07-06-2009 [06:00]
[b]"Daxili İşlər Nazirliyindən tutmuş, yuxarılara kimi ərizə göndərilməyən adam qalmayıb" [/b]
Xalq artisti Yalçın Rzazadə ilə Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev arasında baş verən münaqişəylə bağlı məhkəmə prosesləri davam edir. Apellyasiya Məhkəməsində də uduzan xalq artisti bu işdə qarşı tərəfin "barmağı"nın olduğunu düşünür. Ənvər Məmmədxanlı adına Kitabxanada baş verənlərdən söz açan Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev isə "Reytinq"ə məsələni başqa cür danışdı:
- Vəzifəyə təyin olunan hər bir şəxs, ilk olaraq, köhnə sərəncamları nəzərdən keçirir. Mən də Bakı Şəhəri Baş Mədəniyyət və Turizm İdarəsinə rəis təyin olunandan sonra köhnə rəisin sənədlərini araşdırdım. Gördüm ki, nazirliyin 2007-ci ildə verdiyi kollegiya qərarı yerinə yetirilməyib.
[b]- Konkret olaraq, yerinə yetirilməyən nə idi? [/b]
- Ənvər Məmmədxanlı adına Kitabxananın direktorunun vəzifədən azad edilməsi, oranın yoxlanılması, müasir formaya gətirilməsi və işçilərlə təmin olunması barədə qərar yerinə yetirilməmişdi. Hələ Polad Bülbüloğlunun vaxtında kitabxananın direktoru Roza xanıma dəfələrlə töhmət verilib və onun kitabxanadan çıxarılması məsələsi qaldırılıb. Amma bu əmri icra edən olmayıb.
[b]- Sözlərinizdən belə çıxır ki, Polad Bülbüloğlunun əmrləri yerinə yetirilməyib? [/b]
- Polad Bülbüloğlu müsahibələrinin birində belə bir ifadə işlətmişdi: "Məndən xahiş ediblər ki, Roza xanımla işin olmasın. Böyük bir şəxsiyyətin bacısıdır, ona hörmət etməyib, bəs, kimə hörmət etməliyik?".
[b]- Əgər Polad Bülbüloğlu kiminsə xahişini nəzərə alıb Roza xanımı işində saxlayırdısa, bu məsələni niyə kollegiyaya çıxarırdı? [/b]
- Bu barədə bir söz deyə bilərəm. Amma kollegiyanın qərarının yerinə yetirilməməsi ilə bağlı məruzəni mən etməliydim. Bu mənim vəzifəmdir. Məni bu işləri görmək, problemləri həll etmək üçün vəzifəyə təyin ediblər, baş verənlərə göz yummaq üçün yox.
4 ay ərzində Roza xanım 6, oğlu isə 3 dəfə qəbulumda olub. İşimi atıb onları qəbul etmişəm. Hər dəfə gəlirdi, sözünü deyirdi, mən də onu dinləyirdim və deyirdim ki, ay Roza xanım, sizin problemləriniz budur. Gəlin, onu birgə həll edək. Roza xanım isə deyirdi ki, "kitabxana mənimdir, mən onu heç kəsə verməyəcəm". Məqsədləri kitabxananı özəlləşdirmək idi.
[b]- Dediniz ki, Roza xanım 6 dəfə qəbulunuzda olub. Təklif ilk olaraq kimdən gəlib? [/b]
- Açığı, o xanım özü mənim otağıma ayaq açıb. Dəfələrlə təklif etdi ki, "Siz işləyən insansınız. Biz uzun illər Polad müəllimə müraciət ünvanlamışıq ki, kömək edin kitabxananı özəlləşdirək".
Bir dəfə də Yalçın Rzazadə zəng etdi ki, "Biz dost olacayıq, xahiş edirəm, kömək edin, kitabxananı özəlləşdirək". Mən isə dedim ki, bu məsələ səlahiyyətimdə deyil.
[b]- Söhbət binanın, yoxsa kitabxananın özəlləşdirilməsindən gedirdi? [/b]
- Əlbəttə ki, Ənvər Məmmədxanlı adına Kitabxananın yerləşdiyi binanı özəlləşdirmək istəyirdilər. Mən də dedim ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin işidir. Rzazadələr isə binanı özəlləşdirmək fikrindən daşınmırdılar. Onlar bundan ötrü hətta dəfələrlə məndən razılıq məktubu da istədilər. Yalçın müəllimin oğlu da yanıma gəldi. Açıqlamaq istəmirəm, aramızda başqa söhbətlər də oldu. Bunlar azmış kimi, ağsaqqalarını da gətirdilər. Adını çəkmək istəmədiyim həmin şəxs dedi ki, "Əlikram müəllim, bizə kömək edin, buranı özəlləşdirək". Mən isə dedim ki, belə bir məktubu sizə verə bilmərəm. Bundan ötrü Mədəniyyət və Turizm Nazirliyinin rəyi, Nazirlər Kabinetinin qərarı olmalıdır.
Bir neçə yoxlama və mübahisələrdən sonra dekabrın 15-də həmkarlar komitəsi ilə razılaşdırılmış şəkildə, heç kəsin huquqlarını tapdalanmadan, o xanımın işdən çıxarılması barədə əmr verildi. Roza xanım da mənə dedi ki, "get, əlindən gələni beş qaba çək. Mən buradan çıxmayacam. Gücün çatırsa, çıxart məni, görüm necə çıxaracaqsan". Danışmadım. Amma olanlarla bağlı həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə məlumat verdim.
[b]- Yalçın Rzazadə "Reytinq"ə müsahibəsində bildirib ki, Ə.Qarayev yolunu kitabxadan salıb və Roza xanıma "siz artıq burada heç kimsiniz",- deyib... [/b]
- Nazir nə etməliydi? İdarə rəisi mənəm, əmr də mənimdi. Əgər demişəmsə ki, işdən çıxıb, deməli çıxıb. Əmrimin yerinə yetirilməsini təmin etməliyəm.
Yeni il qabağı olduğundan, Roza xanıma yenidən rəsmi məktub göndərdik. Bildirdik ki, xahiş edirik, təhvil-təslim aktını imzalayasınız. Yəni kitabxananı təhvil verəsiniz. Bu xanım isə vəzifəsini təhvil vermək əvəzinə, bizi məhkəmə ilə hədələdi. Amma nədənsə məhkəmənin səsi-səmri çıxmadı. Yanvar ayının əvvəllərində mən öz səlahiyyətim çərçivəsində ora komissiya göndərdim. Komissiyanın iştirakı ilə kitabxana Səbinə Məmmədovanın adına təhvil-təslim edilməliydi. Amma həmin vaxt Roza xanım bir hay-küy saldı ki... Oğlunu da hadisə yerinə çağırıb. Mənə zəng gəldi ki, "Əlikram müəllim, özünü yetir, Roza xanımın oğlu bizə əl-qol atır. Söyüş söyür, artıq sözlər işlədir". Dedim ki, gözləyin, gəlirəm və getdim.
[b]- Yalçın müəllimin dediyi cangüdənləriniz də Sizinləydi, yoxsa onlar komissiya üzvalərilə birgə getmişdi? [/b]
- Cangüdənim yoxdur. Mənim elə bir vəzifəm yoxdur ki, cangüdənim də olsun. Köməkçim, mətbuat katibim, sürücüm var, amma təyin olunduğum vəzifəyə cangüdən düşmür.
Mən kitabxanaya çatanda nələr oldu... Söyüşlər, təhqirlər, Yalçın Rzazadənin oğlunun mənə hücumu, yumruq atması və s. Həm də kitbaxana işçilərinin gözü qarşısında. Roza xanım isə içərdəydi. Böyük zala girib məni görməsi ilə hücum eləməsi bir oldu. Mənə əl atdı, başladı pencəyimi dartmağa. Mən isə əllərimi qoydum belimə, dedim nə qədər istəyirsən, vur. Sən demə, bunların başqa məqsədi olub.
[b]- Onların məqsədi nə ola bilərdi? [/b]
- İnsanıq, səbrimizin müəyyən həddi var. Birdən ona hakim ola bilməyəndə, nə desən edə bilərsən. Mən isə o qədər təhqirin qarşısında dedim ki, çox sağ ol, Roza xanım!
Roza xanım anam yaşındadır. Mən ona əl qaldırmışamsa, deməli, öz anama əl qaldırmış oluram. Onda yediyim çörək mənə haram olar! Amma Roza xanım mənə nələr demədi. Bunu demək istəmirdim, madam ki, söz açılıb, qoy deyim. Roza xanım mənim pencəyimi dartanda oğlu belə bir ifadə işlətdi: "Mama, neynədi, səni vurdu? Mama, vurdu səni!?" Həmin anda başa düşdüm ki, bu, qabaqcadan düşünülmüş bir plandı. Mən onun əlindən dartılıb çıxdım və oranı tərk elədim. Oradan azca uzaqlaşmışdım ki, telefonuma zəng gəldi. Yalçın Rzazadənin oğlu idi. Deyirdi: - Hara qaçırsan? Kişi deyilsən, gəl söhbətimizi edək.
Dedim ki, mən səninlə nə söhbət edim? Mən əmr icra edirəm, sənsə məni təhqir edib, yumruq [b]atırsan.
- Deməli, Siz də məhkəməyə müraciət etmisiniz? [/b]
- Bəli. O məni məhkəməyə verib, mən də onu. Roza xanımın şikayətinə Səbail rayon Məhkəməsində baxıldı. O, iddia edir ki, guya mənim onu işdən çıxarmağımla bağlı əmrim düz deyil. Məhkəmə isə təsdiqlədi ki, əmr düzgün verilib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı.
[b]- Yalçın Rzazadə isə iddia edir ki, məhkəməyə yuxarıdan tapşırıq verilib... [/b]
- Roza xanıma və Yalçın Razazadəyə bu gün də hörmət var. Yalçın müəllim böyük sənətkardır. Azərbaycanın mədəniyyəti və incəsənətində sözün həqiqi mənasında sənəti olan 10 sənətkar varsa, onlardan biri də Yalçın Rzazadədir. Amma onun övladının mənə qarşı təhqirlərini, əl-qol atmasını Yalçın Rzazadəyə yaraşdırmıram. Buna baxmayaraq, baş verənlərə Yalçın Rzazadənin sənətinə görə göz yummağa hazıram. Yəni ərizəmi məhkəmədən geri götürə bilərəm. Amma bir şərtlə...
[b]- Hansı şərtlə?[/b]
- Yalçın Rzazadə məndən və məsələdə adı hallanan başqa insanlardan üzr istəməlidir. Çünki o, tanınmış bir sənətkar kimi həmin şəxslərin ünvanına təhqiramiz ifadələr işlədib. Hisslərə qapılıb, ağzına gələni danışıb.
[b]- Söhbət nazir Qarayevlə AZAL-ın rəhbəri Cahangir Əsgərovdan gedir? [/b]
- Bəli. Onları da heç bir əsas olmadan ittiham edib. Ünvanlarına pis sözlər işlədilib. Əslində isə bu məsələdə həmin insanların təqsiri yox idi. Problemin əsası Polad Bülbüloğlunun vaxtında qoyulub. Həmin kitabxananın fəaliyyəti sıfra bərabər olub. Belə olan halda, mən nə eləməliydim?
Roza xanım öz oğlunu, gəlinini kitabxanaya işə düzəldib. Hansı direktor öz oğlunu şöbə müdiri təyin edib? Uzun illər onun oğlu şöbə müdiri kimi həmin kitabxanadan maaş alıb.
[b]- Yalçın Rzazadənin dediyinə görə, məhkəmə prosesinə cənab Qarayev tərəfindən də müdaxilələr olub...[/b]
- Yox, yalandır. Əksinə, mənə qarşı təzyiqlər olub. Özü də saysız-hesabsız. Sənədlər var, araşdıra bilərik. Daxili İşlər Nazirliyindən tutmuş, yuxarılara kimi ərizə göndərilməyən adam qalmayıb. O rayon qalmayıb ki, prokurorluğa ərizə getməsin. Nə qədər insanların qəbulunda olub. Açığı, baş verənlərə heyfslənirəm. Təəssüflər olsun, qızıl kimi vaxtımı onlara ayırdım. Bəlkə də həmin vaxt ərzində mədəniyyətə aid gözəl işlər görə bilərdim. Amma eybi yox, elə bilərəm Roza xanım anamdı. Onun oğlunun mənə qarşı təhqirlərini, aqressivliyini isə heç vaxt bağışlaya bilmərəm.
[b]- Yalçın müəllimin oğlu üzr istəsə necə? [/b]
- İstəmirəm onun üzürünü. Yalnız Yalçın müəllim mətbuat konfransı keçirib, həm Əbülfəs Qarayevdən, həm də Cahangir Əsgərovdan üzr istəməlidir. Əgər Yalçın Rzazadə üzr istəsə, onun oğlunu bağışlayacam.
[b]- Bəs, Roza xanımın öz işinə qayıtması necə? [/b]
- İşə qayıtmaq söhbəti başqadır. Yəni bu məsələ ilə bağlı hər şey bitib.
[b]- Əlikram müəllim, istərdik ki, mövzunu dəyişib Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinin yeni planları barədə də söhbətləşək. Hansı yeniliklər gözlənilir?[/b]
- Mən nazirlikdə işləyən dövrdə kollektivlə birlikdə yeni layihə hazırlamışdıq: "Mədəniyyət mərkəzlərinin yaradılması". Bölgələrdə mədəniyyət mərkəzlərinin yaradılması isə nazirliyin xəttiylə həyata keçiriləcək. Bu layihə Bakıətrafı kəndlərdə, ilk olaraq, Binə qəsəbəsindən başladı. Yəni kompleks halında bir bina - içərsində kitabxanası, mədəniyyət evi, sərgi salonu, bir sözlə, müxtəlif dərnəklərin fəaliyyəti üçün geniş bir məkan olacaq. Onların birgə fəaliyyəti koordinator kimi daha müsbət nəticə verəcək. Cənab nazir bu layihəni məxsusi dəstəklədi. Layihə Gəncədə, Zaqatalada, Lənkəranda da həyata keçiriləcək. Artıq Binədə bina tikilib, yaxın zamanda təhvil veriləcək. Mən ilk olaraq, bundan başladım.
[b]- Oturduğunuz kresloya sahib olduğunuz gündən bir il keçir. Bu müddət ərzində Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsində hansı işlər görülüb və görüləcək? [/b]
- Hər hansı bir şəxsin 3 il bir vəzifdə qalmasını normal sayıram. İnsan öz bacarığını 3 il ərzində göstərə bilər. Əgər bacarığım yoxdursa, bu kreslo mənə haramdır. Çünki mənə etimad göstərilib. O etimadı doğrutmalıyam. Mən istəyirəm ki, mədəni-maarif müəsissələrimizin fəaliyyəti daha geniş və müasir tələblərə cavab versin. Kitabxanalarda tozlanmış kitablar görmək istəmirəm. Düzdür, bu qlobal problemdir. Bizim çox gözəl kitabxana işçilərimiz var. Təəssüflər olsun ki, onların 15 faizi işləmək həvəsini itirib. İnsanlarda özlərinə qapanma gedib.
Mən bu vəzifəyə təyin olunan kimi Qubada iki günlük treniq kursları təşkil etdim. Orada 370 mədəniyyət işçisi həm istirahət etdi, həm də treniqlər keçdi. Bu, gözəl əks-səda verdi. Çalışıram ki, onların iş şəratini düzəldəm, problemlərini həll edəm.
Kitabxanalarda informasiya texnologiyaları tətbiq olunmalıdı. İlin başlanğıcında Qorki adına Kitabxanada informasiya texnologiyasını yaratdıq. Orada söz verdim ki, ilin sonuna kimi daha 4 informasiya texnologiyası yaradılacaq. Dünən isə məlumat gəldi ki, artıq 4 layihə üzərində iş gedir. Təklif gəldi ki, bu ilin sonuna kimi daha iki layihə də təhvil verilməlidi. Hər bir kitabxanının saiti və fondu olmalıdı. Bu, Əlikram Əliyevin təşəbbüsü deyil, ölkə prezidentinin tələbidir.
[b]Bahar RÜSTƏMLİ[/b]