15-07-2009 [05:36]
Teatr mövsümü başa çatsa da, teatrlarda aktyor və aktrisalar arasında qalmaqal səngimək bilmir. Elə bu sözü aktrisa Vəfa Zeynalova ilə xalq artisti Məleykə Əsədovaya da aid etmək olar. Çünki bu aktrisalar arasında başlayan ?qalmaqal marafonu? xeyli müddətdir ki, davam edir. Amma hələ də heç kim tərəflərdən hansının ədalətli olduğunu aydınlaşdıra bilməyib. Aktrisa Vəfa Zeynalova Müstəqil İnformasiya Agentliyinə verdiyi eksklüziv müsahibədə həm sənət yoldaşı ilə aralarındakı mövcud münasibətlərdən, həm də sənətindəki yeniliklərdən danışıb:
- Teatr mövsümü açılanda bir neçə tamaşamız var ki, onları quracağıq. Amma indi Yavər Rzayevin ssenari müəllifi və rejissoru olduğu ?Müqəddəs varlıq? filmində çəkilirəm. Artıq filmin çəkilişlərinin son mərhələsi də yekunlaşmaq üzrədir. Bir neçə telekanallardan və prodakşnlardan da serial təklifləri almışam. Nə rejissorunu, nə ssenari müəlifini tanımadığıma görə, hələ mənim üçün qaranlıq qalır. Başa düşə bilmirəm ki, bu kimdir və sabah çəkildiyim filmin aqibəti necə olacaq. Ona görə də hələ ki, razılaşmamışıq. Amma ciddi bir təklif olsa, əlbəttə ki, qəbul edəcəyəm.
[b]- Xarici ölkələrdən dəvət almısınızmı?[/b]
- Xarici ölkələrdən Türkiyə ilə işləyirdim. ?Üçlük? adlanan bir filmimiz var. Filmin çəkilişləri hələ başlamasa da, çəkilmə reallığı indi də qalır. Orada bir az maliyyə problemləri olduğundan çəkilişlər ləngiyir. Bundan başqa, mənə komediya janrında bir filmdə çəkilmək də təklif olunub. Bu filmin çəkilişləri gələn ayın sonlarından başlamalıdır. Amma hələ bu da dəqiq vaxt deyil. Orada cavan və səsli-küylü kənd gəlini rolunu oynamalıyam.
[b]- Sizi daha çox dramatik rollarla tanıyırlar. Komediya janrında oynamağınız çətinlik yaratmayacaq ki?[/b]
- Mən komediya janrında bir neçə dəfə oynamışam. Sadəcə olaraq, tamaşaçılar yalnız mənim efirdə oynadığım rolları görüblər. Çünki tamaşçıların çox hissəsi teatra gəlmirlər. Hətta teatrda ilk işlərimdən biri komediya janrında olub. Yəni komediya oynamaq mənim üçün problem deyil. Əgər aktrisayamsa, komediya da oynamalıyam. Daha doğrusu, bu mənim borcumdur və özümü sınamalıyam.
[b]- Yay istirahəti ilə bağlı hansı planlarınız var?[/b]
- Bu filmin çəkilişlərinə görə heç bir plan qura bilmirəm. Çünki filmdir də, bilmək olmur, sabah hansı hissəsi rejissorun xoşuna gəlməyəcək. Ola bilsin ki, haradasa bir səhnə yenidən çəkilsin. Ona görə də heç bir qərar verə bilməmişik. Amma bir neçə günlük Azərbaycandan çıxmamaq şərtilə səfalı guşələrimizdən birində uşaqlarla istirahətə gedəcəyəm. Hələlik isə rejissor icazə vermir.
[b]- Sizin üçün hansı rejissorla işləmək daha asandır?[/b]
- Mən bunu teatrdan deyə bilərəm. Bir neçə ildir ki, ancaq Bəhram Osmanlovla işləyirəm. Bəhram Osmanovla işləmək mənə çox ləzzət verir. Artıq o, nəfəs alarkən mimikasından mənə nə demək istədiyini başa düşə bilirəm. Biz bir-birimizi rahat başa düşürük. Onu itirmək istəmirəm. Bir qədər qısqanclıqla desəm - Bəhramı heç kimə vermək niyyətində deyiləm.
[b]- Düşünmürsünüz ki, bu digər həmkarlarınızın xoşuna gəlməz?[/b]
- Yox. Çünki bizim aktyor və aktrisalar hər ikimizi yaxşı tanıyırlar. Bəhram özü də bir neçə aktyorlarla işləyir. Onun üçün ən vacibi rolun xarakter baxımından aktrisaya uyğun gəlməsidir. O, aktyorla yaxşı işləməyi bacarır. Hamı bilir ki, mən meylimi hansı rejissora salıramsa, ancaq onunla işləmək istəyirəm.
[b]- Fəxri ad almamısınız...[/b]
- Məndən soruşanda ki, sən əməkdarsan, yoxsa xalq artisti, deyirəm ki, yox, mən xalqımın aktrisasıyam. Bu mənim üçün hamısından birincidir. Verirlər, vermirlər, kimə verirlər, kimə vermirlər bu həmin aktyorun işidir. Əgər layiqdirsə, dövlət görür və fəxri ad verir. Deməli, dövlətimiz də məni layiq görməyib və fəxri ad verməyib.
[b]- Bəs Siz, özünüzü fəxri ada layiq hesab edirsiniz?[/b]
- Mənim üçün fəxri adın əhəmiyyəti yoxdur. Onu mənə bu gün də versələr, sabah da versələr, heç nə dəyişməyəcək.
[b]- Məlkeykə Əsədova ilə münasibətləriniz nə yerdədir?[/b]
- Biz Məleykə Əsədova ilə bir teatrda işləyirik. Bu qədər...
[b]- Bəs münasibətlər?[/b]
- Bir teatrda işdəyirik. Teatrda təmir getdiyindən nəinki onunla, heç digər aktrisalarla da görüşmürük.
[b]- Onun belə bir fikri var idi: ?Mənim kiçik adamlara baş qoşmağa vaxtım yoxdur??[/b]
- Bu, xəstə adamın fikridir. Xəstə o insanlardır ki, özlərini böyük sanırlar. Bu, çox xəstə düşüncədir.
[b]- Digər həmkarlarınız bu mübarizədə kimi daha çox dəstəklədilər?[/b]
- Bu mübarizə deyildi. Sadəcə olaraq, mən öz fikrimi söyləmişəm. Kim bunu necə qəbul edirsə, bu onun öz işidir. Elə böyük bir problem olmadı ki, kimisə dəstəkləsinlər də. Mənim haqqımda onun nə dediyini bilmirəm. Amma yenə də öz sözümün ağasıyam.
[b]- Əslində məsələnin mahiyyətində nə dayanırdı?[/b]
- Mən demişəm ki, o müğənni deyil. Onun müğənni olmasını söyləməsi ayıbdır. O, aktrisadır və səhnədə oynaya bilər.
[b]- Hətta Sizin mobil telefon nömrələrinizdə də oxşarlıq var?[/b]
- (gülür) Nə bilim vallah. Bu yəqin ki, təsadüfdür. Başqa heç nə deyə bilmərəm.
[b]- Bilirik ki, teatrlarda əməkhaqqı çox aşağıdır. Bəs necə dolanırsınız?[/b]
- Hamı bilir ki, biz tək teatrla dolanmırıq. Sadəcə olaraq, teatra bağlıyıq, özümüzü teatrsız hiss etmirik. Həmişə deyirlər ki, teatr bizim ikinci evimizdir. Amma mən deyərdim ki, teatr bizim birinci evimizdir. Çünki biz evdən çox teatrda oluruq. Oradan aldığımız aylıq məvacib heç qadınların kosmetikasının pulunu eləmir. Filmlərdə çəkilirik, telekanallarda layihələrdə çalışırıq, ailəm, həyat yoldaşım kömək edir. Həm də özümün gözəllik salonum var ki, oradan da qazancım olur. Gözəllik salonum qızlarım Səbinə və Lalənin şərəfinə ?SL? adlanır.
[b]- Yaşlı sənətçilərin gənclərə qısqanclıqla yanaşmasının səbəbi nədir?[/b]
- Mən deməzdim ki, yaşlı aktyorlar qısqanclıq edirlər. Bilmirəm ki, bu fikir haradan yaranıb. Düzdür, hər teatrda bir nəfər bu qısqanclığı yaradır. Amma mən çox gənc ikən teatra gəlmişəm. Hətta birinci kursda oxuyanda böyük teatrda çalışırdım. Həmin vaxt yaşlı aktyor və aktrisaların ancaq köməyini görmüşəm. Həmin vaxt mənə mərhum əməkdar artist Bürcəli Əsgərov, xalq artistləri Ramiz Novruzov, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Kübraxanım Əliyeva, əməkdar artist Sənubər İsgəndərli böyük dəstək veriblər. Cavan və yaşlı olmasından asılı olmayaraq, hər şey insanın öz əlindədir.
[b]- Məleykə Əsədova Sizin teatra gəlişinizi necə qarşılamışdı?[/b]
- Çox yaxşı. Hətta bir ara dedilər ki, bizim aramızda nə isə olub. Mən heç vaxt bu qızla problem yaşamamışam.
[b]- Aktrisalar deyirlər ki, şou-biznesdə baş verən qalmaqallar teatrdakı qalmaqallarla müqayisədə çox kiçikdir. Bu doğrudan da belədirmi?[/b]
- Teatrda sənətçilər arasında söz-söhbət olur. Amma bu orada da qalır və barışılır. Bir ailə kimiyik. Ailədə də bacı qardaşla dalaşır, övlad valideynlə sözləşir. Demək istəmirəm ki, idealıq, beləyik, eləyik? Qalmaqal da olur, söz-söhbət də. Amma uzağı 3-5 gün çəkir.
[b]- Teatrın repertuarında elə tamaşa olubmu ki, rol almaq istəmisiniz, ancaq imkan verməyiblər?[/b]
- Bu bir neçə ilə əvvəl olub. ?Köhnə ev? adlanan tamaşada rol almışdım. Ana olmağa hazırlaşdığımdan oynamağım alınmadı.
[b]- Teatrda kiminsə dublyoru olmusunuzmu?[/b]
- Elə teatra ilk dəfə gələndə ?Qisas qiyamətə qalmaz? tamaşasında Məleykə Əsədovanın dublyoru olmuşam.
[b]- Sizin dublyorunuz varmı?[/b]
- Ləman adlı bir gənc aktrisa və Münəvvər mənim dublyorlarımdır.
[b]- Teatrda dublyor, müğənnilər arasında isə bekvokal qalmaqalı bir-birinə oxşamır ki?[/b]
- Xeyr. Belə şeylərə mən gülünc və səviyyəsizlik kimi baxıram. Dublyor olmaq normal haldır. Aktyor aktyora kömək etməlidir. Mən bir müddət Bəxtiyar Xanızadənin Pantomima teatrında işləmişəm. Bəxtiyar müəllimin ilk Leylisi də mən olumaşm. Həmin Leyli obrazının üstündə 10 qız oynadığını desəm inanmazsınız. Biz bunu normal qəbul edirdik. Hətta hansımızsa yeni bir əl hərəkəti tapanda digərimizə köməklik göstərirdik. Bəlkə də bu xasiyyət mənə oradan gəlir. Dublyor çox yaxşı şeydir. Çünki elə olub ki, qırx dərəcə qızdırmayla tamaşa oynamışam.
[b]- Ən sevdiyiniz tərəf müqabiliniz kimdir?[/b]
- Anar Heybətov və teatrımızın gənc aktoyru İlyas. Onlarla oynamaq çox rahatdır. Anarla bütün günü bir yerdəyik. Bir birimizin sirrini, hərəkətlərini, zarafatlarını, hətta atmacalarını da başa düşürük.
[b]İntiqam VALEHOĞLU[/b]