Meriya gənclərin matəm mitinqi keçirməsinə icazə verməyib

img

08-05-2009 [03:27]


Bakı şəhər İcra Hakimiyyəti Neft Akademiyasında baş verən terrorla bağlı bir qrup tələbə və gənclərin mayın 10-da matəm mitinqi keçirməsinə icazə verməyib. Bu barədə musavat.com-a müraciətçilərdən biri - Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib. T.Abbaslı bildirib ki, tələbələr və məzun gənclər müraciətlərində üç meydandan (Füzuli meydanı, Cəfər Cabbarlının heykəlinin yanı və Heydər Əliyev adına Sarayın qarşısı) birində matəm mitinqi keçirməyə icazə istəyiblər. Ancaq Bakı şəhər İcra Hakimiyyətindən verilən cavabda göstərilib ki, Cəfər Cabbarlı heykəlinin önündə əhali və avtomobillər intensiv hərəkətlər etdiyi üçün orda kütləvi tədbir keçirmək məqsədəuyğun deyil. Füzuli meydanında təmir və abadlıq işləri aparıldığından mitinqə yaramır, Heydər Əliyev adına Sarayın qarşısında piyadalar üçün ərazi az olduğuna görə, o da münasib yer deyil. Beləliklə, BŞİH hər üç məkanda mitinq keçirilməsini sanksiyalaşdırmaqdan imtina edib. Bundan başqa, məktubda qeyd olunub ki, mayın 10-da və 11-də Heydər Əliyev adına Sarayın qarşısında Gül bayramı keçiriləcək və ona görə də həmin gün matəm mitinqinin keçirilməsi məqsədəuyğun deyil. T.Abbaslının fikrincə, bununla da BŞİH özünü təkzib etmiş olub: ?Adıçəkilən sarayın qarşısında mitinq keçirmək üçün yer yoxdur deyirlər, amma həmin gün orada bayram keçirirlər?. T.Abbaslı qeyd edib ki, matəm mitinqinin keçirilməsinə icazə verilməməsinə baxmayaraq, həmin gün gənclər müxtəlif formada etiraz aksiyaları keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR