Hadisə pərəstizkarlarını məyus etdi

img

11-07-2009 [12:23]


[b]Aysel Teymurzadə isə daha çox parıldayan alt paltarı ilə diqqəti çəkdi[/b] "Eurovision-2009"da Türkiyəni təmsil edən gənc müğənni Hadisə Açıqgöz iki gün əvvəl Bakıda konsert verdi. Türkiyəli "ulduz"un konserti indiyə kimi iki dəfə təxirə salınsa da, nəhayət, o, azərbaycanlı pərəstişkarlarının qarşısına çıxdı. Srağagün Yaşıl Teatr Konsert Kompleksində "Eurovision həyəcanı Bakıda" adlı konsertdə baş verənlər isə tamaşaçıları məyus etdi. "Reytinq" qəzetinin konsertdə olan əməkdaşı da bu hadisələrin şahidinə çevrilib. Qeyd edək ki, konsert media nümayəndələrinə qarşı sərgilənən saymazyana münasibətlə yadda qaldı. Saat 19:30-da Yaşıl Teatra təşrif buyuran media nümayəndələri təşkilatçıların məsuliyyətsizliyi üzündən təxminən, iki saata yaxın ayaqüstə qaldılar. Burada diqqətçəkən məqam isə ondan ibarət olub ki, tamaşaçılar biletlə deyil, sifarişlə Yaşıl Teatra buraxılıb. Media nümayəndələri qapıda saxlanıldıqları vaxt ərzində onlarla insan sadəcə tanışlıq və qohumluq prinsipləri əsasında Yaşıl Teatra daxil ola biliblər. Bu isə konsert biletlərinin az satılmasından xəbər verirdi. Tamaşaçıların əllərində olan biletlərin üstündə isə qiymət əvəzinə 0 AZN yazılmışdı. Belə çıxır ki, Hadisə xanımın konsertinin biletləri pulsuz paylanılıb. Biletlərin qiyməti isə bütünlüklə sponsorlar tərəfindən ödənilib. Bu, səhnədən də açıq-aşkar görünürdü. Səhnənin 4 tərəfində reklam şitlərinin üstündə yazılan "Bank of Azerbayjan" sözləri hər şeyi sübut edirdi. Saat 20:00-a planlaşdırılan konsert saat 21:40-də başladı. Bu vaxtadək, tamaşaçılar dəfələrlə boş səhnəni yüngülvari alqışlayaraq, Hadisəni səslədilər. Müğənninin gecikməsi isə tamaşaçıları qəzəbləndirdi. Hətta arxa cərgədən qışqırırdılar: "Adam öz xalqına hörmət edər. Bu nə biabırçılıqdı? Təyin etdiyiniz vaxtdan iki saat keçir. Bizi ələ salmısınız". Səhnədə isə qoruyucu və təşkilatçılardan başqa gözə dəyən yox idi. Saat 21:40-da dörd rəqqasın müşayiəti ilə səhnəyə çıxan Hadisənin fonoqramla oxuması isə hamını təəccübləndirdi. Bu zaman 4 mahnı oxuyan Hadisənin səhnəni Aysel Teymurzadəyə verərək aradan çıxması isə gözlənilməz oldu. Ayselin fonoqramından çox alt paltarının parıltısı diqqəti çəkdi. Hər iki xanım həmkar arasında olan qısa şablon dialoqdan sonra Aysel də bir mahnı oxumaqla işini bitmiş saydı. Antraktdan sonra bir neçə gün bundan əvvəl dünyasını dəyişən Maykl Cekson rəqqasların rəqsi ilə yad edildi. Daha sonra səhnəyə gələn Hadisə bir neçə mahnı oxumaqla kifayətləndi. Tamaşaçıları özündən çıxaran isə qonaq müğənninin sanki minnətlə, "istəsəniz bir az da qalaram",- deməsi oldu. Tamaşaçıların könülsüz alqışlarından sonra bir az tərəddüd edən Hadisə canını dişinə tutaraq, bir mahnı da ifa etdi. Sonda isə tez-bazar sağollaşaraq, səhnədən və Yaşıl Teatrdan getdi. Konsert zamanı Hadisənin etdiyi bir ayrıseçkilik isə hamının diqqətini çəkdi. O, konsert boyu səhnəyə gül aparan onlarla azərbaycanlı tamaşaçıların heç birini öpməyərək, sağol deməklə kifayətləndi. Amma kiçik bir gül dəstəsi verən türkiyəli uşağı məth etməklə yanaşı, tamaşaçıları onu alqışlamağa da məcbur etdi. Bir sözlə, Azərbaycan xalqının "Eurovision"da 12 xal verdiyi Hadisə öz konsertində tamaşaçıları təhqir etmiş oldu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA