14-06-2009 [06:11]
[b] "Alətləri, paltarları öz hesabımıza təmir etdirib, tikdiririk. Ştat cədvəli olmadığından, ansambla işçi cəlb edə bilmirik" [/b]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun tabeliyində fəaliyyət göstərən "İRS" Folklor Ansamblı problemlə üzləşib. Belə ki, AMEA-da aparılan ixtisar 30 illik tarixə malik olan ansamblın kollektivini pərən-pərən salıb. Ansamblın bədii rəhbəri Sidqi Mustafayev isə AMEA ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinə də gedib gəlməkdən yorulub. S.Mustafayev deyir ki, Elmlər Akademiyasında aparılan ixtisarın ən böyük zərbəsi "İRS"-in kollektivinə dəyib:
- Ansamblın 5-6 üzvü ixtisara düşdü. Dedim, harda görsənib ki, ansamblın üzvüləri ixtisara düşsün? Onlar isə dedilər ki, institutun büdcəsində maliyyə yoxdur. İndi ştat cədvəlində 3-5 heyət qalıb. Bu da ansambl üçün çox azdı. Əgər dövlət Folklor Ansamblının yaradılmasına sərəncam veribsə, o zaman maliyyə də ayırmalıdır. Bu boyda Folklor İnstitutunun ansamblı yuxarı başda oturanların yadına düşmür. 1994-cü ildən ştatdayıq, amma Mədəniyyət və Turizm Nazirliyinə üz tutanda "ştat cədvəlimiz yoxdur",- deyə sinəmizdən vurub, geri qaytarırlar. Əgər institutun deyil, nazirliyin tabeliyində olsaydıq, bəlkə də bizə dəstək verərdilər.
Ansamblın üzvləri fəxri adlardan da məhrum olublar. 50 ildir burda can qoyuruq, amma bizi itirib-axtaran yoxdur. Düzdür, Folklor Ansamblı kimi institutun nəzdində olmalıyıq. Amma bizə qayğı göstərilmir.
[b]- Bəs, Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov bu barədə nə deyir? [/b]
- Hüseyn müəllim Mədəniyyət və Turizm Nazirliyinə təqdimat göndərib. Amma nə mənası? Əgər bizi itirib-axtaran olsa, hansısa siyahıda adımızı çəkərlər.
[b]- Deməli, direktor üzərinə düşən vəzifəni yerinə yetirib. Bəs, nazirlikdən nə deyirlər? [/b]
- Deyirlər, gözləyin, araşdırıb, sizə məlumat verəcəyik. Sanki uşaq başı aldadırlar.
Bu boyda ansamblın bir otağı var, o da çox darısqaldı. Hələ institut bu otağı da əlimizdən almaq istəyirdi. Amma gördülər ki, başqa yerdə otaq yoxdur, əlacsız qalıb onu yenidən bizə verdilər.
[b]- Bəs, darısqal otaqda ansambl necə məşq edir? [/b]
- Çox çətindir. Amma əlacımız nədir? "İRS"-in əsas fəaliyyəti meydan oyunları və rəqslərdən ibarətdir. Meydan oyunları isə geniş yer üçündür. Nə yaxşı ki, Şirvanşahlar Sarayı var. Yoxsa... Onlarla müqavilə bağlamışıq. Tədbirlərində iştirak edirik, əvəzində isə çəkiliş və məşq proseslərimizi orada yola veririk.
[b]- Meydan oyunlarından söz düşmüşkən, bu oyunların sayı nə qədərdir?[/b]
- Çoxdur. Amma biz onları seçirik, müəyyən hissələrini uşaqlara öyrədirik. Məsələn, "6 qızın biri pəri", "Qodu-qodu", "Kosa-kosa", "Dodu-dodu", "Pəhləvanların savaşı", "Kəndirbazlar" və s...
[b]- Xalq artisti Şeyx Əbdül Mahmudbəyov meyxananın da meydan sənəti olduğunu deyir... [/b]
- Düz deyir. Meyxana qədim folklor sənətidir. Özüdə onu həmişə meydanda deyiblər, indi isə toylarda deyilir. Meyxananın toyla nə əlaqəsi? Bu, bədahətən deyilir, xalqın yaddaşından gələn bir şeydir. Şahların dövründə təlxəklər olub. Onlar dövrün haqsızlıqlarını, yaxud da ticarətdə olan bahalığı meyxana dili ilə şaha çatdırıblar. İndi təlxəyə pis baxırlar. Əslində isə təlxək şeiri bilən, siyasətdən başı çıxan şəxs olub.
Meyxananı ilk dəfə efirə biz çıxarmışıq. Rəhmətlik Nizami Rəmzi öz ansamblı ilə "Dalğa" verilişinə çıxdı. Hələ bir az məhdudiyyət qoydular. Amma yaxşı ki, yuxarıdakılar bu işə dəstək verdilər. Bu gün isə efirlərdə daha çox meyxana yarışması yayımlanır. Amma Şeyx Əbdül bir məsələdə düz eləmir.
[b]- Nəyi nəzərdə tutursunuz? [/b]
- Şeyx Əbdül meyxananı bədihə ilə əvəzləmək istəyir. Lakin bədihə düzgün fikir deyil. Bu, bir az yamaq kimi görsənir.
[b]- Amma telekanallarda yayımlanan meyxana yarışmaları bəzən meydan oyunlarını xatırladır...[/b]
- Yox. Birincisi, meydan oyunu sayılan meyxanadan əsər-əlamət qalmayıb. Cəmiyyəti düşündürən mövzular qalıb bir kənarda, bunlar özləri-özlərini təhqir edirlər. Bu isə meydan oyunu deyil.
İkincisi, bəzi iştirakçılar hələ də başa düşmür ki, meyxana həm də hər hansı bir şəraiti, xalqın güzəranını xalqa çatdırmaqdır. Onlarsa bunu bacarmır. Bir həqiqət var. Bugünkü "meydan oyunlarının qəhrəmanları" əsl həqiqəti xalqa çatdıra bilmirlər. Çünki oxumayıblar və əsl meyxananı görməyiblər. Onlar elə başa düşür ki, əsl meyxana bunların düşük təhqirləridir.
Amma Namiq Məna savadlıdır, həm də gözəl meyxana deyir. Buna baxmayaraq, onun münsif üzvü olduğu müsabiqədə iştirakçılar ağızlarına gələni deyir, münsiflər isə susur.
[b]- "İRS"-in repertuarında hansısa unudulmuş folklor nümunələri yer alıbmı? [/b]
- Bir muğam vardı: "Nəva". 5 il bundan əvvəl bu muğama Rəşid Behbudov adına Mahnı Teatrında təqdimat mərasimi keçirdik. Həmin unudulmuş muğamı gündəmə gətirdik. "Nəva" "Çahargah", "Şur", "Bayatı-Şiraz" kimi bir muğamdır. Hələ yüz il bundan əvvəl ifa olunub, amma zamanla yaddan çıxıb. "Nəva" 8 hissədən ibarətdir. Di gəl ki, belə bir dərinliyə malik olan muğam elə bil daşa dirənib.
[b]- Nəyə görə? [/b]
- Çünki sinələrinə döyən xalq artistlərimiz, "Şöhrət" ordenli muğam ifaçılarımız deyirlər ki, Azərbaycanın "Nəva" adlı muğamı olmayıb.
[b]- "Şöhrət" ordenli muğam ifaçılarımız deyəndə, Arif Babayevlə Canəli Əkbərovu nəzərdə tutursunuz? [/b]
- Adlarını çəkmək istəmirəm. Muğam ifaçılarının adlarını çəkəndə hədə-qorxuya əl atırlar. Mən isə sadəcə olaraq, onlara sübut eləməyə çalışıram ki, Azərbaycan muğamları arasında "Nəva" da var. Əgər bu muğam yoxdursa, onda onu nota necə köçürüblər? Amma muğam ifaçıları "Nəva"nı bilmədikləri üçün çalışırlar ki, bu muğam üzə çıxmasın. Nəyin bahasına olursa-olsun, onu gizlətməyə çalışırlar. "Nəva"nın varlığını dananların adını bir-bir çəksəm, yaxud da hansısa xoşagəlməz söz işlətsəydim, bəlkə də bu ansamblı bağlayardılar. Halbuki "Nəva"nı qəbul etməyənlər muğamdan yarımçıqdır.
Vaxtiylə mərhum sənətkar Əhməd Bakıxanov "Nəva" muğamını çalıb, oğlu Tofiq Bakıxanov isə bunu nota köçürüb. İndi belə çıxır ki, bu yarımçıq muğam ifaçıları Bakıxanovların sənətinə də şübhə edirlər? Tofiq Bakıxanov bu barədə simfonik əsər yazıb. Mən də həmin əsər əsasında muğamı bərpa etdim, amma dedilər ki, Azərbaycanın "Nəva" adlı muğamı olmayıb. Beş ildir ki, bunlar mənə cavab verə bilmir. Cəhənnəmə ki, cavab vermədilər, heç bu muğamın üzə çıxması üçün dəstək də verən tapılmadı. Dəstək vermək istəyənlər isə qorxularından geri çəkildilər.
[b]- Siz bu məsələylə bağlı harasa müraciət etmisiniz? [/b]
- Heydər Əliyev Fonduna müraciət eləmişəm. Yalnız fondun prezidenti Mehriban xanım bu işə əncam çəkər. Amma onun qəbuluna düşə bilmirəm. Əgər fürsət olsa, həqiqəti ona deyəcəm.
Onu da yadınıza salım ki, "bərkgedən" sənətçilərin hamısı "Nəva" muğamının təqdimatında iştirak ediblər. Amma onların heç biri bu muğamın haradan başlanıb, harada qurtarmasını bilmir.
