12-07-2009 [04:23]
Qayınatasının evində yaşayan Nicat Kazımov: "İşimi atıb, gedib kiminsə qapısını döyməliyəm? Onsuz da bilirəm ki, mənə heç vaxt ev verməyəcəklər"
Daha bir teatr mövsümü arxada qalsa da, problemlərin çoxu yenə də həll olunmadı. Bəzi teatrların birləşməsi isə mədəniyyət aləmində əməlli-başlı qalmaqal yaradıb. Teatr dövlətin tabeliyində olmalıdır, yoxsa...?
Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru Nicat Kazımovla söhbətimiz də elə bu sual üzərində quruldu.
- Teatr mütləq kiminsə olmalıdır. Sahibsiz teatr kimə və nəyə lazımdır? Teatrı tam "xozraşot" da etmək olmaz. 50-nin 50-yə daha yaxşıdır. Bu gün demək olar ki, teatrlar sahibsizdir. Məsələ direktorlarla, baş rejissorlarla bitmir. Teatrı yad ünsürlərdən qorumaq ən vacib şərtdir. Yad əsərlər, zəif aktyor və rejissorlar teatrlara ayaq açıblar. Teatrın başında duranlar heç bu barədə düşünüblər? Son vaxtlar guya ki, bu sənətə qiymət verirlər. Hanı o qiymət? Gəlin görək, o qiymət kimlərə verilir?
[b]- Bu gün dövlətdən qayğı görən bəzi sənət adamları - aktyorlar, rejissorlar, operatorlar, müğənnilər işlərini bitmiş hesab edir, işləmək istəmirlər, çalışdıqları mədəniyyət ocaqlarına gün keçirmək üçün üz tuturlar... [/b]
- Tamamilə düzdür. Onların gözündə sənət ev, ad, mükafat idi. Onu da alıblar. Daha bundan sonra cavan olub sənət eşqinə düşməyəcəklər ki. Düzdür, mən dövlətin qayğısını görməmişəm. Amma bir həqiqət var. Hollivud aktyorlarının gördükləri ilə müqayisədə dövlətin sənətə verdiyi heç nədir. Bizdə sənət meyarları itib. Bilmirsən ki, ayağını nəyə görə uzadasan. Şəxsən mən o meyarları bilmirəm. Amma fikrimcə, meyar sənət olmalıdı, yoxsa hansısa əyri yollar? İlk öncə buna cavab tapmalısan. Bilsən ki, bunlar sənətlə ölçülür, tər töküb işləyərsən. Bizdə isə hamı əyri yollarla irəli gedir. Bu sənət deyil, günkeçirməkdi. Başqalarını bilmirəm, mən inkişaf etmək istəyirəm. Amma necə? Hansı rahatlıqla?
[b]- Rahatlığınız yoxdur ki? [/b]
- Haradan? 20 ildir bu teatrda işləyirəm, amma qaynatamın evində yaşayıram. Dövlət bilmir ki, Nicat Kazımovun evi yoxdur? Teatra nə qədər mükafatlar gətirmişəm. Amma dövlət evi 2-3 yerdə mənzili olanlara verir. Gör, iş hansı yerə çatıb ki, prezidentin verdiyi evi bəziləri qarderob edir, mənsə yaşamağa ev tapmıram. Budur rahatlıq? Mən işimi atıb gedib kiminsə qapısını döyməliyəm? Onsuz da bilirəm ki, mənə heç vaxt ev verməyəcəklər.
[b]- Həqiqəti demək Sizə mane olur?[/b]
- Həqiqət... Bu sözün özü boyda saflığı var. Sözü üzə demək bütün normal adamlarda olmalıdır. Təəssüf ki, bizdə sözü üzə deyən yox, gəzdirən daha çoxdur. Onun-bunun arxasınca danışıb ev yıxanların isə sayı-hesabı yoxdur. Demirəm ki, kiməsə nəsə verməsinlər. Halal xoşları olsun. Yəqin onlar bizdən daha "layiqlidir". "Layiq" olmasalar, xalq artisti kimi fəxri ada yüksəlməzlər...
[b]- Bu gün teatrı necə yaşatmaq olar? [/b]
- Bu gedişlə teatrlar məhv ola bilər. Televiziyaların bizə köməyi lazımdır. Teatrlara yuxarıdan sifarişlə əsər gəlməməlidir. Bu, teatrları məhvə aparır, tamaşaçılarımızı bizdən uzaqlaşdırır.
[b]- Bunu direktor həll edir, yoxsa baş rejissor? [/b]
- Hər ikisi. Amma bəzən dövlət sifarişi ilə tamaşalar səhnəlişdirmək də teatra başucalığı gətirir. Məsələn, "Pəri-cadu" kimi uğurlu tamaşa özü də dövlət sifarişidir.
[b]- Sifariş kimdən gəlir? [/b]
- Teatr təklif edir ki, mən filan əsərə müraciət etmək istəyirəm. Dövlət də ona maliyyə vəsaiti ayırır.
[b]- Teatrlarda reklam işi də "axsayır". Bununla razısınız? [/b]
- Reklam nə qədər çox olsa, daha çox iş görmək olar. Çünki gözəl əsərlər səhnəlişdirilir, amma tamaşaçı bundan xəbərsizdi. Əgər telekanallarda bu barədə məlumat yayımlanmırsa tamaşaçı onu hardan bilsin. Mübariz Həmidov teatra direktor gələndən 3 ay sonra bina təmirə dayandı. Bu müddət ərzində televiziyalarla əlaqə saxladıq, əsərlərlə bağlı reklam şitləri yayımladıq. O vaxt 10-15 tamaşa oynadıq, teatrın kassasında bilet tapılmırdı. Təsəvvür edin ki, biletlər kassadan alınıb qapıdan baha qiymətə satılırdı. Teatr təmirə dayanan kimi tamaşaçıları itirdik. İndi bilmirəm necə olacaq. O, tamaşaçılarımızı geri qaytarmağın yolunu tapa biləcəyikmi?
[b]- Teatrın girişində, zalında reklam şitləri yerləşdirmək mümkün deyil? [/b]
- Ola bilər, amma bu kiçik reklamdır. Bizim istədiyimiz effekti verməyəcək. Hazırda monitorlar quraşdırılır, bina açılanda hər şeyi biləcəyik.
[b]- Cənnət Səlimova Gənc Tamaşaçılar Teatrının adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürdüyünü deyir. Teatrın yaradıcı heyətinin bu təklifə münasibəti necədir? [/b]
- Bəyəm, yaşlı tamaşaçı teatra gələndə onu qapıdan qaytarırlar? 80 yaşlı teatrın bundan sonra adını necə dəyişəsən. Bu məkanda 20 ildir can qoyan insan kimi teatrın adının dəyişməsinin əleyhinəyəm.
[b]- Yəni, bu teatr üçün yaş kateqoriyası yoxdur? [/b]
- Qətiyyən. Heç janr kateqoriyası da yoxdur. Hər şey hazırlaya bilər. Dövlət bizə hər bir janrda tamaşa hazırlamaq imkanı verir. Faciə, dramatik əsər, pantomima, hətta istəsək balet də hazırlaya bilərik. "Namlet"i mən hazırlaya bilərəm. Gənc Tamaşaçılar Teatrı üçün belə hədd yoxdur. Pantomim teatrı bu gün sözlü tamaşa oynayır. Ona kim qadağa qoya bilər? Bəyəm biz Üzeyir bəyin "Arşın mal alan"ını səhnələşdirə bilmərik? Bu mənim arzumdu. Gəlin görək, bu gün hansı teatrların aktyorları bizim kollektiv kimi səhnədə hərəkət edə bilir? Ən maraqlısı odur ki, bizim aktyorlarımız qocalmır.
[b]- Nədir bunun sirri? [/b]
- Səhnədə siçan, pişikdən tutmuş daha nələr oynamırıq. Elə aktyorlar var ki, epizodik rolları özlərinə sığışdırmırlar. Onun başını kəssən, Gənc Tamaşaçılar Teatrında bircə rol oynamaz. Soruşanda deyər ki, adıma ləkə gələr. Amma bizim teatr çoxşaxəlidi. Pantomima teatrından çıxandan sonra rəhmətlik Həsən Turabov məni "Azdrama"ya dəvət etdi, getmədim. İşləyə biləcəyim yeganə teatr məhz bura idi. Bu teatrda mən əməlli-başlı əl-qol ata bilərəm. Balaca vannanın içərisində deyil, böyük bir okeanda üzürəm.
[b]- Deyəsən, quruluş verdiyiniz tamaşaların sorağının xarici festivallarından gəlməsi də bu "okean"ın təsiridir? [/b]
- Məsələ getməklə bitmir. Əsas odur ki, həmin festivallardan necə qayıdırsan? Nəticə hər şey deməkdi. Bu yaxınlarda Kazanda Türkdilli Xalqların Teatr Festivalında iştirak etdik. Özbəklərdan başqa bütün türkdilli xalqlar gəlmişdi. Hətta Türkiyədən iki, Qırğızıstandan üç teatr iştirak edirdi. Kamal adına teatrdan mənə dəvət gəldi. Elə oradaca mənə dedilər ki, "Pəri-cadu" bu teatrda səhnəyə qoyulmalıdı. Nəticə budur. Üzümüzə gələn mövsümdə İsaq İsaqovla gedib həmin tamaşanı orada səhnələşdirəcəm. Açığını deyim ki, bu dəvət gözlənilməz oldu. Ankaradan da bir dəvət var - "Ələddinin sehirli çırağı"nı istəyirlər. Ümid edirəm ki, yeni mövsümdə bu tamaşa bərpa olunacaq. Türkiyədə keçiriləcək Türkdilli Xalqların Festivalında isə "Ana qaz" və "Xeyir və şər" olacaq. Artıq bu kimi təkliflər Azərbaycan teatrı barəsində fikirlərin dəyişməsinə işarədir. İştirakçısı olduğum festivalda bu açıq-aşkar dilə gətirildi. Festivallara getək yaxşıdır, çünki gedib öz qazanında deyil, başqalarınkında qaynayırsan. Özünü başqaları ilə müqayisə edirsən.
[b]- Festivalda razı qalmadığınız tamaşa oldumu?[/b]
- Əlbəttə. Məsələn, qırğızların bir tamaşası vardı-"Manqurt", hamı tərifləyirdi. Baxdım, xoşuma gəlmədi. Amma qırğızların başqa bir tamaşası - "Məkkəyə gedən uzun yol" adlı əsərləri ürəyimcə oldu. Eksperimental bir iş idi.
[b]- Beynəlxalq festivallar keçirilən ölkələrin səhnələrindən baxanda Azərbaycan teatrı necə görünür? [/b]
- Orada teatrlara həddindən artıq pul xərclənir. Dekorasiyalar çox monumentaldır, kənardan baxanda konstruksiyalar dəhşətdir. Öz-özünə deyirsən ki, onlar necə işləyirlər? Bizdən çox maaş alırlar. Onlarda rejissor diktaturasından çox nizam-intizam var. "Damda skripkaçı" adlı bir tamaşa vardı. Tanınmış aktyorlardan biri orada baş rolda oynayırdı, başqa bir tamaşada isə epizodik obraz yaradırdı. Bunu bizdə edərlər? Xalq artistinin öldürsən də, epizodik rolda oynamaz. Daha bu bədbəxt bilmir ki, səhnə hər şeydən üstündür. Aktyorlarımızın bir bəlası da var...
[b]- Bəla? [/b]
- Səhnəyə özlərini göstərmək üçün çıxırlar.
[b]- Hər il yeni mövsüm açılışında eyni adamların şablon sözləri eşidilir. Bu mövsümdə necə, fərqli fikir deyiləcək? [/b]
- 10 il bundan sonranın planları hazırdır. Amma mənə onları təqdim etmək üçün imkan verəcəklərmi? Bir ildən yuxarıdır ki, "Kabuslar" tamaşasını məşq edirəm. Əsər komediyadır, mənsə həmin əsərdən faciə hazırlayıram. Sağ olsun, Kazım müəllim Mahnı Teatrında mənə yer verdi. Kinostudiyada o soyuqda məşqlər edirdik. İndi məşqlər dayanıb.
[b]- Nəyə görə? [/b]
- Cənnət xanım deyir ki, bina açılsın sonra. Mən buna məcburam? Azərbaycan teatrında görünməyən bir əsər səhnələşdirirəm. Məşqin dayanması isə əlimi-qolumu bağlayıb.
[b]- Gənc Tamaşaçılar Teatrında yeni təyinatlara münasibətiniz necə oldu? [/b]
- Mən o vəzifəyə iddialı adam deyildim. Teatrda Loğman Kərimovdan sonra üç rejissor vardı - Vaqif Əsədov, Rafiq Əliyev və mən. Gənclər Teatrı birləşdi, bir rejissor da onlardan gəldi. Cənnət xanımla bərabər 5 rejissorumuz var. Kamera Teatrı da birləşəndən sonra biri də onlardan gələcək - İrina Perlova. Hər halda onlar bizə birləşib, biz onlara deyil. Vaqif Əsədov, Rafiq Əliyev baş rejissor ola bilərdi. Amma... Teatrın binasında yer var idi, verəydilər Kamera Teatrına, vəssalam.
[b]- Cənnət xanım səhnəyə üç teatrın aktyorlarının rol alacağı tamaşa qoymaq istəyir.[/b]
- Bütün tamaşalar elə ola bilməz. Elçinin "Ağ dəvə", "Mahmud və Məryəm" və "Ölüm hökmü" adlı əsərinin hər birində 50 aktyor rol almışdı. "Ana qaz", yaxud da "Pəri-cadu" tamaşasında mən bu qədər aktyordan istifadə edə bilmərəm. Bu halda normal rol və tamaşadan söhbət gedə bilməz.
[b]Bahar RÜSTƏMLİ [/b]