Fuad Əsədov: ?Foqts bura pul qazanmağa gəlib, vəssalam?

img

16-04-2009 [04:57]


[b]AFFA-nın keçmiş baş katibi Fuad Əsədov Supersport.Az-a müsahibə verməklə sükutu pozdu[/b] AFFA-nın keçmiş baş katibi Fuad Əsədov çoxdan mətbuatda görünmürdü. Uzun illər federasiyada rəhbər vəzifələrdə çalışmış Fuad müəllimdən son vaxtlar baş verən proseslərə münasibət öyrəndik. O, Premyer liqanın mövcud siması, AFFA-nın yeni rəhbərliyinin yürütdüyü siyasət, millinin oyunu və sələfi Elxan Məmmədov barədə fikirlərini bölüşdü. ?QAYDALARA BAXMIŞAM, YAZILMAYIB Kİ?? [b]- ?Olimpik? - ?Bakı? matçı zamanı və ondan sonra baş verənlərdən, yəqin ki, məlumatınız var. Oyunun yenidən keçirilməsi üçün ?Olimpik?in irəli sürdüyü şərtlər də bəllidir. Gəlin, öncə bundan danışaq.[/b] - Görün, sizə nə deyirəm, bu ?Fair play?i ona görə icad ediblər ki, futbolda sərbəstlik və çılğınlıqla bərabər, düzgünlük olsun. Hər yerdə də bunu qəbul ediblər. ?Olimpik?in o qolu vurması təvazökarlıqdan çox-çox uzaqdır. Çox söz demək olar bu qola. Nə bilim, peşəkarlığa, kişiliyə zidd hərəkət də adlandırmaq olar. Oyunu təzədən keçirmək barədə isə, mənə elə gəlir, qanunda maddə yoxdur. Sadəcə, iki klub bir yerə yığışıb, qərar qəbul edə bilər. Lakin bu halda da ?Fair play?in ikinci bəndi pozulur. Başqa komandalar da var axı. Fərz eləyək ki, oynadılar, hər ikisini ?Bakı? uddu. Ya da ?Olimpik? uddu. Onda fikir verin, iki komandadan birinin vəziyyəti çox pisləşəcək. Turnir cədvəlində nisbi dəyişiklik, yerdəyişmə olsa, o birilər narazı qalacaq. Özləri bilər, etiraz edə də bilərlər, etməyə də. İnsandırlar, hamısı deyə bilər ki, razıyıq. Ya da əksinə. Amma qaldırılan məsələ dünya miqyasında qəbul olunmayan bir şeydir. Özümüzdən təzə bir şey icad etmək istəyiriksə, qoy, təzədən oynasınlar. Yarışların keçirilməsi qaydalarından ibarət kitabça var, orda oyunun təkrar keçirilməsini şərtlərləndirən səbəblər göstərilib. Qaydalara baxmışam, yazılmayıb ki, bir komanda topu bilərəkdən auta çıxarsa, qarşı tərəf onu onlara qaytarmalıdır. Yaxud belə vəziyyətdə qol vurularsa, oyunun təkrar keçirilməsindən söhbət getmir. [b]- Zöhrab Qədiyevin başçılıq etdiyi hakimlər briqadası da öz işinin öhdəsindən gəlmədi, birtərəfli qərarlar verdi. Bu oyunun təzədən keçirilməsinə əsas vermir?[/b] - Niyə belə deyirsiz? Sizə elə gəlir ki, o, işinin öhdəsindən gəlməyib? [b]- Qalmaqallar elə onların üzündən baş verir də.[/b] - Hakim neyləsin ki, ?Olimpik?in futbolçusu həmin epizodda topu ?Bakı?ya qaytarmadı. Zöhrab oyunu saxlayası, Mahir Şükürova qırmızı vərəqə verəsi deyil. Meydandan qova da bilməzdi. [b]- Mahirin Ernad Skuliçi sillə ilə vurduğu epizoda nə deyirsiz, qırmızı vərəqə verməli deyildi?[/b] - Yəqin, hakim belə hesab edib ki, ona ?qırmızı? verməyə də bilər. Mən demirəm, bizim hakimlər ən yüksək səviyyədədir. Onların tayları-bərabərlərinin olmamasını demək də istəmirəm. Biz çempionatı bunlara etibar etmişiksə, verdikləri qərarlara da hörmətlə yanaşmalıyıq. Əgər bir hakim işinin öhdəsindən gəlmirsə, bu, ayrı məsələ. Onun üçün rəhbərlik var, komitə var. Müəyyən müddətə cəzalandıra da bilər, kənarlaşdıra da. Lakin hakimin oyun ərzində hakimin verdiyi qərar dəyişdirilə bilməz. Bütün dünyada bu, belədir. ?ƏŞŞİ, ƏHMƏDAĞADIR DA, QOY DANIŞSIN? [b]- Hakim-inspektor Əhmədağa Cabbarov saytımıza verdiyi müsahibədə bəzi məsələlərdə keçmiş AFFA rəsmiləri kimi sizi, Əli Hüseynovu suçlayır. O, iddia edir ki, hakimlərin yoldan çıxarılmasının səbəbkarları siz ikinizsiz. Deyir ki, əgər Anar Niyazovla Babək Quliyev istintaqa cəlb olunsa, hər ikiniz da onlarla yanaşı əyləşməlisiniz.[/b] - Əhmədağa deyib bunu. [b]- Bəli.[/b] - Əşşi, Əhmədağadır da, qoy danışsın. O, məni hər dəfə görəndə az qalır ki, qucaqlayıb, marça-murç öpsün. Belə adamlar çoxdur. AFFA-da da var, hakimlər içərisində də. Onu AFFA-ya mən dəvət edib, Hakimlər Komitəsinə sədr qoymuşam. [b]- Mən Əhmədağa Cabbarovu deyirəm. Siz onu Gülağa Cabbarovla səhv salırsız.[/b] - Hə, Əhmədağanı deyirsiz? Gülağanın qardaşını deyirsiz də? [b]- Bəli.[/b] - Əşşi, buraxın onu, nə danışırsa, danışsın. O, kimdir ki, bizim işimizə qiymət versin. Onun nə deməsi məni qətiyyən maraqlandırmır. Mən elə bildim, siz Gülağanı deyirsiz. [b]- Yox, söhbət onun qardaşının müsahibəsindən gedir.[/b] - Onu səkkiz il qabaq AFFA-da vitse-prezident olanda tanımışam. Çoxdandır heç üzünü də görmürəm. Niyə belə danışıb, bilmirəm. Yadıma da gəlmir ki, onunla aramızda nəsə olsun. ?QADASI, MƏNƏ DEYİN GÖRÜM, XARİCİ MƏŞQÇİ GƏLƏNDƏ?? [b]- Mövzunu dəyişək. Millinin çıxışı son vaxtlar mətbuatın ən çox tənqid elədiyi mövzudur. Ümumiyyətlə, yığmada da hansısa irəliləyiş görürsüz?[/b] - İrəliləyiş nəyə deyirsiz? [b]- Berti Foqtsun gəlişi Azərbaycan futboluna nəsə verib?[/b] - Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə başqa şey düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında deyil. Göstərdikləri nəticələrə baxın, hamısı aşağıdır. Neçə illər AFFA-da işləmişəm, ilk gündən onların gəlməsinin əleyhinə olmuşam. Fuad Musayev prezident olanda da, Ramiz Mirzəyevin vaxtında da. Özü də tez-tez məndən soruşurdular ki, niyə belə fikirləşirsən? Cavabım dəyişməz idi: qadası, mənə deyin görüm, xarici məşqçi gələndə onun qarşısına hansı futbolçuları çıxaracağıq? Əgər bizdə Avropa miqyasına çıxa biləcək futbolçular olsaydı, hə, bura səviyyəli məşqçi dəvət etmək olardı ki, futbolumuzu yuxarı qaldırsın. Foqts almandır, onların öz mentaliteti, xasiyyətli var. Onlar dəqiqliyi, konkretliyi sevirlər, işin gedişində böyük-kiçiyin sözünü eşidirlər. Bizim bu uşaqlar isə bir oyun yaxşı oynayan kimi tərifdən şişirlər, başlayırlar qəzetlərə yekə-yekə müsahibələr verməyə, özlərindən razılıq etməyə. Foqts belə atmosferdə istədiyi sistemi necə tətbiq edə bilər? Bizim camaat o almanın təfəkkürünə, beyninə uyğun deyil. Sizə mövzuya uyğun bir Şəki lətifəsi danışım. Bir gün şəkili kişi oğlunu götürüb aparır Rusiyaya, orda bir tanış qadına təhvil verir ki, bunu saxla, 16 yaşı olandan sonra gəlib götürəcəm. Nəsə, hər ay uşağa pul, pay-püşt göndərir. Vədə yetişəndə gəlir qadının yanına, şəkili ləhcəsilə souruşur ki, ?ha indi, mən gəldim, Yaqubum hanı?? Rus arvad da onun ləhcəsində cavab verir ki, ?ha indi, sənin Yaqubun dincəlir?. Demək istədiyim odur ki, o yaşda uşaqda özündən yaşca çox-çox böyük qadına şəkili ləhcəsini öyrədib. Biz də Foqtsu öz əməllərimizə öyrədəcəyik. Öz futbolçularımızla ancaq bizimkilər bacarar. ?AY BU TORRESDİ, BRAZİLİYA DÜNYA ÇEMPİONU OLANDA KOMANDANIN KAPİTANIYDI?? [b]- Demək ki, mərhum Ramiz Mirzəyev Karlos Alberto Torresi milliyə gətirəndə də bunun əleyhinə çıxmısız?[/b] - Bəli, əleyhinə idim. Bunu İcraiyyə Komitəsinin iclasında da demişdim. Səsvermə hüququm olmasa da, hər halda fikrimi soruşurdular. Bir azərbaycanlı və baş katib kimi narazılığımı bildirmişdim. Bəziləri iddia edirdi ki, ay bu Torresdi, Braziliya dünya çempionu olanda komandanın kapitanıydı, nə bilim, nədir. Başa sala bilmirdim ki, bunlar hamısı cəfəngiyyatdır. Gəlib neylədi, 1-2 milyon pulumuzu da götürüb getdi. Müqavilə bağlayan kimi üçüncü arvadını, qardaşı və bacısı uşaqlarını da Bakıya gətirdi. Qohum-əqrəbasında adam qalmamışdı, hamısı burdaydı. Axırda da millini pis vəziyyətdə qoydu. Foqts da onun kimi. Neylədi bu? Yığmaya çağırdıqları vaxtıilə İslam Kərimov və Şakir Qəribovun üzə çıxardığı uşaqlardı da. Fuad Musayev dövründən qalan futbolçulardı, bəs hanı təzələr? Hanı Foqtsun, Lappertin (Bernard Lipperti nəzərdə tutur - red) hazırladığı uşaqlar? 17 yaşlılar Rusiyaya gedib, adi yarışda yer tutdular, səhəri bütün qəzetlər yazdı ki, bəh, nə gözəl uğurdu. Lippertin müsahibələrindən birini oxumuşam, deyir ki, azərbaycanlı futbolçuların başı işləmir. Gör nə günə qalmışıq ki, alman gəlib burda belə sözlər deyir. İndi siz xaricdən gələnlərdən nə gözləyirsiz e! Hesab edirəm ki, onların hamısı çıxıb getməlidir öz evlərinə. Şərait yaratmaq lazımdır ki, yerli məşqçilər işləsin. Əksəriyyəti qalıb işsiz, bilmirlər ki, nə etsinlər. İslam, Şakir kimi məşqçilər qalıb qıraqda, bir briqada almanı gətiriblər bura. Neyləyirlər onları? ?RƏHMƏTLİYƏ BİRCƏ SÖZ DEDİM?? [b]- Mətbuatdan oxusanız və ya kimdənsə eşitsəniz ki, AFFA-nın indiki baş katibi Elxan Məmmədov ?Fuad Əsədov işləyə bilməyib, xeyli səhvlərə yol verib? deyib, ona cavabınız nə olar?[/b] - Ona heç bir cavab verən deyiləm. Elxan Məmmədovun əvvəla, mənə qiymət verməyə haqqı yoxdur. O, AFFA-ya gələndə nə məni tanıyırdı, nə də məlumatı vardı. Heç bilmirdi ki, mən varam, ya yoxam. Hesab eləmirəm ki, o cavan oğlan belə işlərlə məşğul olar. [b]- AFFA-da işlədiyiniz vaxt kabinetinizin qapısı həmişə açıq olardı. İndi AFFA-nın baş katibinin qəbuluna düşmək çox çətindir.[/b] - Mən elə vəzifələrdə işləmişəm ki, tabeçiliyimdə 15-20 min işçi olub. İnsanlarla ünsiyyətdə olmaq lazımdır. [b]- Məmmədov iki ilə yaxındır bu postu tutur. Onun fəaliyyətinə qiymət verə bilərsiz?[/b] - Qiymət vermərəm. Düzgün çıxmaz. Onda mənim, rəhmətlik Ramiz müəllimin, AFFA-nın əleyhinə ?döşəyənlərlə? nə fərqim ola bilər? Yaxşı işləyir, pis işləyir ? hamısı onun aktivinə yazılır. Elxan Məmmədovun fəaliyyətilə bağlı söz demək mənə yaraşmaz. [b]- İctimaiyyətdə belə fikir formalaşıb ki, Ramiz Mirzəyevə görə Elxan Məmmədov haqda danışmaq istəmirsiz. Hamı deyir ki, o, AFFA-ya mərhum prezidentin yaxınları tərəfindən gətirilib.[/b] - Rəhmətlik Ramiz müəllimin qəbul etdiyi qərara hörmət bəsləməyim düzdür. Ona görə yox ki, Elxanı AFFA-ya Mirzəyev gətirib. Baş katibi seçmək və təyin eləmək AFFA prezidentinin səlahiyyətlərinə daxildir. Ramiz müəllim Məmmədovu ora gətirəndə mənimlə məsləhətləşmişdi. Dedi ki, məsələ bu cürdür, filan şeylər da belədir. Rəhmətliyə bircə söz dedim: Ramiz müəllim bu məsələ sizin səlahiyyətinizə daxildir. ?NEFTÇİ? KİMİ FLAQMAN KLUBUN BAZASI YOXDUR, AY QARDAŞ!? [b]- Berti Foqts son illərdə Küveyt, Şotlandiya və Nigeriya kimi neft ölkələrində işləyib. Onu dünya miqyasında futbol ölkəsi kimi tanınmayan Azərbaycana çəkib gətirən futbolumuzu qaldırmaq istəyidir, yoxsa böyük pullar qazanmaq həvəsi?[/b] - Foqts bura pul qazanmağa gəlib, vəssalam! Bütün cavablar bunun içindədir. Onun üçün fərqi yoxdur, pulu kim verəcək. Əsas onu almaqdır. Azərbaycana gələn alman məşqçilərin hamısına demək lazımdır ki, çox sağ olun, yediyinizi yediniz, qazandığınızı qazandınız, indi gedin evinizə, qoyun, özümüzünkilər işləsin. Bunlar Azərbaycanda heç nə edə bilməyəcək. Baza olmalıdır. ?Neftçi? kimi flaqman klubun bazası yoxdur, ay qardaş! ?Neftçi?nin heç bir şeyi yoxdur. Nədən danışırıq biz, hardan inkişaf edəcək futbol. Rəhmətlik Ramiz müəllimin dövründə Lənkəranda, Yevlaxda, İmişlidə, Tovuzda yeni stadionlar istifadəyə verildi. İndikilər eləsin də bunu. Mən bilmirəm ki, niyə bu işlərə davam eləmirlər. O biri komandalar da var axı. ?Şəfa?nı ?İnter?ə ona görə uzunmüddətli icarəyə verdik ki, yenidənqurma işləri aparsınlar. Qoy, ?Bakı?, ?Olimpik? özünə bir stadion tiksin də. Xaricdən məşqçi gətirsinlər e, amma harda məşq edəcəklər. Bakıda stadionlar get-gedə azalır. [b]- AFFA-nın yeni rəhbərliyinin legioner limitini ləğv eləməsi sizin vaxtınızda verilən qərarın əksi oldu.[/b] - Yüz faiz yanlış qərardır. Gələn legionerlərin də həmişə əleyhinə olmuşam mən. Onlara ehtiyac yoxdur. Artıq UEFA və FİFA legionerlərlə bağlı məsələyə ciddi yanaşır. Bu qurumlar da limitin tərəfdarıdır. Beş legionerlik limit normal idi də. Limiti götürdülər, guya, nə dəyişib ki? Yaxşı, gətirsinlər, amma hər yoldan keçəni, yox da. Hər komanda heç olmasa, 1-2 tanınmış futbolçu alsa, stadionlar da dolar. Bizim futbolçular kimə baxıb öyrənsinlər? Ölkəsində heç kimə lazım olmayanlar axışır bura. Bəzi klub menecerləri də onlarla danışır, ?daş-başlarını? eləyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA