Zəlimxan Yaqub: "Habil Əliyevin, Qədir Rüstəmovun, Rəmizin, Alim Qasımovun dəliliyinə ezq olsun!"

img

26-04-2009 [03:28]


[b]Başıma bir iş gəlməsə, Azərbaycan sazı bütün dünyanı fəth edəcək[/b] Aşıqlar Birliyinin qurultayından bir ilə yaxın vaxt keçir. Aşıq-ozan sənətini YUNESKO-ya qədər aparan xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaquba isə oturmaq üçün hələ də ofis verməyiblər. Şair isə "Mən bir ev istəyirəm - ozan evi, saz evi" deyə-deyə, hələki Aşıqlar Birliyinə veriləcək binanın xəritəsini cızır. - Hamı bilir ki, Aşıqlar Birliyinin oturmaq üçün yeri yoxdur. Neçə dəfə mənə yer göstəriblər. Açığı, o yerlərin heç biri ürəyimcə olmayıb. [b]- Nəyə görə?[/b] - Çünki Aşıqlar Birliyinə veriləcək binanın geniş olmasını istəyirəm. Çox istərdim ki, həmin binada muzey, kitabxana, səsyazma studiyası, sərgi salonu da yerləşdirmək mümkün olsun. Təklif edilən yerlərdə isə saydıqlarımı tapa bilmədim. Bir gün gəldim evə, durdum güzgünün qarşısında və öz-özümə dedim: "Ay Zəlimxan, sən nə istəyirsən? Nədir bu "ozan evi, saz evi?". Birdən-birə ürəyimin könül çeşməsinin gözündən elə bir daşı tərpəndi. Dedim ki, "Mən bir ev istəyirəm - ozan evi, saz evi... Beləcə, Aşıqlar Birliyinə veriləcək binanın böyük bir xəritəsini çıxardım. Mən nə istəyirəm? Mən, Zəlimxan Yaqub saz üçün dünyanı istəyirəm. Ozan bütün türk dünyası deməkdir. Saz bizim ruhumuzun ən zəngin tərcümanı deməkdir. 21-ci əsrin 10 ili yaxınlaşır. Şoular, hay-küylər, çığırtılar, bağırtılar... Bunların arasında sazın və ozanın yeri hardadır? Nə edə bilərik ki, milləti hay-küydən aralıyıb, özünün zəngin və tükənməz xəzinəsinə qaytaraq? Məqsəd budur. Zəlimxan Yaqubun əlləşdiyi, vuruşduğu budur! Aşıq sənətiylə bağlı söhbət edəndə, mən havasız danışa bilmirəm. Öz-özümə havalanıram. Çünki 72 hava, doğrudan da havadır. O havaları yaradan adam özü havalanıb ki, onlar yaranıb. Bəs, hava nədir? Havalanmaqdı, dəlilikdi, Məcnunluqdur, Kərəmlikdir, Fərhadlıqdı. Gənclər bu havaların üstündə tərbiyyələnməlidir ki, öz dədə-babasının, yeddi arxa dönəninin, əcdadının kim və nəyə qadir olduğunu bilsin. Parıltılara qaçmasın. 60 yaşa çatmış, dünyanın çox ölkələrində çıxış edən bir adam kimi bilirəm ki, Azərbaycan xalqının ozan-aşıq ədəbiyyatı ilə dünyanı silkələmək olar. İnsan nədir, bununla hətta daşı da ayağa qaldırmaq olar. Çünki orada sağlam və ölməz müqəddəs bir ruh var. Bir bəndin canında olan hikməti duyan adam Allah, Peyğəmbər adamı ola bilər. Əgər duysa və dərk eləsə! Bu mənada aşıq sənətinin o qədər dərinliyi, ucalığı və genişliyi var ki... Özümü həlak eləmək səviyyəsində marağım var ki, gəncliyim öz gələcəyinə, dədə-babasının ona ərmağan etdiyi nemətlə getsin. Fransız, yapon, bir sözlə, hər xalq öz milli dəyərlərini önə çəkir. Çünki dünya çox çalxalandı, silkələndi, duruldu və sonda hər bir xalq başa düşdü ki, ən böyük yenilik elə qədimilikdir. Bir şərtlə ki, onu ağıllı şəkildə müasirləşdirə, zənginləşdirə biləsən. [b]- Siz qədimilikdən danışırsınız. Amma bu gün Sizin keçmişlə zənginləşdirmək istədiyiniz gənclik daha çox Avropaya meyillidir... [/b] - Doğrudur. Biz elə etməliyik ki, Avropaya meylli gənclik ayılsın. Başa düşsün ki, Avropa süni parıltıdır. Mahiyyət Şərqdədir, türk dünyasındadır, Şərqin neçə min illiklərə gedib çıxan dərinliklərindədir. Qərb müasirdir, cavandır. Şərq isə gör nə qədər qədimdir. Biz bu günlərdə Fransaya getmişdik. Bir daha gördüm ki, sazım, ozanım Fransız xalqını ayağa qaldırır. Əgər alqış sədası salonu titrədirsə, deməli, bu, bütün dünya xalqlarını ayağa qaldırmağa qadir olan bir sənətdir. Qoy, Avropaya meyl edən gənclər görsün ki, orada saza nə böyüklükdə ehtiram var. Fransalı musiqi mütəxəssisləri mənimlə söhbətdə heyrətlərini gözlədə bilmədi. "Bu nə möcüzədir, balaca bir şeydir, o necə səs salır, necə ürəkləri titrədir",- deyirdilər. Dedim, bəli, saz ürəkləri ağrıdır. Çünki onun 9 teli var, amma bir orkestirdir. 9 teldə türk dünyasının 72 ana havası yaşayır. Bunun zili də, bəmi də, sevinci də, kədəri də, qələbəsi də var, məğlubiyyəti də. Saz dünyası çox zəngindir. Gənclərimiz sazı dünyaya təqdim etdi, Avropa heyran qaldı. Bütün qəzetlər yazdı. Sazdan doğulan Zəlimxan Yaqub Fransada onu özü üçün yenidən dünyaya gətirdi. İlahi, bu dəhşətdir, bu nə sehrdir! Deməli, biz sazı düzgün təqdim etməliyik. Onun təbliği, tədrisi düzgün aparılmalıdır. Təəssüflər olsun, biz aşığı, sazı lağ hədəfinə çevirəndə ermənilər güclü təbliğat apardılar. Sazı erməni musiqi aləti kimi dünyaya tanıtmağa çalışdılar. Almaniyada ürəyimdən əməliyyat olunan vaxtlar idi. Küçəylə gedirdim, gördüm bir sazbənd dükanı var. Avropa, saz və ürəyi yaralı Zəlimxan... Düşündüm, - Allah bu nə dərddi verdin mənə? Ya öldür, ya qurtar məni. Tez özümü atdım ora, arxadan tutdular. - "Zəlimxan, neynirsən?" Dedim, - saz yaralı ürəyimə məlhəmdir. Dedilər, - "Ay bədbəxt, bu erməninin saz dükanıdır". Təsəvvür edin, ən gözəl küçədə ermənilərin saz dükanı var. Buna dözməkmi olar? Niyə yaşayır Zəlimxan? Görün, biz bu musiqi alətinə nə qədər biganə baxmışıqsa, düşmən də fürsəti əldən vermədən bizim sərvəti qamarlayaraq özününküləşdirib. Sağ olsun prezident İlham Əliyevi, sağ olsun Mehriban Əliyevanı ki, muğamı YUNESKO-ya təqdim edəndən sonra saza sahib çıxdılar. Mehriban xanım "Sazımıza sahib çıxmasaq, ermənilər onu da alacaq",- deyib, hamını ayağa qaldırdı. Ermənilər yeməyimizi, xalçamızı, bütün musiqi alətlərimizi qamarlayıb. Sabah mətbəximizə də yiyə duracaqlar. Ona görə prezident İlham Əliyev çox haqlı olaraq bildirdi ki, "hara baxırsınız, gəlin mədəniyyətə sahib çıxaq". Avopaya gedən gənclik Avropaya deyil, lap kosmosa da çıxsa, bilməlidir ki, ana musiqi, kök və onu yurda bağlayan Azərbaycan adlı məmləkətin, aranına-yaylağına, daşına-qayasına, kökünə-budağına bağlayan bir müqəddəslik var, o da bu musiqidir. Onu sevmək, əzizləmək, qorumaq və yüksək səviyyədə təqdim etmək lazımdır. Amma bu sənəti gözdən salmaqda televiziya kanallarının da günahı olub. Dəxli olmayan adamları ekrana çıxarıblar. Aşıq sənətini hörmətə mindirmək əvəzinə, onu hörmətdən salıblar. Ancaq biz kursu və istiqaməti tamamiylə dəyişməliyik. [b]- Danışan çoxdur, iş görənsə az. Azərbaycan mədəniyyətinin param-parça olmasında konkret olaraq kimi ittiham edək? [/b] - Elə özümüzü. Gəncliyimiz və ağsaqqalarımız böyük ustadlar yetişdirən sənətə biganə yanaşıblar. Buraxdığımız səhvi özümüz düzəltməliyik. Saz şəhər üçün deyil. Saz dəmirləşən, robotlaşan, internetləşən, texnikalaşan şəhər üçün olmayıb. Amma bu gün saz kənddən şəhərə, şəhərdən isə Avropaya çıxıb. Saz bu günlərdə YUNESKO-nun qeydiyyat kitabına düşəcək.Tarixdə etdiyimiz səhvlərə, biganəliklərə son qoymaq üçün bu sənətin ətəyindən yapışmalıyıq. Elədiyimiz günahları savaba çevirmək üçün biz sazın və ozanın istiqamətini xalqa qaytarıb, onun içində kamil, püxtələşmiş, ədəb-ərkanı yerində olan bir gənclik ordusu yaratmalıyıq. Yalnız həmin gənclik ordusu bizi sağ-salamat saxlayıb, mənəviyyatımızı zədələnməkdən qoruyar. [b]- Azərbaycan muğamını YUNESKO-ya xalq artisti Alim Qasımovun səsi tanıtdırdı. Bəs, aşıq-ozan sənətində bu yük hansı ustadın boynuna düşəcək? [/b] - Orada Alim Qısımovun söhbəti getdi. O, muğam sənətində bir inqilab etdi. Alim muğamı Avropaya, oradan isə bir başa dünyaya çıxardı. Mən dağa-daşa düşmürəm, o inqilabı gözümlə görmüşəm. Şişirtmirəm, olanı deyirəm. Beş gənc, aşıq sənəti ilə Fransanı silkələdi. Ona bütün dünya baxırdı. Hər yerdən mənə "bu nə möcüzədir, nə sehirdir",- deyə telefon zəngləri gəldi. Muğam sənətində Alimin etdiyi inqilabı aşıq sənətində beş aşıq etdi. Təsəvvür edin, 500 nəfərlik zal, ağzına kimi dolu, hamısı da fransız. Saz çalınır, ifa gedir, təsbeh çəksən eşidilər. İlahi bir sevgiylə hamı çalğını dinləyir. Aşıq sazda axırıncını vurub, havanı bağlayır. Bir adam əl çalmır. Təxminən bir dəqiqədən sonra elə bil dağların çayı salona axdı, alqış səsləri göyə qalxdı. Bunlar musiqini dərk edib, canlarına hopdurandan sonra münasibət bildirdilər. Strasburqda da belə oldu. 600 nəfərlik zal. Avropa Şurasının 60 illiyi ilə bağlı plana Azərbaycan aşıqlarının konserti də daxil edilmişdi. Həmin konsertə iclas nümayəndələri ilə yanaşı musiqi mütəxəssisləri də gəlmişdi. Proqrama aşıq poeziyasının görkəmli nümayəndələri ilə yanaşı sazın maraqlı havaları salınmışdı. Sonda Səməd Vurğunun "Azərbaycan" şeiri səslənməliydi. Sazda buna "paşa köçdü" havası deyirlər. Təəssüflər olsun ki, o konsert video-lentə çəkilmədi. "Paşa köçdü" havası tamaşaçıların canına elə hopdu ki, bütün salon ayağa qalxıb "Azərbaycan" dedi. Gözümdən yaş sel kimi axdı. Yəni Alim Qasımovun muğamda etdiklərini sazda çox yüksək səviyyədə etmək mümkündür. Buna zərrə qədər şübhəniz olmasın. [b] - Bəlkə adsız, ünvansız danışmayaq. Kimdir o qəhrəman? [/b] - Azərbaycanın çox istedadlı saz ustaları. O, beş nəfərin hər biri Fransada bir möcüzə yaratdı. YUNESKO-ya dedik ki, baxın ay Avropa, bu bizik. Mən, həmin beş nəfərlə kosmosa da çıxmağa hazıram. Onlar Aşıq Ramin, Aşıq Altay, Aşıq Nemət, Aşıq Samirə və balabançı Qəzənfər Quliyevdir. [b]- Balaban da YUNESKO-da təqdim ediləcək? [/b] - 6 il bundan əvvəl erməni mətbuatında balabanın erməni musiqi aləti olması barədə məqalələr dərc edilmişdi. Mən də bunu düşünüb qəsdən balabanı həmin konsert proqramına saldım ki, görsünlər bu bizə-Azərbaycana məxsusdur. Fransaya gedən heyətdə proqramda klassik müasir şairlərimizin təqdimatı, həm klassik havaların rəngarəng təqdimatı, həm də gənc istedadlıların fonunda sazın təqdimatı. Bu çıxaşlar sübut etdi ki, biz nəinki Avropada, hətta dünyada belə ən yüksək inqilab edə bilərik. Azərbaycan sazının sehri, möcüzəsi dünyanın heç bir musiqi alətində yoxdur, ola da bilməz. Gədəbəyli İlqar İmamverdiyev var, Türkiyədə yaşayır, imkanım olsa, onu Azərbaycana qaytaracam. O, sazda Azərbaycanın dövlət himnini çaldı. Zəlimxan dəli oldu. Gözümün yaşı selə döndü. Dövlət himnim mənim sazımda çalınır. Saz himnimin dilində necə danışır? Saz dövlətin, millətin, ruhumun dilində danışır. Gərək istək və xoş münasibət olsun. Məhəbbət olan yerdə xaliqələr yaratmaq mümkündür. Deyirəm və sözümün arxasında da dururam. Başıma bir iş gəlməsə, Azərbaycan sazı bütün dünyanı fəth edəcək. Kislovodskidə dincəlirdim. Orada Lermontovun ev muzeyi var. Hardansa eşidiblər ki, Zəlimxan Yaqub buradadır. Məni ora dəvət etdilər. Getdim, muzeylə tanış oldum. Baxdım ki, divardan bir saz asılıb. Onun yanına çatanda dedilər ki, "erməni musiqi aləti-saz". Dedim saxla. Əgər məni Azərbaycan şairi kimi sayıb çağırmısınızsa, icazə verin, sizin bu təqdimatı şərh edim. Dedim erməni kimdir, bu Azərbaycanın, Zəlimxan Yaqubun sazıdır, sən nə danışırsan. Dedi, ay qardaş, biz neyləyək axı, onu belə təqdim ediblər. 60 ildir mən özümü az qala öldürürəm ki, ay millət, xəzinənə sahib çıx, onu oğurlamasınlar. Amma millət ayılmır. Torpağımızla bağlı başımıza nə müsibətlər gətirdilər. Daha bunlar nə etmədilər? Ona görə özümü öldürürəm ki, ay millət, gəlin bu dövlətin, prezidentin bizim qarşımıza qoyduğu müqəddəs vədləri yerinə yetirib, öz xəzinəmizə sahib çıxaq. Bizsə vəzifə üstündə az qala bir-birimizi qırırıq. Yer üzündə bizdən varlı xalq yoxdur. Amma bəzən mən bu varlı xalqı miskin görəndə intihar etmək istəyirəm. Bu bədbəxt özünə niyə baxmır? Düşünürəm ki, niyə öz yolunu qoyub, hay-küyün arxasınca gedirsən? Şou, teleseriallar, əttökən çıxışlar, çılpaq geyimlər, hansını deyim, ay bala?! Ay kişi, bir dayan, geriyə bax, gör sənin xəzinəndə nələr var. Hara gedirsən ay millət? Biz Azərbaycanlıyıq. Deyirlər gəlin Avropalaşaq. Xeyir. Gəlin azərbaycanlaşaq. Avropada gedən iyrənc proseslər, yatağa qədər uzanan şərəfsiz "yenilikləri" Azərabycana gətirib bu xalqı bədbəxt etməyək. Amerikanın 300 il tarixi var, mənimsə 30 min illik tarixim. Kim kimdən öyrənməlidir? Hansı millət qədimdir? Niyə mən məcburən Avropalaşmalıyam. Zəhmət çəksin, Avropa gəlib Azərbaycandan öyrənsin, görsün burda nə var. Bizdə ailə, ünsiyyət, xidmət mədəniyyəti də gözəldir. Qurulan bircə ailə dağılanda hamı dəhşətə gəlir. Avropada isə bu adi bir şeydir. Gəlin, tarixə, yaddaşa sazın bizi tərbiyyə etdiyi vəziyyətdə qayıdaq. Gəlin, bu incəlikləri saxlayaq. Qadınlarımızı qürurlu ana, kişilərimizi kişi görək. Bunların hamısı sazın içindədir. Yaradaq, yaşadaq. Təki çalan barmağın, döyünən ürəyin olsun. [b]- Alim Qasımov Azərbaycan muğam sənətini YUNESKO-da qeydiyyata salandan sonra hamı onu "dəli", "başı xarab" adlandırdı. Zəlimxan Yaqub özünə "dəli" damğası vurulmasından qorxmur ki?[/b] - Zəlimxan Yaqub qurban olsun Alimin dəliliyinə. Eşq olsun o dəliliyə! O sənət dəliliyidir. Gör, Alimin bu dəliliyi Azərbaycan muğamını hara qaldırdı. Sənət özü dəlilikdi, Məcnunluqdu. Oturub özünü dahi, müdrik göstərmək başqa şeydir. Sənət isə dəlilik sevir. Mən danışıram, özümü dəli kimi aparıram. İçərimdə bir hava var, qoymur, qaynadır məni. Məndən asılı deyil. Alim Qasımovun dəliliyinin qarşısında Zəlimxan Yaqub baş əyir. Mən onunla fəxr edirəm. Kaş belə dəlilərdən 20-si olaydı. Dəliliyilə bütün dünyaya meydan oxuyub, allahlıq edəydi. Aşıq sənətinin də dəliləri var. Koroğlunun başında 7777 dəli vardı, qırılmışın arasında bircə ağıllı yox idi. Yəni eşq olsun o dəliliyə ki, bu mənim xalqımın sənətinin üstündə əldə olunub. Elə Aşıq Ədalət də Allahın dəlisidir. O dəlilik olmasaydı Ədalət Ədalət olmazdı. Ədalət saza bir dəlilik, bir məcnunluq gətirdi. Belə bir söz var, filankəs dəli-dolu adamdı. Dəlilik doluluqdan gəlir. Boş adam dəli ola bilməz. Azərbaycanda Habil Əliyevin, Qədir Rüstəmovun, Rəmişin, Alim Qasımovun dəliliyinə eşq olsun! Bunlar millətin pasportudur. Hara getsən, bu dəlilərlə fəxr etməliyik. Milyon ağıllının etmədiyini bir dəli edir. Aşıq sənətində də dəliliyi, yanğınlığı, Kərəmliyi Aşıq Ədalət yaratdı. Bunları dəli edən kamal dünyasının xəzinəsidir. Yoxsa Zəlimxan deməzdi ki: Əl açıb göylərə çox yalvarmışam, Qoy bu gün saz olsun Allahım mənim. İstəyim Tanrının xətrinə dəysə, Gərək bağışlana günahım mənim... Saz Azərbaycan musiqisinin pasportudur, ana musiqisidir, vizitkartıdır. Görün, millətin dərdini bu saz necə deyir? Saz min illərlə bundan əvvəl dərd deyib, nalə çəkib. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR