Təyyar Bayramov: "Habil Əliyevin əleyhinə söz deyə bilmərəm"

img

07-06-2009 [08:53]


[b]Muğam müsabiqələrinin qalibi Təyyar Bayramov əldə etdiyi nailiyyətlərə layiq olduğunu deyir [/b] Beynalxalq Muğam Festivalında "Qran-pri" mükafatına layiq görülən gənc xanəndə Təyyar Bayramovun müsahibəsi. [b]- Təyyar bəy, bir müddət əvvəl festivalda baş mükafata layiq görülməyiniz mübahisələrə zəmin yaratdı. Özünüzü bu yerə layiq görürsünüzmü? [/b] - Azərbaycanı bu müsabiqədə 3 nəfər təmsil edirdi. Mən yerli və xarici münsiflər heyətinin yekdil rəyi ilə baş mükafata layiq görüldüm. Beynəlxalq müsabiqələrin öz şərtləri var. Fransadan olan münsiflər Səmərqənddə də keçirilən muğam müsabiqələrində iştirak ediblər. Yəni onların fərqli baxışları ilə yanaşı, yetərli təcrübələri də var. Mən gənc olsam da, neçə ildir bu sənətdəyəm. Subyektiv şəkildə də olsa, öz ifama qiymət verə bilirəm. Lent yazılarıma təkrar da baxmışam və heç bir nöqsan görməmişəm. Xatırladım ki, bu müsabiqə mart ayında olmuşdu. Novruz ərəfəsində səsi qorumaq isə çətindir. Bəlkə də kiminsə daha layiqli saydığı şəxslər, səsləri yerində olmadığı üçün tam gücləri ilə çıxış edə bilməyiblər. Amma digər ifaçılarımızı da bəyənirəm, hər biri gözəl istedada malikdir. [b]- Xalq artisti Habil Əliyevin Sizi "Qran-pri"yə layiq görmədiyini deməsinə münasibətiniz necədir? [/b] - Demokratik ölkədə yaşayırıq. Kimsə sənətimi bəyənə, kimsə də bəyənməyə bilər. Habil bəy illərlə kamança sənətini çiyinlərində daşıyan böyük sənətkarımızdır. Amma münsiflər heyətində oturanlar da balaca sənətkarlar deyildi. Bundan öncə Respublika 1-ci Muğam Müsabiqəsində də qalib yerə layiq görülmüşəm. Bu, təsadüf ola bilərmi? Arif Babayev, Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Siyavuş Kərimi, Ramiz Zöhrabov münsiflər heyətində idi. Məncə, əlavə sözə ehtiyac yoxdur. Təbii, hər sənətkarın öz mövqeyi var. Kiminsə yanlış fikirdə olmasını təbii qarşılayıram. Habil Əliyevin əleyhinə söz deyə bilmərəm. Əsas odur ki, Azərbaycan beynəlxalq müsabiqələrdə öz layiqli yerini sübut edib. [b]- Opera və Balet Teatrındakı mövqeyinizdən razısınız? [/b] - Məni sənətə Mənsum İbrahimov gətirib. Asəf Zeynallı adına musiqi kollecində də, Milli Konservatoriyada da müəllimim olub. Bu gün Opera və Balet Teatrının solistiyəm. Orada sağlam ab-hava var. Gənclərə də gözəl şərait yaradılıb. Bunun bariz nümunəsidir ki, bir müddət əvvəl İlkin Əhmədov və Vüsalə Musayevanın ifasında yeni "Leyli və Məcnun"un premyerası oldu. Mən isə digər rollarımla yanaşı, 4 ildir ki, "Şah İsmayıl" operasında baş rolun - Şah İsmayılın ifaçısıyam. [b]- Məcnun rolunu Mənsum bəy və İlkin Əhmədovla yanaşı, digər gənc xanəndə Səbuhi İbayev də ifa edir. Mətbuatda bu zəmində aranızda münaqişə yarandığı bildirilmişdi. [/b] - Bilmirəm, bu məlumat haradandır. Səbuhi ilə çox gözəl münasibətim var. Kiminsə kimləsə kənarda söz-söhbəti ola bilər. Amma Opera Teatrı dövlət işidir və bizi ilk növbədə üzərimizə düşən rollar üzərində çalışmaq, müdiriyyətin etimadını doğrultmaq düşündürür. Həm də, mən, təbiətən elə insanam ki, münaqişəni sevmirəm. [b]- Sizdən sonra keçirilən növbəti muğam müsabiqələrinin nəticələrindən razısınız? [/b] - Harada ki, böyük ustadlarımız əyləşib, biz gənclərin qiymətini nəzərə almayın. Onlar bilir, kimə necə qiymət verirlər. Bir neçə il öncə müəyyən qüsurlarımı gec görürdüm. Artıq başa düşürəm ki, 30-50 il sənətdə olan münsiflərdə səhv axtarmaq doğru deyil. Onlar kimin səsinin nə yerdə olduğunu daha tez duyurlar. [b]- Muğama diqqət bütün problemləri həll edibmi? [/b] - İndiki gənc muğam ifaçısının şikayət etməyə haqqı yoxdur, çünki dövlət tərəfindən həqiqətən gözəl şərait yaradılıb. Biz gənc xanəndələrdən nə tələb olunur? Bu sənəti ustadlardan öyrənmək və layiqincə davam etdirmək. Muğam ustadlarımıza dövlət tərəfindən müəyyən məvacib, təqaüdlər verilir. Gənc xanəndələrə də Heydər Əliyev Fondu tərəfindən təqaüd verilir. Bütün bunlar muğamın dirçəlməsinə, gənclərin sənətdə inkişafına xidmət edir. [b]- Elə isə, nə üçün bəzi istedadlı xanəndələr estradaya üz tuturlar? [/b] - Vallah, bilmirəm. Amma hər şərait var. Rayonlarda da muğam evləri açılır. Hətta orta məktəblərdə də muğam sinifləri açılıb. Ölkəmizi xaricdə təmsil etmək də dövlətimizin muğama və gənc ifaçılara qayğısı nətcəsində baş verir. [b]- Təyyar Bayramovun sənət amalı nədir?[/b] - Ustadlarımız deyir ki, muğamı tam öyrənmək mümkün deyil. Qarşıma qoyduğum əsas məqsəd, gücüm çatan qədər muğamın sirlərinə yiyələnməkdir. Gələcəkdə də muğamlarımızı dəstgah şəklində lentə aldırmaqdır. Repertuarımda xalq mahnılarımızla yanaşı, bütün muğamların olmasına çalışıram. [b]- Hansısa muğam ifaçısının ölkəmizi "Avroviziya" müsabiqəsində təmsil etməsi haqqında çox danışılır. Bu missiyanı öz üzərinizə götürə bilərsinizmi?[/b] - Hər müsabiqənin öz qayda-qanunu var. Muğamı müsabiqəyə çıxarmaq məsələsi barədə qəti fikri mütəxəssislər deyə bilər. Xanəndə kimi muğam müsabiqələrində iştiraka həmişə hazıram. Amma gələcəkdə dövlətimiz muğam ifasını hansısa beynəlxalq müsabiqədə görmək istəsə, can-başla ölkəmizi təmsil edərəm. [b]- Nə kimi planlarınız var? [/b] - Bir müddət öncə xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova ilə birgə Azərbaycanın Respublika günü münasibətilə Tehrana qastrol səfəri etdik. Çıxışımız çox yüksək səviyyədə qarşılandı. Yaxın gələcəkdə, bir xanım həmkarımla duet oxumaq fikrim var. Düzdür, bəzən efirdə, elə qastrol səfərlərində xanım xanəndələrimizlə canlı şəkildə duet oxuyuruq. Gözəl xanım ifaçılarımız çoxdur. Amma hələ ki, mahnı seçimi etdiyimiz üçün, lentə almamışıq. Köhnə, amma az səslənən mahnılarımız çoxdur. Təəssüf ki, retro üslubda, xalq mahnısı ruhunda yazılan mahnılar yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA