Rail Rzayevin öldürülməsinə görə yaxın qohumu da daxil olmaqla 15 nəfər saxlanılıb

img

19-06-2009 [11:13]


Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin bir qohumu həbs edilib. Bu barədə ?Azadlıq? qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, R.Rzayevin HHQ-də inspeksiya rəisi işləyən qohumu Fuad Ağarzayev MTN-in keçirdiyi əməliyyat nəticəsində tutulub. Məlumata görə, Fuad Ağarzayev hazırda MTN-in təcridxanasında saxlanılır. Onun hansı səbəbdən həbs olunması hələ ki, bəlli deyil. APA-nın məlumatına görə, R.Rzayevin HHQ-də çalışan qohumu, polkovnik-leytenant Fuad Vasif oğlu Ağarzayev mayın 21-də generalın qətli ilə bağlı istintaqa ifadə vermək üçün dəvət edilib və elə həmin gün saxlanılıb. Məlumatda F.Ağarzayevlə birgə HHQ-də çalışan daha bir neçə yüksək rütbəli hərbçinin də saxlandığı bildirilir. F.Ağarzayevin qohumları faktı təsdiqləyib. Onlar F.Ağarzayevin mayın 21-də həbs edildiyini bildirsələr də, onun nədə ittiham olunması barədə məlumatsız olduqlarını söyləyiblər. Hərbçinin yaxınları onun günahsız olduğunu iddia edir. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də APA-ya açıqlamasında F.Ağarzayevin saxlanıldığını təsdiqləyib. T.Abdullayev F.Ağarzayevin saxlanması ilə bağlı hazırda araşdırma aparıldığını, tam təfərrüatlar müəyyənləşəndən sonra ətraflı məlumat veriləcəyini deyib. Aldığımız məlumata görə, hazırda R.Rzayevn qətli ilə bağlı 15 nəfərə yaxın şəxs saxlanılıb. Onların arasında generalın köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev də var. Rəfiyevləri qətlə yetirilən generalın 41 manatlıq gödəkcəsini mənimsəmə ittihamı ilə həbs ediblər. Anar Rəfiyevin vəkili redaksiyamıza ünvanladığı müraciətində müvəkkilinin günahsız olduğunu, əsassız və qanunsuz olaraq həbs edildiyini qeyd etmişdi. Aldığımız son məlumatlarda generalın qətlinin açılmasına hakimiyyətin yuxarı eşalonunda birmənalı yanaşılmadığı qeyd olunur. ?Qətldən sonra ölkə rəhbərliyinin göstərişi ilə yaradılmış istintaq qrupunun həyata keçirdiyi son həbslər və dindirilən şəxslərə Rail Rzayevlə bağlı verilən suallar daha çox iqtisadi sahədə cinayətkarlığın araşdırılmasını xatırladır?- deyə redaksiyamıza daxil olan xəbərdə deyilir. Ümumiyyətlə, generalın qətlindən sonra prezidentin göstərişi ilə yaradılan istintaq qrupundan savayı müxtəlif güc strukturlarında bir neçə mobil qrup da yaradılıb. Bu qruplara daxil olanlar gördükləri işlə əlaqədar yalnız çalışdıqları qurumların rəhbərliyində təmsil olunan və qrupun işini koordinasiya edənlərə məlumat verirlər. Mobil qrupların gördüyü iş birbaşa R.Rzayevin qətlinin araşdırılmasına xidmət etmir. Eyni zamanda, generalın sağlığında yaxın münasibətdə olduğu məmurların barəsində məlumat, fakt toplanılması ilə məşğul olur. R.Rzayevin qətlindən sonra sorğu-sual edilənlərdən biri də vaxtilə xidmət rəisi olmuş Davud adlı şəxsdir. Davud R.Rzayevin adamı kimi tanınmaqla onun tapşırığı ilə müxtəlif işlər görməklə məşğul olub, onun xidmətdən kənar köməkçisi olub. Davudun istintaqa cəlb olunması onun generalın əmlakı barədə ətraflı bilgiyə sahib olması ilə bağlıdır. İstintaqa cəlb edilənlərdən biri də Təşkilat Səfərbərlik İdarəsində Respublika Hərbi Komissarlığının nümayəndəsi Vüqar adlı şəxsdir. Sabiq istintaqçılar hazırda Rəfiyevlərə verilən ittihamın bir reallığı da üzə çıxardığını deyirlər: ?Azərbaycanın hüquq-mühafizə orqanları səs-küylü hadisələrdən sonra fəaliyyətsiz olmadıqlarını göstərmək üçün tətbiq etdikləri taktika dəyişmir. Xatırlayırsınızsa, 2005-ci il parlament seçkiləri ərəfəsi sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olundular. Bu işlər üzrə istintaq il yarımdan artıq davam etdi, nəticədə ilkin ittiham ayrıca icraata verildi və hər iki nazir tamamilə dövlət çevrilişinə aidiyyatı olmayan bir ittihamla məhkəmə qarşısına çıxarıldı. Dövlət çevrilişinə cəhd ittihamı üzrə ayrıca icraata ayrılmış işdən isə bu gün də xəbər yoxdur. İstintaqın Rail Rzayevin qətli ilə bağlı da eyni yola baş vurduğu artıq göz önündədir?. Xatırladaq ki, R.Rzayev bu il fevralın 11-də səhər saatlarında evindən 300-400 metr aralıda odlu silahdan açılan bir atəşlə qətlə yetirilib. Bu qətllə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən CM-in 120.2.5 (tamah məqsədilə və ya sifarişlə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. [b]Yeni Müsavat[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR