Nisə Qasımova ANS-lə bağlı məsələyə aydınlıq gətirdi

img

09-08-2009 [05:46]


[b]Müğənni digər planlarından söz açsa da, bəzi məsələləri sirr saxladı [/b] Ötən həftə xalq artisti Nisə Qasımovanın ANS telekanalındakı "Xoş vaxt olun" verilişindən getməsi mətbuatın diqqətində oldu. Məsələyə sözügedən kanalın vitse-prezidenti Mirşahin Ağayev aydınlıq gətirib, Nisə xanımın həmin verilişdən getdiyini təsdiqləsə də, xalq artistinin mövqeyini öyrənmək mümkün olmadı. N.Qasımova isə bu dəfə açıqlamasında "Xoş vaxt olun"dan getmədiyini və yeni layihə ilə bağlı müzakirələrin aparıldığını bildirdi: "Məncə, buna getmək demirlər. Mən nə ANS şirkətlər qrupundan ayrılmışam, nə də "Xoş vaxt olun"dan getmişəm. Biz yeni layihə ilə bağlı yaradıcı heyətlə müzakirələr aparmışıq. Yəni həmin layihəyə başqa bir ahəng vermək lazımdır. Müzakirədə heç bir qarar verilməyib. Müzakirələrin uzandığı, qərarların isə verilmədiyi bir vaxtda belə söz-söhbətlər mətbuata çıxdı. İnanın, bu mənə çox pis təsir etdi. Guya mən kiminləsə dalaşmışam. Qətiyyən, belə şeylər olmayıb". Verilişlə bağlı dəyişikliklərə aydınlıq gətirən N.Qasımovanın sözlərinə görə, evlərdə çəkilişlər aparılmalı, həmin çəkilişlərdə "Xoş vaxt olun" ehtiyacı olan ailələrə hədiyyə verməlidir: "Fikirləşdim ki, həftə ərzində evlərdə çəkilişlər aparsam, mənə həvalə edilən işin öhdəsindən gələ bilmərəm, yorularam. Bütün bunlarsa növbəti verilişə təsir göstərə bilər. Söhbətin bu yerində gülə-gülə dedim ki, "qardaş, mən bunu bacarmaram". Zarafatyana deyilən bir söz idi. Amma bunu düzüb-qoşdular və yazdılar adıma. Hərə bir söz dedi. Biri dedi gedib, biri dedi qalıb. İnanın, hələ ki, bizim müzakirələr bitməyib. ANS-lə yenə görüşməli və bu istiqamətdə danışıqlar aparmalıyıq". Sənətkarın bildirdiyinə görə, hətta "Xoş vaxt olun" proqramının adı da dəyişə bilər: "Mümkündür ki, tamam başqa bir format olsun". N.Qasımova yaradıcılığından da söz açıb. Bildirib ki, Murad bəy adlı bir şəxsin studiyasında mahnılar yazdırır. Bir sözlə, üzümüzə gələn mövsümdə nəzərdə tutulan konsertə hazırlıqlar gedir. Bəzi sirlərini solo-konsertinə kimi açıqlamaq istəməyən sənətçi özünə cavan və ağıllı bir partnyor da seçib: "O, həm bəstəkar, həm oronjimançı, həm də musiqiçidir. Yaxın gələcəkdə bizim onunla duetlərimiz olacaq. Hazırda bu istiqamətdə işlər gedir". N.Qasımovanın sözlərinə görə, mərhum bəstəkar Ələkbər Tağıyevin yaradıcılığına müraciət etmək fikri var: "Mənim Ələkbər Tağıyevin yaradıcılığına həmişə ehtiyacım olub. Ələkbər müəllimin oğlu ilə bu barədə danışıqlar aparmışıq. Yəqin ki, həmin mahnıları cəmiyyətə təqdim edəcəyik. Amma bu mahnıları günün tələblərinə görə seçmək lazımdır. Gələcək nəsilin ifa etməsi üçün Ələkbər müəllimin çox gözəl musiqi kantataları var. Musiqi, sənət heç vaxt ölmür. Sadəcə, bir az vaxtı keçir, vaxtı keçənlər isə yenidən oronjiman olunub, cəmiyyətə yeni mahnı kimi təqdim olunur. Mən də çalışacam ki, o mahnıları yenidən ifama gətirəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA