Əflatun Amazov Avropa Şurasının Cənubi Qafqaz media ilə bağlı tədbirində iztirak edib

img

11-06-2009 [06:01]


Azərbaycanın aparıcı media təmsilçilərinin Strasburqa Avropa Şurasının dəvəti ilə gerçəkləşən səfərləri başa çatıb. Bununla bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, iyunun 9-10-da baş tutan səfər çərçivəsində ölkəmizin nümayəndə heyəti Avropa Şurasının Cənubi Qafqaz mediası ilə bağlı tədbirinə qatılıb. Toplantıdan məqsəd Avropa Şurasının son 2 ildə region mediası ilə əlaqədar həyata keçirdiyi işlərə yekun vurmaq, qarşıdakı 3 il üçün fəaliyyət strategiyasını müəyyənləşdirmək olub. Ümumən, Avropa Şurası ölkələrində fikrin azad və sərbəst ifadə olunması sahəsində qanunvericilik, onun tətbiqi yolları, jurnalist peşəkarlığının artırılması üsulları, jurnalistika təhsilinin müasir forma və metodları, etik normalara riayət edilməsi mövzularında diskussiyalar aparılıb. Tədbirdə xüsusi diqqət yetirilən məsələlərdən biri isə jurnalist təhsilinin Avropa standartlarına, dünya təhsil sisteminin qaydalarına uyğunlaşdırılması idi. Şura sədri toplantıda ?Azərbaycan mediası: uğurlar və perspektivlər? mövzusunda məruzə ilə çıxış edib. Çıxışda ölkəmizdə KİV-lə bağlı hüquqi bazanın, jurnalistlərin ilk mənbədən informasiya almalarının vəziyyətinə, internet mediasının mövcud durumuna, habelə diffamasiya ilə bağlı məsələlərə diqqət yetirilib. Bildirilib ki, KİV-lə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir və dünya, o cümlədən Avropa Şurasının standartlarına cavab verir. Ölkədə bununla əlaqədar rəsmi səviyyədə kifayət qədər işlər də görülüb. Hazırda KİV-lərin fəaliyyətinin normativ hüquqi aktlara söykənməsində praktik amillərin tətbiqinə daha çox üstünlük verilir ki, Ə.Amaşov mövcud istiqamətdə yeni yaranmış KİV-lərə Dövlət Dəstəyi Fondunun üzərinə ciddi məsuliyyətin düşdüyü qənaətindədir. Şura sədrinin sözlərinə görə, tədbir iştirakçıları dövlətin mediaya dəstək göstərməsi məsələsini maraqla qarşılayıblar. Ayrı-ayrı görüşlərdə buna dair real fəaliyyətin, əldə olunacaq nəticələrin öyrənilməsinə böyük önəmin veriləcəyi bildirilib. Amaşovun fikrincə, qarşıdakı müddətdə mövzu ilə bağlı avropalı ekspertlərin də iştirakı ilə ayrıca tədbirin təşkili mümkündür. Təbii ki, bu, KİV-ə Dövlət Dəstəyi Fondunun necə işləməsindən, özünü doğrultmasından asılı olacaq. Hazırkı şəraitdə diffamasiya məsələsində istər jurnalistlərin, istərsə də məmurların ciddi məlumatlandırılmasına, onların həmin mühitə hazırlanmasına ehtiyacın duyulduğunu vurğulayan Ə.Amaşov qanunvericilikdə bununla bağlı dəyişiklikliyin gec-tez edilə biləcəyinə inanır: ?Əslində bu, rəsmi səviyyədə də deyilir. Amma mövcud istiqamətdə səylər artırılmalı, əsasən də hökumət və media nümayəndələri arasında dialoq dərinləşdirilməli, birgə diskussiyalar mütəmadi davam etdirilməlidir ki, bütövlükdə cəmiyyət diffamasiyanın vacibliyinə inansın?. Ə.Amaşovun bildirdiyinə görə, tədbirdə həbsdə olan jurnalistlərlə də bağlı məsələdən də söhbət açılıb. ?Mətbuat Şurasının sədri kimi təmsil etdiyim təşkilatın məsələyə münasibətini bir daha açıqladım. Bu isə ondan ibarətdir ki, ümumən ölkədə jurnalist həbsi yaxşı hal deyil. Doğrudur, onlar birbaşa peşə fəaliyyətlərinə görə azadlıqdan məhrum olunmayıblar. Hər halda bu şəxslər jurnalistdirlər. Mətbuat Şurası azadlığa çıxmalarında maraqlıdır və bunun üçün tədbirlərini davam etdirəcəkdir?, - deyə o vurğulayıb. Tədbirdə medianın özünütənzimləməsi ilə bağlı diskussiyalar gedib. Ə.Amaşov iştirakçılara rəhbərlik etdiyi qurumun bu istiqamətidəki fəaliyyəti barədə məlumat verib. O, hələ 2006-cı ildə Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda MŞ-nin iş prinsipinin postsovet ölkələri üçün vahid model kimi qəbul oluna biləcəyinin vurğulandığını xatırladıb. Qeyd edək ki, Avropa Şurasının Strasburqda baş tutan iki günlük tədbirində MŞ sədri ilə yanaşı ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev, ?Ayna-Zerkalo? qəzetinin baş redaktoru Elçin Şıxlı, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı, həmin institutun hüquqşünası Ələsgər Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Qadın Jurnalistləri Birliyinin sədri Sevinc Mirzəyeva, ?İnternyus-Azərbaycan? İctimai Birliyinin rəhbəri İlham Səfərli, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Zeynal Məmmədli də iştirak edib. Azərbaycan dövləti isə tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə təmsil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR