Həbsdə olan baz redaktor Eynulla Fətullayev mükafat alıb

img

03-06-2009 [11:49]


Beynəlxalq Amnistiya (Amnesty İnternational) ?Gündəlik Azərbaycan? və ?Realnı Azerbaydjan? qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə xüsusi mükafat verib. ?Media forum? xəbər verir ki, mükafatı London Kinematoqrafiya İnstitutunda təşkil olunmuş tədbirdə təşkilatın Britaniya bölməsinin rəhbəri Keyt Allen təqdim edib. E.Fətullayevin adından mükafatı ?Observer? qəzetinin redaktoru Con Makholland alıb. Keyt Allen tədbirdəki çıxışında E.Fətullayevin qorxmaz jurnalist olduğunu deyib: ?Belə adamlar ancaq ona görə böyük risk altında qalırlar ki, fikirlərini azad ifadə etmək hüquqlarından istifadə edir və öz işlərini professionallıqla yerinə yetirirlər. Beynəlxalq Amnistiya təşkilatı Azərbaycan hakimiyyətini Eynulla Fətullayevi dərhal, qeyd-şərtsiz azadlığa buraxmağa və azad sözü boğmaq cəhdlərinə son qoymağa çağırır?. Beynəlxalq Amnistiya Təşkilatının xüsusi mükafatı Britaniya şöbəsinin və beynəlxalq katibliyin ekspertlərinin tövsiyəsi əsasında verilir. Təşkilat bu mükafatı 11 ildir təqdim edir. E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Bu həbsə Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiası səbəb olub. Jurnalist 2005-ci ildə qələmə aldığı ?Qarabağ gündəliyi? adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan bir ay sonra Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Söhbət ?Realnı Azerbaydjan? qəzetində yerləşdirilən, ABŞ-ın İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan gedir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub. MTN-də başlanan istintaqla əlaqədar E.Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. E.Fətullayevə 242 min 522 manat həcmində cərimə də kəsilib. Onun şəxsi əmlakı olmadığına görə hökmdə əmlak müsadirəsi nəzərdə tutulmayıb. Bununla belə göstərilib ki, ?Gündəlik Azərbaycan? və ?Realnı Azerbaydjan? qəzetlərinin ofisində 2007-ci ilin mayında MTN-in apardığı axtarış zamanı götürülən 23 ədəd kompüter müsadirə olunmalı və geri qaytarılmamalıdır. Eynulla Emin oğlu Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, ?İstiqlal? qəzetinin yazarı kimi gəlib. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E.Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi ?Monitor? jurnalında çalışıb. 2005-ci ildə E.Hüseynovun qətlindən sonra ?Monitor? bağlananda E.Fətullayev ?Realnı Azerbaydjan?, ?Gündəlik Azərbaycan? qəzetlərini və ?Azerbaydjan v mire? jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib. Ancaq iki ay sonra ?Realnı Azerbaydjan?, ?Gündəlik Azərbaycan? qəzetlərini yenidən buraxmağa başlayıb. E.Fətullayev tutulandan az sonra onun nəşrləri fəaliyyətini dayandırmağa məcbur olub. E.Fətullayev hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR