28-06-2009 [05:19]
"Eşşəyə minmək bir ayıb..." və yaxud "Teymur Əmraha bağışlanan ev niyə əlindən alındı",- başlıqlı məqalə yazmışdım. Məqalədə bir müddət əvvəl mənzillə təmin olunan sənət adamının sonradan həmin evdən məhrum edildiyini qeyd edirdim. Həmin sənət adamı uşaq evində böyümüş, valideyn nəvazişinin nə olduğunu bilməyən Teymur Əmrahdır. O, hansı səbəbdən belə bir problemlə üzləşməsini "bilmirəm",- deməklə izah edir. Amma mənzil almaq üçün ölkə başçısına müraciət etdiyini deyir:
- Prezidentə efir vasitəsilə mücaiət etmişəm. Özü də 2-3 il bundan əvvəl. Dedim ki, Teymur Əmrah evsizdir, küçələrdə yaşayır.
[b]- Bəs, Sizə əvvəlki evi kim vermişdi? [/b]
- Bir pullu şəxs. Məni çağırdı, yekə-yekə danışdı və dedi ki, "çıxışınızı eşitdim, mən sizə ev verəcəm. Bir otaq necədir"? Dedim, olmayan yerdən buna da şükür.
Biz də yığışıb efirdə bunu qeyd etdik. "Fartuna" firması ilə müqavilə imzalandı. Sən demə, bu insan "Fartuna" firmasını da aldadıb. İl yarım keçib, amma yekə-yekə danışan bu oğlan mənə verdiyi evin pulunu ödəməyib. Mənsə binanın tikilməyini gözləyirəm. Bina tikilib qutardı. Gəldim ki, evi təmir etdirib, ora köçüm. Dedilər ki, bu ev sizin deyil.
[b]- Bəs, "sinəsinə döyən oğlan"dan bunun səbəbini soruşmadınız? [/b]
- Dedim ki, bu nə oyundur başıma açdın? Evin pulunu niyə ödəməmisən? Dedi ki, hara tələsirsən, vaxt var, ödəyərik. Amma ödəmədi...
[b]- Bəs, indi nə olacaq? [/b]
- "Fartuna" firmasından xahiş etdim. Onlar isə dedi ki, hər ay 1500 dollar ödəyə bilərsənsə, bu ev sənin olar. 4 ayın pulunu vermişəm, 14 ayı qalıb. Əgər yerdə qalan məbləği ödəyə bilməsəm, verdiyim pullar batacaq. Hələlik isə tələbəmgildə qalıram.
[b]- Bəlkə Sizi aldadan şəxsin adını deyəsiniz... [/b]
- O insan dedi ki, adını çəkməyək. Amma bilsəydim ki, sonu belə olacaq, onun adını çəkərdim və indi mən deyil, o utanardı.
[b]- Prezident digər sənətçilərlə yanaşı, Aysel Teymurzadəyə də mənzil bağışlayıb. Yəqin Siz də yaddan çıxmazsınız... [/b]
- Aysel xanımın zəhməti var. O, üçüncü yeri tutanda mən bir saat ağladım. Bu, böyük, dünya səviyyəli bir layihə idi. Ona halaldır, hələ axtarsan onun üçün ev də azdır. Sovetlər birliyi zamanında hansı ifaçı "Qran-piri" mükafatını ölkəyə gətirirdisə, ona "Əməkdar artist" fəxri adını verirdilər. Aysel isə Azərbaycanı möhtəşəm bir müsabiqədə üçüncü yerdə saxladı. Mən ona uğurlar arzulayıram. Amma neyləyək ki, bura Azərbaycandır. Mənimlə birlikdə sənətə gələnlərin hamısı artıq "Xalq artisti" adını alıblar, mən isə hələ də "sürünürəm".
[b]- Sürünməyinizə səbəb nədir? [/b]
- Mən nə Müsavatın, nə də AXCP-nin üzvüyəm. Açığı, heç iqtidar partiyasının da üzvü deyiləm. Müstəqil insanam. Heç vaxt dövlətin ünvanına pis danışmamışam. Ulu öndərimiz Heydər Əliyev siyasətinə böyük hörmətim olub. "Sürünməyim" də mənim günahım deyil. Başa düşə bilmirəm, nəyə görə məni harasa təqdim etməlidirlər? Yəni məni kimlərəsə təqdim etməyə ehtiyac varmı? Elə fəxri ad alanlar var ki, heç bir dövlət teatrında işləmir. Bəyəm onların hər birinə təqdimat yazırlar?
[b]- Bəziləri deyirlər ki, guya Siz ifa zamanı xalq artisti Flora Kərimovanı yamsılayırsınız. Bu iradlarla razılaşırsınız? [/b]
- Mən ifamı zibil ifaçılara oxşatmıram ki, Flora xanıma oxşadıram. Qoy, kim bacarırsa, o da məni yamsılasın. Teymur Əmrah "bozbaş" müğənniləri yamsılamır ki?! Fəxr edirəm ki, məhz belə bir insanı yamsılayıram. Başa düşə bilmirəm, bəyəm Flora Kərimova adi bir sənətkardır? O, Azərbaycanın ilk qadın estrada ifaçısıdır. Digər tərəfdən, kimsə Flora xanımı təhqir edirsə, o, həmin adımın cavabını verməlidir, ya yox? Flora Kərimova böyük məktəbdir. Bəziləri isə özlərini dahi sayır, amma başa düşmürlər ki, onlar "bozbaş"ın yekəsidir, ifalarından "kabab iyi" gəlir. Belə sənətçilərin hamısı bayağı oxuyur. Hətta bəzi xalq artistləri var ki, İranla Azərbaycan, Azərbaycanla türk musiqilərini calaq edir, adını da "sintez" qoyurlar. Bax, bundan danışmaq lazımdır. Flora xanıma gəldikdə, o, Azərbaycanın Şahzadəsidir.
[b]- Şahzadə saydığınız Flora xanım mövqeyini 360 dərəcə dəyişdiyinə görə cəmiyyətdə qınaqla üzləşdi...[/b]
- Bu, cəmiyyətin zövqüdür. Əslinə qalsa, bunu cəmiyyətin hamısına şamil eləmək olmaz. Söhbət 80 faizdən gedir. Onlar efirlərdən "zəhərləniblər". 20-30 faiz isə aristokrat publikadır.
[b]- Amma özünü aristokrat publikanın təəssübkeşi sayan Teymur Əmrah nədənsə yarışmada uğur qazana bilmədi.[/b]
- Bu, SMS yarışması idi. Orada nə münsif üzvü vardı, nə də sənət adamları. Başdan-ayağa layihə iştirakçıları idi. Əvvəla, o müsabiqə deyil, "Realiti-şou" idi. Həmin layihədə həqiqətdən də təsdiqləndi ki, cəmiyyətin 80 faizi o maneranı sevir.
İzzət Bağırova çox böyük hörmətim var. Əzizimizdi, Allah adamıdı, o qalib olanda, bunu adi qəbul etdim. Çünki hamı bilir ki, bizim millət daha çox hansı mahnılara meyillidir. Onların musiqi duyumu budursa, mən nə edə bilərəm?
[b]- Amma əvvəllər belə demirdiniz. [/b]
- Xeyr, mən həmişə eyni sözü demişəm. Demişəm ki, bayağı musiqi pisdir. Fəxri ad alanların isə 90 faizi bayağı mahnılar oxuyur. Bəlkə onlar sənətkardır? Əgər Teymur Əmrah savadlı vokalist kimi özünə sənətkar demirsə, onlar mənim yanımda kimdir ki? Onların biri də mənim yolumla gedə bilməz. Mən peşəkaram. Sənətkar isə Qara Qarayev, Fikrət Əmirov, Üzeyir Hacıbəyov, Rübabə Muradova, Rəşid Behbudov, Flora Kərimovadır.
[b]- Yoxsa, Sizdə Flora xanım kimi İlhamə Quliyevanı sənətkar saymırsınız? [/b]
- İlhamə Quliyeva gözəl sənətkardır. Mənim hər iki xanıma böyük hörmətim var. Demirəm ki, mənim səhvim yoxdur, olub, mən səhvimi boynuma alıram. Flora Kərimovaya yüksək dərəcədə bağlanmışdım. Sanki gözlərim tutulmuşdu. Ola bilsin ki, uşaq olmuşam, yaxud da cavanlıq səhvidir. Amma insan yaşlaşdıqca həyatı başa düşür. Düzdür, bəzən sonrakı peşmançılıq fayda vermir. Amma nə etmək olar, bu taleyi Teymur Əmrah da yaşayıb.
O ki qaldı İlhamə Quliyevaya, mən onunla Gennadi Kazanov Teatrına yol-yoldaşı olanda, gördüm ki, o, şəxsiyyət kimi gözəl insandır. Həm də insanlara çörək verən, əl tutandır. Onun deyib-gülməyi kimi ciddiliyi də var. Bu insan özünə qiymət verməyi bacarır. Çağırılmayan yerə özünü güclə çatdırmır. Nə varsa, hamısını efirdən deyir, nəyisə gizlətmir, bəziləri kimi dondan-dona girmir.
[b]- Deyilənə görə, Gəncədə konsert verməyə hazırlaşırsınız? [/b]
- İyunun 29-da Gəncə Dövlət Dram Teatrında solo-konsertim olacaq. Oktyabr ayında isə Gənc Tamaşaçılar Teatrında konsert verəcəyəm.
Uşaqlıqdan bir çox ansambllarda oxumuşam. Bilirsiniz ki, mən gəncəliyəm. Orada 6 nömrəli klub var. Həmin klub Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Klub Sovetlər birliyi zamanında açılıb, hardasa 40 ildən yuxarıdır ki, fəaliyyətdədir. O vaxtlar klubun nəzdində Gəncə estrada ansamblı vardı. Bu yaxınlarda yolum Gəncəyə düşmüşdü. Bir az gəzib-dolandıqdan sonra kluba baş çəkdim. Onun rəhbəri Kifayət Qafarova ilə görüşüb, dərdləşdik. Dedi ki, "Ay Teymur, gör klub hansı vəziyyətdədir. Heç kəs yoxdur". Ürəyim ağrıdı, dedim ki, narahat olma, əlimdən nə gəlirsə, edərəm. Gəncə Estrada Ansamblını yenidən bərpa etdim. Gələndə isə dedim ki, mənim Bakıda olmağıma əhəmiyyət verməyin, nə vaxt bir tədbir olsa, məni səsləyin. Odur ki, Gəncədə konsert vermək fikrinə düşdüm. Əslində isə bu konsert Gəncə Estrada Ansmablını yenidən bərpası üçün təşkil edilib.
Digər tərəfdən, Gəncə başdan-başa dəyişilib, gözəlliklər məskəni olub. Bunlar Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əməyinin nəticəsidir. O, işinin öhdəsindən ustalıqla gələn şəxsdir. Belə insanlar həm də sənətə qiymət verməyi bacarırlar.
Bir məsələni də xatırlatmaq istəyirəm. Mənim Heydər Əliyev Sarayında solo-konsertim olanda direktor Fərhad Babayev səhnəyə çıxıb dedi ki, Teymur Əmrah burada konsert verəndə indi oxuyanların heç biri bu səhnədə yox idi.
[b]- Fərhad Babayev konkret olaraq, kimləri nəzərdə tuturdu? [/b]
- İndiki xalq artistlərini. Mənim konsertimi o vaxt sarayın baş rejissoru olan Cahangir Aslanoğlu təşkil etmişdi. Sonra isə Gülər Şəfiyeva gəldi. İstər Mahnı Teatrında, istərsədə Gənc Tamaşaçılar Tetarının solisti kimi dəfələrlə həmin məkanda solo-konsertlərim olub. Şövkət Ələkbərova, Oqtay Ağayev və digər görkəmli sənətkarlar üçün gecələr keçirmişəm. Elə götürək ATV telekanalının "Nömrə-1" layihəsini. Elnarənin "duel"ə gəlməməsi mənim solo-konsertim idi. Əməli-başlı bir konsert oldu. Fakt o demək deyil ki, sən hansısa bir salonda konsert verəsən. Bu konsertlər harada yayımlanır? Əlbəttə ki, telekanallarda. Televiziyanın pavliyonu bir konsert salonudur. Özüdə canlı. Bunu kim bacarır? Bir başa canlı efirdə konsert verən sənətkarlar var? Düzdür, bəzi müğənnilər başqa-başqa məkanlarda konsertlər verirlər. Amma telestudiyanın özündə peşəkarcasına oxumaq budur.
[b]- Amma bəziləri 6-10 nəfərlik ansamblla efirə çıxıb tamaşaçını aldadırlar...[/b]
- Musiqi departamentlərinin rəhərləri bilir ki, bunun Teymur Əmraha aidiyyatı yoxdur. Həm də bilirlər ki, mən calı oxuyuram.
Bu yaxınlarda "Xalq artisti" adını yeni alanlardan biri efirdə qonaq idi. O, estrada müğənnisidir. Ansamblı otuzdurdu, özü isə bir saat fonoqram oxudu. Ayıbdır, belə olmaz. Tamaşaçını ələ salmağa lüzum yoxdur.
[b]Bahar RÜSTƏMLİ[/b]