Canəli Əkbərov: "Bu, ölüm hökmündən də ağırdır"

img

05-07-2009 [02:48]


[b]"Bilsəydim muğamda belə hərci-mərcilik, müştəbehlik baş alıb gedəcək, bəlkə də bu sənəti seçməzdim" [/b] "Nəva" muğamı ətrafında yaranmış fikir ayrılıqları sənət adamları arasında davam etməkdədir. Xanəndələrin bəziləri "Nəva"nın Azərbaycana aid olmadığını desələr də, digərləri bu fikirə qarşı çıxırlar. İRS Folklor Ansamblının rəhbəri Sidqi Mustafayev isə iddia edir ki, "Nəva"nı muğam ifaçılarımız oxuya bilmədikləri üçün qəbul eləmək istəmirlər. O, hətta bir müddət əvvəl "Reytinq"ə verdiyi müsahibəsində demişdi ki, bu muğamı dərslik proqramına saldırmaq fikrindədir. Mədəniyyət və İncəsənət Universitetinin Muğam kafedrasının müdiri, xalq artisti, professor Canəli Əkbərov isə S.Mustafayevin dediklərinin fantaziya olduğunu düşünür: - Azərbaycanın xanəndəlik sənətində "Nəva" adlı muğam çalınıb-oxunmayıb. Əgər çalınıb-oxunsaydı, şəxsiyyəti, sənəti bizə qədər gəlib çatan, xanəndəlik sənətinin bayraqdarı olmuş Cabbar Qaryağdıoğlu bu muğamı oxuyardı. Əgər məsləhət olsaydı, bu qədər işlər görən Cabbar Qaryağdıoğlu "Nəva" muğam dəstgahını oxuyub, millət, xalq üçün qoyub gedərdi. Bu gün dillər əzbəri olan muğamlar kimi "Nəva" da yaşayardı. [b]- İRS Folklor Ansamblının rəhbəri Sidqi Mustafayev "Nəva" muğamının Azərbaycan mədəniyyətinə məxsus olduğunu iddia edir...[/b] - Bu, Sidqi Mustafayevin fantaziyasıdır. Mən başa düşə bilmirəm ki, Sidqi nəyə görə inadkarlıq edib, bizim olmayan bir şeyə necə sahib çıxmaq istəyir? "Nəva" bizim deyil. Tarixə nəzər salanda görürsən ki, ayrı-ayrı muğam biliciləri "Nəva" muğamı barəsində müxtəlif fikirlər səsləndiriblər. [b]- Bəs, sonradan Əhməd Bakıxanovu İrana hansı məqsədlə göndərmişdilər? [/b] - Onu bilmirəm. Bir onu bilirəm ki, Əhməd Bakıxanovun musiqi duyumu iti olduğu üçün İran xanəndələrinə və musiqiçilərinə çox qulaq asıb. Əhmədxan Azərbaycana köçəndən sonra onun İrandan gətirdiyi rənglər və dəramətlər bu gün də bizim əlimizdən tutur. Çünki gələn kimi, ansambl yaratdı və gətirdiklərini nota köçürdü. O cümlədən də "Nəva" muğamını. Yaşının son məqamlarında isə Əhmədxan "Nəva"nı çalmağa başladı. Amma "Nəva" muğamı oxunmayıb, ancaq çalınıb. Biz də həmin "Nəva"dan "Şur"un bərdaşında istifadə edirik. Fonotekada mənim "Şur" muğam dəstgahım var, orada "Nəva"dan istifadə etmişəm. Düzdür, bəzi adamlar var ki, "Nəva"nı oxumaq üçün sinələrinə döydülər. Amma öyünməkləri elə səsləri kimiymiş. Heç biri oxumadı. Günlərin birində isə Rəşid Behbudov adına Mahnı Teatrında "Nəva"nın təqdimatı keçirildi. Orada mən, əks qütbdə duranlardan oldum və fikirlərim bəyənildi. [b]- Sözlərinizdən belə çıxır ki, bütün muğam ifaçıları Sizin tərəfinizdə olub? [/b] - Bəli. Çünki bilirdilər ki, haqlıyam. Orada oxunan "Nəva" muğamında səslər bir-biri ilə uzlaşmırdı. Hadisələr səs zövqündə başqa-başqa elementlərdən xəbər verirdi. Ən böyük faciə isə heç vaxt muğam oxumayan və bu sənətdə ad-san qazanmayan bir ifaçının birdən-birə "Nəva" muğamını oxuması idi. Adam, ələlxüsus da sənətkar olan insan bir işin altına girəndə əvvəlcədən yaxşı-yaxşı düşməlidir. [b]- Söhbət Dağıstanın əməkdar artisti, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Əbülfət Oğuzdan gedir?[/b] - Əlbəttə. Bəlkə düz demirəm? Tarixə nəzər salanda görürük ki, ictimai-siyasi proseslər nəticəsində muğamlar deformasiyaya uğrayıb. Yəni iri şöbələr bəzən dönüb bir guşə, bəzənsə balaca şöbə böyük bir şöbəyə çevrilib. Bəzən də bir şöbə bir muğam dəstgahını xatırladıb. Vaxt vardı ki, "Şur" muğamında 30 şöbə və guşə olub. İndi say baxımından 8-9 guşə qalıb. O vaxt "Dilruba" da oxunmayıb. Amma tədrisdə bundan istifadə edirik. [b]- Sidqi Mustafayev deyir ki, xalq artisti Alim Qasımov "Nəva"nı oxumağa söz versə də, sonradan vədinə əməl əməl etməyib. [/b] - Eşitmişəm. Deyirlər ki, Alim Qasımov bu muğamı oxumaq istəyib, amma sonradan fikrindən daşınıb. Hər halda, nəsə düşünüb ki, fikrindən yayınıb. Bir iranlı vardı, dedi ki, "Nəva"nı oxuyacaq. Günlərin birində onunla rastlaşdım. Dedim ki, bir şələ bığın var, onu güclə gəzdirirsən, bu bığın sahibi "Nəva" oxuya bilər? Bilsəydim muğamda belə hərci-mərcilik, müştəbehlik baş alıb gedəcək, bəlkə də bu sənəti seçməzdim. Bir yandan dövlət muğama diqqət ayırır, istər gənclərə, istərsə də bizlərə qayğı göstərilir, digər yandan isə telekanallar bu işə soyuqqanlı yanaşırlar. Nəzarət yoxdur, həmişə efirdə eyni adamlar görünür. Elə sovet vaxtında da beləydi. Nə dəyişildi? O vaxt dövlət tədbirlərində oxuyanlar, bu gün ortada olanlardır. Düzdür, ortada olanların arasında tələbələrimiz də var. Amma Fransaya, Kanadaya, Moskvaya mədəniyyət ongünlüyünə eyni adamlar dəvət alır. Belə olmaz, canım! On dəfə onlar olanda bir dəfədə biz olmalıyıq. Şükür Allaha, qocalmamaşıq, səsimiz öz tabeliyimizdə, bədii zövqümüz isə göz qabağındadır. Əgər Canəli Əkbərov da dövlət tədbirlərində, ölkədən kənarda keçirilən mədəniyyət ongünlüklərində yoxdursa, bu, ölüm hökmündən də ağırdır. [b]- Sizcə, arxa planda qalmanızın səbəbi yaşla bağlı deyil ki? [/b] - Deyə bilmərəm. Yaşlı nəsil odur ki, beli bükülər, səsi batar, danışığını və özünü idarə edə bilməz. Məncə, sadəcə olaraq, aşağı eşalondakılar bu işə soyuqqanlı yanaşırlar. [b]- Sözlərinizdən belə başa düşülür ki, Azərbaycanın muğam sənətində də manapoliya və manapolistlər var? [/b] - 100 faiz. Dostbazlıq, yerlibazlıq muğam sahəsində də mövcuddur. Bu isə bizi məhvə aparır. [b]- Xalq artisti Alim Qasımov ATV-nin efirdən muğamın başında dayananlara müraciət edərək, dedi ki, Şirvan, Qarabağ və Bakı məktəbi ilə bağlı suallara son qoyulsun. Sizin fikriniz necədir? [/b] - Çox düz deyir. Amma bu, Alimin dilindən çoxdan səslənməliydi. O, bu məsələdə bir az gecikib. Sözün düzü, mən bu fikri Alimdən çox-çox əvvəl canlı efirdən demişəm. Onlar mənim sözümdən adımı çəkmədən çıxarış edirlər. Millət həmişə Qarabağ xanəndələri ilə fəxr edib. Bu gün isə nə Qarabağ, nə Şirvan, nə də Abşeron muğam məktəbi var. Görəsən, biz, xırdalana-xırdalana hara gedib çıxacayıq? Efirə baxan kimi bu sənətdəki ayrıseçkiliyi görürsən. Hərənin öz "kruqu" var. Mənim anam ölsün, hansı günahın sahibiyəm ki, lənkəranlıyam? Mən, Azərbaycan muğamının möhtəşəm ifaçısıyam. Buna nə göyərtisatan, nə də şəkərsatan şübhə edə bilər. Amma qoy, yatmışlar oyansın. Azərbaycanın böyük muğam məktəbi var və onu məhdud çərçivəyə salmaq olmaz. Gözümü açıb, atamı monimental muğam ifaçısı görmüşəm. Ondan bəhrə almışam. Babam da muğama xidmət edib. Amma indi meydanda tək qalmışam, çünki lənkəranlıyam. Mənə muğam oxumaq olmaz? Bunu kim deyir? Muğam Azərbaycan xalqının ilham mənbəyi, onun bədii zövqünün sığalı və tumarıdır. Xan əmi Lənkərana gələndə 12 yaşım vardı. Başına düz çevirdilər. Biz bunu necə başa düşək? Deyək ki, Lənkəranda muğam olmadığı üçün Xan əmini başa düşmədilər? Bu söhbətlərə son qoymağın vaxtı keçib. Alim Qasımov bu sözü çoxdan dəməliydi. Onun susması bəzilərinə meydan verdi. Alim Qasımov çıxışında mənim adımı çəksəydi, deyərdim əla. Əslində onun mənim adımı çəkməsinə ehtiyacım yoxdur. Amma mən, Şirvanda minlərlə insana xeyir-dua vermişəm. Məclislərinin başında oturmuşam. Onda Alim yox idi. Heç Alimin anası atasını sevməmişdi də. Şirvan əhli hörmətimi indi də saxlayır. Çünki Şirvanda söz mədəniyyəti var. Bir muğamımız, sərvətimiz var, onu niyə hissələrə bölməliyik? Onu bütöv saxlamaq lazımdır. Yoxsa Əlibaba Məmmədov kimi. O, deyir ki, xanəndənin səsi, xırdalığı və zənguləsi olmalıdır. Amma Əlibaba Məmmədov bunların hamısından məhrumdur. Səsi yox, diapozunu yox, zənguləsi yox, xırdalığı yox. Bizim muğamımızda dəstgahlar mövcuddur. Məsələn, "Rast" dəstgahının başlanığıcı və kluminasiyası var. Ay səsi olmayan xanəndələr! Ay səsi ancaq söyüşə və adam çağırmağa yarıyan xanəndələr! Sizin səsinizdə insana bədii estetik zövq verə biləcək elementlər yoxdur. Siz axı muğamdan niyə danışırsınız? Muğamın iki şöbəsini oxuyursunuz, bəs, yerdə qalan şöbələri kim oxuyub xalqa çatdırmalıdır? Hər bir dəstgahımız iri həcmli romandır. Siz bu romanı axıracan oxuya bilməyəcəksinizsə, onu vərəqləməyin nə mənası? Muğam da belədir. "Rast" muğam dəstgahını "Dilkəş"ə kimi oxudun, bəs, sonrakı hissələr? [b]- Muğamları axıracan oxumaq üçün xanəndələrin səs imkanları yoxdur, yoxsa... [/b] - Səs imkanları yoxdur. Allah həmin şəxsə bu istedadı verməyib. "Rast" muğamının "Əraq" şöbəsində nikbin əhval-ruhiyyə yaradan, insanı cəsarətə gətirən, heyrətləndirən və qeyrətləndirən oxu növü var. İnsanı döyüşə hazırlayan oxumaq var, onu hansı səslə etsin? Yoxdur, axı. Amma gəl ki, böyük-böyük danışırlar. [b]- Xalq artisti Əlibaba Məmmədov bütün xanəndələri bir məsələdə ittiham etmişdi. Demişdi ki, 100-ə qədər mahnı bəstələyib, amma özü də daxil olmaqla, heç bir muğam ifaçısı bircə muğam yazaraq, ortaya çıxara bilməyib. Sizcə, qəzəllər olan yerdə muğam yazmaq bu qədər çətindir? [/b] - Gör, mahnı yazmaq nə qədər asandır. Hər yerindən duran mahnı yazır. Biri deyir 100, digəri iddia edir ki, 300 mahnı yazıb. Mən də yazıram. Amma muğam rəngləri və dəramətlər. Molla Pənah Vaqifin, Zəlimxan Yaqubun, Əliağa Vahidin sözlərinə mahnılar yazmışam. Amma bu günə kimi deməmişəm ki, mən mahnı yazmışam. Çünki utanmışam. [b]- Kimdən, nədən? [/b] - Seyidin, Rauf Hacıyevin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Səid Rüstəmovun ruhundan. Yazdığım mahnıları təsnif adlandırmışam. Amma bir şey var. Əgər mən muğamı yaxşı oxuyuram və səsimin tərkibində bədilik varsa, deməli, mən varam. Bizim xalqımızda belə bir xasiyyət var. Deyir filankəsin səsi tüklərimi biz-biz etdi. Bir haşiyə çıxım: neçə il bundan əvvəl toydaydım. Biri mənə yaxınlaşdı ki, xəstəyəm, mənim dərmanım "Zabul" segahıdır, bəlkə dərdimə əlac edəsən. Oxudum. Əgər mənim səsimin tərkibində milli karolitlik yoxdursa, o, mənə niyə bu sözü dedi? Biziləri isə deyir ki, biz də xanəndəyik. Düzdür, onlar xanəndədir, amma səsləri söyüş üçündür. "Şur" dəstgahında "Bəyatı-Kürd"ü oxudun, bəs, yerdə qalan "Simaye-Şəms"i, "Hicaz"ı, "Sarənc"i, "Qəmərgiz"i kim oxumalıdır? [b]- Sadaladıqlarınızı oxuya bilənlər azdır? [/b] - Səsli xanədələrimiz var. Elə adamlar var ki, sovet dövründən ta bu günə kimi "Rast"ı özünə sərf edən tərzdə oxuyub. "Rast"ın "Ərəb" şöbəsinə kimi gedir, ordan bir başa geri qayıdır. Belə çıxır ki, ondan sonra gələn şöbəni oxumaq üçün başqa adam çağırmalıyıq. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR