Ordu ilə bağlı yazı yazarkən diqqətli olun!

img

25-06-2009 [03:59]


?Ordu ilə bağlı yazılarda bir qədər ehtiyyatlı olmaq lazımdır. Bəzən jurnalistlər hərbi sirrin yayılması istiqamətində səhvlərə yol verirlər?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə millət vəkili Aydın Mirzəzadənin ?ordu məsələlərinin işıqlandırılması ilə bağlı qanunvericilikdə dəyişiklik olmalıdır? fikrinə münasibət bildirərkən deyib. İcraçı direktor deyib ki, nəzarət tətbiq etmək əvəzinə, maarifləndirmə işləri aparmaq daha yaxşı olardı: ?Sovet dövründə konkret kriteriyalar müəyyənləşmişdi ki, ordudan yazarkən nələri qeyd etmək olmaz. Hətta hərbi hissənin nömrəsini qeyd edən redaktor işdən azad olunurdu. Bu gün mətbuatda hərbi hissələrin, briqadaların nömrələri, silahların növləri barədə yazılır. Jurnalistələr çox təəssüf ki, bu şəkildə davranaraq hərbi sirrin yayılması istiqamətində səhvlərə yol verirlər. Məsələ burasındadır ki, hərbidən yazanlar bu məsələlərə çox həssaslıqla yanaşmalı, bu sahədə qanunvericiliyin tələblərinə bələd olmalıdırlar. Həm də həmin şəxsin az-çox hərbi sahədə biliyi olmalıdır. Senzuranın olmaması o demək deyil ki, hər kəs istədiyini yaza bilər. Bu cür yazılarda çox zaman dövlətin hərbi sirrləri açılır. Belə olan halda maraqlı ölkənin tədqiqat aparmasına ehtiyac qalmır. İstəyən mətbuatdan istədiyi informasiyanı əldə edə bilər. Yazarların 80 faizi bunlardan xəbərsizdir. Hesab edirəm ki, bu cür yazıları nəzarətə götürmək əvəzinə yazarları maarifləndirmək lazımdır. Bəzən jurnalistika ilə əlaqəsi olmayan insanlar da ordu haqqında yazılar dərc etdirirlər. Belə olan halda həm yazarın özünə, həm dövlətə və orduya da zərər dəyir?. ?Yeni Müsavat? qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan isə mia.az-a açıqlamasında faktları ört-basdır etməklə problemi həll etməyin mümkünsüz olduğunu söyləyib. Onun sözlərinə görə, ordudakı neqativ halların aradan qaldırılmasında mətbuatın xidmətindən yararlanmaq lazımdır: ?Biz qəbul etsək də, etməsək də, Azərbaycan ordusunda kifayət qədər neqativ hallar mövcuddur. Bu neqativ halların müəyyən hissəsi mediaya qədər gəlib çıxır. Biz bu faktlara əsasən üzərimizə düşən işi görürük. Yəni həmin faktları ictimailəşdiririk. Kütləvi informasiya vasitəsi kimi ordunun neqativ hallardan təmizlənməsinə çalışırıq. Əgər bir yerdə problem varsa, mütləq onun üzərinə getmək, həlli istiqamətində fəaliyyət göstərmək lazımdır. Ört basdır etməklə, gizlətməklə ordudakı və digər sahədəki problemlərin həllinə nail olmaq mümkün deyil. Mən hörmətli Aydın müəllimin narahatlığını başa düşürəm və onu iqtidar cəbhəsindəki deputatların içərisində obyektivlik və vicdanlılıq göstəricilərinə görə müsbət planda dəyərləndirirəm. Bu, mənim şəxsi fikrimdir. Amma, orduyla bağlı bəzi qadağaların tətbiq olunması, qəzetlərə senzura qoyulması problemlərin həllinə gətirib çıxarmayacaq. Biz ?Yeni Müsavat? qəzeti olaraq, orduyla bağlı faktsız heç nə yazmırıq, faktı cəmiyyətə çatdırırıq və hesab edirəm ki, bu əslində işin xeyrinədir. Əgər hərbi sirlərin açılmasına yol verilirsə, aidiyyatı orqanlar bu məsələdə mətbuatla əməkdaşlığa girməlidirlər. Biz hərbi sirlərin açılmasına yol verməməyə çalışırıq. Ümumiyyətlə, Azərbaycanda hərbi sahəyə ən ciddi ziyan vuran, ordunun xalq arasında nüfuzunu ləkələyən əslində elə orduya rəhbərlik edən bəzi şəxslərdir. Ordunun ictimai müzakirəyə çıxarılmasının başlıca səbəbkarları da onlardır. Qətiyyən biz hamını nəzərdə tutmuruq. Azərbaycan ordusunda kifayət qədər vicdanlı,peşəkar, vətəninə, millətinə sadiq zabitlər,generallar var. Əsas günahkarı qoyub mətbuatı günahkar qismində təqdim etmək qətiyyən çıxış yolu deyil. Əksinə Aydın Mirzəzadə daxil bir çox ictimaiyyət və hakimiyyət nümayəndələri ordudakı neqativ halların aradan qaldırılmasında mətbuatın xidmətindən yararlanmaqda maraqlı olmalıdırlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR