Futbolumuzun ağır artilleriyasından bomba effektli açıqlamalar

img

10-03-2009 [01:10]


TƏRLAN ƏHMƏDOV: ?OYUNÇULAR MİLLİYƏ TAPŞIRIQLA DƏVƏT OLUNURLAR, BERTİ FOQTSUN OYUNÇU SEÇİMİ YANLIŞDIR, BİZİM DÖVRÜMÜZDƏ YIĞMA İNDİKİNDƏN QAT-QAT GÜCLÜYDÜ, ÜÇ AYDIR, MƏVACİB ALA BİLMİRİK? Supersport.Az-ın suallarını bir vaxtlar Millinin və ?Neftçi?nin kapitanı olmuş, hazırda ?Olimpik?in kapitan sarğısını daşıyan 38 yaşlı təcrübəli müdafiəçi Tərlan Əhmədov cavablandırır. - Komandanın kapitanı kimi ?Olimpik?in ikinci dövrəyə qeyri-stabil başlamasını necə izah edərdin? - Düşünürdük ki, qış fasiləsində komandanın heyətinə yeni oyunçular cəlb olunacaq. Birinci dövrədən sonra 14 nəfər futbolçu komandadan ayrıldı. Onların yerinə daha güclü futbolçuların gətiriləcəyini gözləsək də, bu, baş vermədi. Dövrələrarası fasilədə heyətimizə cəmi bir oyunçu cəlb edildi. Bütün bunlarla yanaşı, istər-istəməz ilk və ikinci dövrənin birinci oyunu ağır keçir. Birinci oyunda ?İnter?ə uduzduq. İkinci turda da rəqibimiz çətin idi. ?Qarabağ? məğlubiyyətindən sonra komandada ruh düşkünlüyü yarandı. Dünyada baş verən maliyyə böhranı komandamıza da öz təsirini göstərib. Üç aya yaxındır ki, məvacib ala bilmirik. Bu cür problemlər komandanın stabil çıxış etməsinə mane olur. Kollektiv bir araya gələrək toparlanmağa çalışır. Allaha şükür, komanda yavaş-yavaş özünə gəlir. Artıq komandamız öz oyununu tapıb və son turlarda göstərdiyimiz nəticələr bunu bir daha sübut edir. - Maaşlarınızı nə vaxt verəcəklər? - Hələ ki, səs-soraq yoxdur. Nə vaxt verəcəklərini də bilmirik. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. Çalışırıq ki, belə çətin dönəmdə komanda xal itirməsin. Uğurlu oyunlar seriyasını bacardığımız qədər davam etdirmək istəyirik. - ?Olimpik? mükafatçılar sırasına düşmək şansını hələ də saxlayır? - Əlbəttə. Yadınızdadırsa, ötən il biz birinci yerdə olanda əsas izləyicimiz ?İnter?dən 12 xal irəlidəydik. Çempionatın sonlarında onlar xalları bərabərləşdirməyi bacardılar və çempion oldular. İndi liderlə bizim aramızdakı xal fərqi elə də böyük deyil. Üç xallıq sistemdə belə fərqi qapatmaq mümkündür. Məncə, çempionun kim olacağı çempionatın sonunda bilinəcək. Biz gələcək oyunlarda maksimum nəticə əldə edib qarşıya qoyulan məqsədə çatmağa çalışacağıq. Ölkə kubokuna da iddialıyıq. Dörddəbir final mərhələsini keçib, kuboku qazanmaq uğrunda sona qədər mübarizə aparacağıq. - Tərlan, səncə çempionluq yolunda kim daha şanslıdır? - Liderlər qrupunda olan komandaların hər biri. Bu həmin komandaların bir-biri ilə oyunundan və qarşıdakı turlarda itirəcəyi xallardan asılıdır. Belə götürəndə hansı komandanı maliyyə durumu yaxşı olsa, çempion da o komanda olacaq. Vaxtlı-vaxtında oyunçuların pullarını ödəyən komandanın futbolçularının heç bir problemi olmayacaq. Həmin kollektiv də çalışacaq ki, yüksək nəticə əldə etsin. - Əksər mütəxəssislər Tərlan Əhmədovun indiki məqamda yığmaya kömək edəcəyini deyirlər. Sən necə düşünürsən? - 13 il yığma komandanın uğuru üçün can qoymuşam. Bir vətəndaş kimi millinin şərəfini qorumaq mənim borcumdur. Biz yığmada pula görə oynamamışıq. Bu, bizim üçün bir şərəf idi. Yığma karyeramı başa vursam da, bu gün də oynamağa hazıram. Hazırda əcnəbi baş məşqçi və legioner futbolçularla milli nəticə əldə edə bilmir, bəlkə biz oynasaq, daha yaxşı olar. Onsuz da uduzuruq. İstər legionerlərlə, istərsə də yerlilərlə. Düşünürəm ki, yığmada cavanlara üstünlük verilməlidir. Həmin gənclər ki, bir-iki ilə bişib, gələcəkdə yığma komandaya xeyir verə bilərlər. - Karyeranı nə vaxt başa vurursan? - Yəqin ki, mövsümün sonunda. Bu sahədə gedən pərdəarxası oyunlar və gördüyüm haqsızlıqlar məni futboldan uzaqlaşdırır. Ümumiyyətlə, yerli məşqçilərə və futbolçulara qarşı böyük ədalətsizliklər var. Vaxtıilə yığmanın şərəfini qorumuş futbolçular indi klubsuz qalıblar. Yerli oyunçular klublarda əsas heyətdən kənarda qalırlar. Əgər təcrübəli oyunçular bu gün ehtiyatda otururlarsa, onda gənclər heç 18-liyə düşə bilməyəcək. Bununla futbolumuz hara gedir? Bütün ölkələrdə əcnəbi limiti aşağı düşür, bizdə isə əksinə proses gedir. Belə çıxır ki, futbola qədəm qoyan yeni nəsil yetişməməlidir. - Azərbaycana gələn legionerləri bəyənirsən? - Bir misal çəkmək istəyirəm. Əgər legioner futbolçu 38 yaşlı Tərlan Əhmədovu aldadıb keçə bilmirsə, heç sürəti hesabına da bunu bacarmırsa, hansı səviyyədən danışmaq olar? - Berti Foqtsun seçiminə necə baxırsan? - Bizim dövrümüzdə yığma indikindən qat-qat güclüydü. İndi yığmada oynayanlar pulu düşünürlər. Meydançaya qədəm basmamışdan nə qədər mükafat alacaqlarını soruşurlar. Ondan sonra oyun barədə fikirləşirlər. Bizim vaxtımızda isə belə deyildi. Berti Foqtsun oyunçu seçimi yanlışdır. Heyəti bütünlüklə cavanlaşdırmaq olmaz. Millidə təcrübəli oyunçularla gənc futbolçular vəhdət təşkil etməlidirlər. Yığmanın heyətində gəncləşdirmə prosesi tədricən aparılmalıdır. Milliyə hazır, formada olan, komandasında oynayan futbolçu cəlb olunmalıdır. Daha ehtiyatda oturan futbolçu çağrılmamalıdır. Klubsuz olan futbolçu da yığma komandada yer alar? Bu da onu göstərir ki, Milliyə oyunçular tapşırıq və sifariş əsasında dəvət olunurlar. Əgər sifarişlə olmasaydı, Milliyə klubsuz olan və ehtiyatda qalan oyunçuları dəvət etməzdilər. Belə olmasaydı, komanda Almaniyanın orta səviyyəli klubuna uduzmazdı. - Futboldan getməyinlə bağlı vida matçı keçirməyi planlaşdırırsan? - Xeyr. Futbola hay-küylə gəlməmişəm ki, dəm-dəsgahla da ayrılım. Futbola necə gəlmişəmsə, eləcə də vidalaşacam. Karyeramı başa vurandan sonra məşqçilik fəaliyyətinə başlamaq istəyirəm. Yerli məşqçilərin yanında 4-5 il işləyib təcrübə toplayacağam. Fikirləşirəm ki, əvvəl uşaq futbolundan başlayım. Futbolçuların psixologiyasını bilmək üçün gərək uşaq futbolunu dərindən öyrənəsən. Birdən-birə meydana atılmaq istəmirəm. Bir də yaxşı atalar məsəlimiz var: Tez alışan, tez də sönər. - Vaxtilə ?Neftçi?nin kapitanı olmusan. Səncə, flaqmanın bu günə düşməsinə səbəb nədir? - Bunu komandanın içində olanlar daha yaxşı bilərlər. Amma bir şeyi deyə bilərəm ki, Azərbaycan futbolunun gələcəyi ?Neftçi?dən asılıdır. Əgər komanda istənilən səviyyədə olarsa, çempionatda rəqabət artacaq. Bu, mənim şəxsi fkrimdir. ?Neftçi?nin qara günləri ?Birlik Kuboku?nu qazanandan sonra başladı. Onda artıq komandanın içində hərc-mərclik yaranmışdı. Onda sonra bir neçə dəfə məşqçi dəyişikliyi olsa da, komandada vəziyyət düzəlmədi. Sonra komandadan bir neçə futbolçu uzaqlaşdırıldı və alman məşqçi dəvət etdilər. Yenə də komanda uğursuz çıxış etdi. Görünür, struktur bütünlüklə dəyişməlidir. ?Neftçi?ni titulsuz təsəvvür etmək çətindir. Dörd ildir ki, komanda çempionluq yarışında yoxdur. ?Neftçi? Azərbaycan futbolunun simvoludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA