isa Qəmbər:"Taleh Şahsuvarlı ədəbiyyatda mühüm yeniliklər edib"

img

28-06-2009 [05:26]


"Mədəniyyət" qəzetinin son sayında üç gənc yazarın - Taleh Şahsuvarlı, Qaraqan və Elçin Səfərlinin əsərləri kəskin tənqid olunub. Maraqlıdır ki, həmin yazıda müəllif Sabutay Nağıyev son zamanlar gənc yazarlar tərəfindən çap etdirilən üç əsərin bədii məziyyətlərini peşəkar səviyyədə təhlil etməkdən daha çox adıçəkilən müəlliflərin yaradıcılığına kölgə salmağa çalışıb. Onun bu yanaşması isə özünü postmodernist adlandıran bəzi yazarların Taleh Şahsuvarlı və Qaraqan imzalarının ədəbiyyatda populyarlaşmasına qarşı davranışları ilə üst-üstə düşür. Odur ki, gənc yazarların əsərlərinə nüfuzlu şəxslərin münasibətini öyrənmək qərarına gəldik. Ədəbi tənqidin avtoritetlərindən hesab olunan Əsəd Cahangir bizimlə söhbətində qeyd etdi ki, uzun müddət Azərbaycan ədəbiyyatında postmodernizmlə bağlı manipulyasiyalar mövcud olub. Lakin Taleh Şahsuvarlının "Canlanma" əsərinin çapdan çıxması bu sahədə ciddi bir irəliləyiş yaradıb: "Onun postmodernizmin nəzəriyyəsini dərindən bilməsi və əsərində ondan peşəkarlıqla istifadə etməsi uğurlu bir nəsr nümunəsini ortaya qoymasına şərait yaradıb. Düzdür, əsərdə müəyyən qüsurlardan və kəm-kəsrlərdən danışmaq mümkündür. Amma bütün bunlara baxmayaraq, cavanlar arasında yeganə müəllifdir ki, ilk qələm təcrübəsi ilə bu cür uğurlu əsər yazıb. Onun kitabını oxumuşam və çox bəyənmişəm". Müsavat Partiyasının başqanı İsa Qəmbər gənc yazarların yaradıcılığın izləməyə çalışsa da, onların hamısının kitabını mütaliə etməyə vaxt tapmayıb. Bununla belə "Canlanma" əsərini təzəcə oxuyub və onu yüksək qiymətləndirib: "Mən bu sahənin mütəxəssisi olmasam da, bir oxucu kimi deyə bilərəm ki, Taleh Şahsuvarlının kitabı bir təşəbbüs kimi çox xoşuma gəldi. Hiss olunur ki, müəllif dərin araşdırmalar aparıb və ədəbiyyatda yeni söz deməyə çalışıb. Mən onun fərqli əsər yazıb-yaratmaq təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, həm tariximizə, həm bu günümüzə yanaşmalar, həm də ədəbi priyomlar baxımından "Canlanma"nı Azərbaycan ədəbiyyatında mühüm yenilik hesab etmək olar". Məşhur telejurnalist Qulu Məhərrəmlinin də oxuduğu sonuncu bədii əsər Taleh Şahsuvarlının tarixi metaromanıdır. Həmin əsərdə Qulu Məhərrəmlinin diqqətini fəlsəfi konsepsiyalar və müəllifin hadisələrə orijinal yanaşma tərzi cəlb edib. Həmin əsərin "Dalğa" Gənclər Hərəkatı tərəfindən "Gəncliyin kitabı" elan edilməsinin təqdir edən Qulu Məhərrəmli "Canlanma"nın gənc nəslin maariflənməsində böyük rol oynayacağına ümid edir. Tanınmış telejurnalistin fikrincə, əsərin ən uğurlu cəhətlərindən biri dilinin gözəlliyidir: "Mən sevinirəm ki, bu cür mükəmməl, təmiz dil ortaya qoya bilən gənc yazarlarımız var. Taleh Şahsuvarlı xeyli cilalı bədii dil və üslub ortaya qoymaqla ədəbiyyatımızın ən yaxşı ənənələrini inkişaf etdirir".

Digər xəbərlər
SON XƏBƏRLƏR