[b]- Hətta xalq artisti Alim Qasımov da... [/b]
- Alim Qasımov da qorxur. "Nəva"nın taleyi ilə bağlı onun yanına getdim. Dedim, Alim müəllim, yəqin xəbəriniz var ki, Azərbaycan muğamları arasında "Nəva" da var. Amma onu üzə çıxarmağa imkan vermirlər. Gəlin birləşək, onu üzə çıxaraq. Mən inanıram ki, yalnız siz mənə bu işdə kömək edə bilərsiniz. Alim Qasımov isə mənə dedi ki, "ağrımayan başını cəncələ salma, "Nəva" mənlik deyil. Sən Allah, məni cəncəl işlərdən uzaq elə!". Bu da bizim Alim Qasımovumuz. Mən hələ də başa düşə bilmirəm ki, o, niyə belə dedi? Amma əminəm ki, o, bu muğama həyat verə bilərdi.
Əgər bu muğamın not hissələri varsa, onun varlığını niyə danaq? Bu günə kimi dinib-danışmırdım. Amma görürəm ki, o boyda muğamı heç ediblər. Belə də biabırçılıq olar? Bir halda ki, Mehriban xanım muğama diqqət ayırıb, niyə "Nəva" itib-batmalıdır? Əgər malımıza sahib durmasaq, onu əlimizdən alarlar. Belə olan halda ermənilər niyə onu özünküləşdirməsin?
Muğam ifaçılarının hamısı fondun tədbirlərində iştirak edir. Amma bu muğamla bağlı Mehriban xanıma məlumat vermirlər. Çünki onlara sərf eləmir.
"İRS" Azərbaycanda itib-batan folklor nümunələrini üzə çıxaran yeganə ansambldır. Düzdür, bizdən başqa bir ansambl da var: Qədim Musiqi Alətləri Ansambılı. Onlar yalnız unudulmuş musiqi alətlərini təqdim edirlər. Folklordan isə bu ansamblda əsər-alamət yoxdur.
[b]- Amma Qədim Musiqi Alətləri Anasmblının sorağı xarici ölkələrdən gəlsə də, "İRS"-in səsi Folklor İnstitutunun zirzəmisindən eşidilir. Niyə? [/b]
- Çünki o ansambla dövlət tərəfindən maliyyə vəsati ayrılır. Amma bizə baxan yoxdur. Azərbaycanda yegənə bir folklor ansamblı varsa, o da "İRS"-dir. Adi muğam ifaçılarının özünə fikir verəndə, görürsən ki, onlarda qədimilik yoxdur. Amma bizdə elə deyil.
Qədim alətləri üzə çıxarmamağımızın səbəbi maliyyə vəsatinin olmamasıdır. Alətləri, paltarları öz hesabımıza təmir etdirib, tikdiririk. Ansambl pis vəziyyətdədir. Ştat cədvəli olmadığından, ansambla işçi cəlb edə bilmirik. Yenə sağ olsun, telekanal rəhbərləri. Folklorla bağlı bütün verilişlərə bizi dəvət edirlər.
[b]- Deyilənə görə, ansamblın vəziyyəti ilə bağlı millət vəkili Nizami Cəfərova da müraciət etmisiniz. Doğrudurmu? [/b]
- Hə, etmişdim. Amma gərək etməyədim. Açığı, Mədəniyyət Komitəsinin sədrindən belə cavab gözləmirdim.
Ona yazdım ki, "İRS" Folklor Ansamblına kömək edin. Günlərin birində zəng gəldi. Nizami Cəfərovun katibəsi idi. Dedi ki, "Nizami müəllim deyir ki, o məktubu bizə niyə yazıb? Bu məsələ mənlik deyil. Deyəsən, o, Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Məclisin Mədəniyyət Komitəsini dəyişik salıb. Şikayəti varsa, göndərəcəyi ünvan da var".
Məsləhətinə görə çox çox sağ ol, Nizami Cəfərov! Mən şikayət məktubunu göndərəcəyim ünvanı sizdən yaxşı bilirəm. Mədəniyyət və turizm nazirinə söz demək üçün, ilk öncə nazirliyin binasına girmək lazımdır. Məni isə nazirliyin qapısından içəri buraxmırlar. Deyirlər ki, sizin ansambl bizim balansda deyil, sənə yaxşı yol. Nazirliyə göndərilən şikayət məktubuna isə bir cavab verirlər: "Gözləyin, ölçü götürüləcək". Axı, nə vaxt?
Görün, Azərbaycanda 30 ildən yuxarıdır ki, fəaliyyət göstərən "İRS" nə gündədir. Milli Konservatoriyanın nə binası var, nə də milliliyi. Pis vəziyyətdədir. Azərbaycanda millilik itmək üzrədir. Cavanlar isə yalnız yüngül mahnıları eşitmək istəyirlər.
[b]Bahar RÜSTƏMLİ[/b]