıları var. Amma əlinə saz alanların hamısı aşıq deyil.
[b]- Artıq səsi YUNESKO-da da eşidilən bir sənəti nəyə görə öyrənmək itəmirlər? [/b]
- Çünki təlabat yoxdur. Toya gedib pul alır, sonra həmin pulla efirdə özünü reklam etdirir. Dövlətə isə belə aşıqlar lazım deyil. Amma telekanallar qarşısında şərt qoulmalıdır ki, meyxananı, muğamı təlbiğ etdiyin kimi, aşıq sənətinə də efir vaxtı ayır.
[b]- Folklor İnstitutu və Aşıqlar Birliyi telekanallara bununla bağlı müraciət edibmi? [/b]
- Televiziyalar vasitəsiylə keçirilən bütün müsabiqələr ayrı-ayrı adamların xeyri üçündür. SMS yığıb, pul qazanırlar. SMS olan yerdə nə sənət?! Kim istəməz ki, aşıq müsabiqəsi keçirilməsin? Keçirilsin. Amma SMS-lə aşıq seçmək olmaz. "Lider" TV keçirdi, amma münsiflər heyətinin böyük əksəriyyətinin sazdan başı çıxmırdı. Yaxud da qərəzlilik vardı. Münsif üzvü deyirdi ki, "mən burdayamsa, həmyerlim birinci olmalıdır". Bu isə münsif sözü deyil, cəmiyyəti parçalamaqdır. Yəni bütün sənətlərdə olduğu kimi, aşıq sənətində də bölgəçilik var.
[b]- Yəni Siz də bölgəçiliyi etiraf edirsiniz? [/b]
- Əlbəttə elədir. Amma belə olmaz. Sənət elə bir şeydir ki, orada yerli, elli, güllü, hətta övlad da kənara qoyulmalıdır. Xalqımızı, mədəniyyətimizi seviriksə, bölgəçilik siyasətindən çəkinməliyik. Qohumbazlıq, yerlibazlıq ömrü boyu bizi yıxıb. İş burasındadır ki, yerlibazlıq bütün sənətlərdə hökm sürür. Amma heç kəs həqiqətlə barışmaq istəmir.
Aşıq sənəti bəşəriyyətin milli dəyəri kimi qeyd olunmalıdır. Artıq son mərhələdir. 5 nəfər-Altay Məmmədli, Nemət Qasımlı, Samirə Əliyeva, Ramin Qarayev və balabançı Bəşir kişi YUNESKO-ya getdi. Zəlimxan Yaqub danışır ki, onlar oxuyanda mən sevincimdən ağlayırdım. Amma bu sevinci çoxaltmaq lazımdır. Bunun üçün bir vacib şərt var - təbliğat. Aşıq sənətini təbliğ etmək gərəkdir. Təbliğ edilməsə, aşıq sənəti itib-batacaq. Həm də yaxşısını seçmək və pisi sıradan çıxarmaq lazımdır. Mən heç kəsin zəhmətinə kölgə salmaq istəməzdim. Bu barədə dəfələrlə demişəm. Elə bilməsinlər ki, mütəxəssis olduğum üçün veriliş aparıcısı olmaq könlümdən keçir.
[b]- Niyə keçməsin ki?.. [/b]
- Uzun illər AzTV-də "Sazın-sözün sehrində", "Ustadnamə", 12 il isə "Bulaq" verilişini aparmışam. Noyabrda 40 ili tamam olur. Adam gərək, hər kəs bildiyi məsələdən danışsın.
Yanlışlıqları hamı görür, hətta Cənubi Azərbaycanda da görürlər. Cənubdan Zəlimxan Yaquba və mənə zəng edib deyirlər ki, bu nədir, niyə qoyursunuz? Axı, biz neyləyək? Zəlimxan Yaqub Aşıqlar Birliyinin sədridir, səlahiyyəti var, nəyəsə müdaxilə edə bilər. Amma elə söz deyirlər ki, adam utanır. Çox əzab çəkirəm. Deyirəm ki, bunu niyə buraxırsınız efirə. Nə mənası? Adi adamlar var ki, aşıq sənətini bütün dərinliyi ilə bilir. Məclis nədən başlayır, necə başa çatır. Müəmmalı sual verirlər: sazın başı ilə ayağa harasıdır? Aşıq isə bilmir hansı cavabı versin. Aşıq bunu bilmirsə, deməli, sənətdən də başı çıxmır. Məclisin başı divani, sonu müxəmətdi. Bunları bilməyəndən aşıq olmaz.
[b]- Azərbaycan folklorunda nə qədər sənət birləşir? [/b]
- Onu saymaq qeyri-mümkündür. Dünyada ən zəngin Azərbaycan folklorudur. Təkcə bayatılarımız dünya folklor mədəniyyətində zirvədədir. Amma bu gün Azərbaycanda deyilən bayatılar Türkiyədə də deyilir. Türk müğənniləri bizim bayatıları oxuyur...
[b]- Bu gün telekanallarda geniş təbliğ olunan meyxananı folklor sənəti hesab etmək olarmı?[/b]
- Meyxana məhəlli sənətdir və sırf Abşeronla bağlıdır. Özüdə toyun bir mərhələsidir. Bəlkə də bir az etnoqrafik mərhələsi. Qərb bölgəsində aşıq dastan danışırdısa, Abşeron toylarında meyxana deyilməliydi. Meyxana bədahətən deyişmədi, onu sırf folklor deyil, etnoqrafir folklor ənənəsi saymaq olar.
[b]- Amma xalq artisti Şeyx Əbdül Mahmudbəyov meyxananı qədim folklor sənətinin nümanəsi kimi dünyaya tanındırmaq istəyir... [/b]
- Bunu fikirləşmək lazımdır. "El içi"ndə bir fikir səsləndi ki, meyxanaya biz yiyə durmasaq, ermənilər onu mənimsəyəcək. Ermənilər mənim meyxanama yiyə dura bilər? Bu nə "Uzun dərə", nə də "Sarı gəlin"dir. Erməni sazımızı çalıb, mahnılarımızı da oxuyub. Amma meyxananı oxumaq üçün türk olmalısan.
[b]- Sizə elə gəlmir ki, meyxana ilə bağlı veriliş sözügedən telekanalda keçirilən yarışmanın ömrünü uzatmaq üçün təşkil olunmuşdu? [/b]
- Bu, təbiidir. SMS yığır, pul qazanırlar. Amma biz imkan vermərik ki, aşıq sənətini bu cür lağ-lağıya çevirsinlər. Dəfələrlə demişəm, söhbətləşmişəm. Nəsə bu aşıq məsələsi bəzilərinin xoşuna gəlmir. Aşıq düz danışır. Qabaqlar bəzi adamlar aşığa çoban sənəti deyirdilər. Hətta bəzi adamlar rəhmətlik Səməd Vurğunu da çoban sənətinin nümayəndəsi sayırdılar. Amma aşıq xalqın mənəvi sərvətidir. Qılıncımızın yanında saz var, saz isə mənəvi dünyamızın təmsilçisidir. Qəhrəmanlara güc verən, sevgililəri bir-biri ilə qovuşduran türk alətidir.
Bizlər qara zurna harayına böyümüşük. Bəzi adamlar isə bunu istəmir. Görünür, qanı qarışıqdır. Hər qan hər şeyi götürmür.
Amma mən nikbinəm. İnanıram ki, Aşıqlar Birliyinin rəhbəri Zəlimxan Yaqubun gördüyü işlər nəticəsində kəm-kəsirlər aradan qalxacaq. O zaman aşıq sənəti muğamdan da yüksək səviyyədə təbliğ olunub, müsabiqələr laureatı olacaq.
[b]Bahar RÜSTƏMLİ[/b]