Jurnalistlərin sosial durumu - Hesabat

img

19-01-2016 [17:36]


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2015-cü ildə sosial durumlarının öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30 ümumrespublika yayımlı qəzet, 8 informasiya agentliyi, 10 xəbər portalı, həmçinin 10 həftəlik qəzet, 4 televiziya redaksiyasının əməkdaşları cəlb ediliblər (ümumilikdə 62 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2015-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. 

Sorğu nəticəsində məlum olub ki, işçilərlə fərdi əmək müqavilələrinin  bağlanmasında vəziyyət dəyişməyib. 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də sorğuya cəlb edilənlərin  90  faizdən çoxu  redaksiyalarda fərdi əmək müqavilələri bağlandığını bildiriblər. Müqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi problem də  ötən illərdə olduğu kimi qalır.  Orta hesabla, əksər redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız  60 faizi ilə fərdi əmək müqavilələri bağlanır, təqribən 40 faizə qədər  əməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar. Əmək qanunvericiliyinə edilən yeniliyə uyğun olaraq, əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemi müstəvisinə keçirilməsi ilə  bu sahədə ciddi səhman yaradılıb. Amma  hələ ki, prosesi sona çatdırılmayıb.  

Bundan başqa, tibbi sığortanın tətbiq edilməsi məsələsində irəliləyiş və ya geriləmə yoxdur. Tibbi sığortanın tətbiq edilməsi vəziyyəti minimum həddə - 5  faizdən aşağıdır. 
 
Jurnalistlərin aylıq gəlirlərində də sabitlik müşahidə edilib:   Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500-600  manat civarında olub (sorğu iştirakçılarının 87 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (2 faiz)  350-450 manat, qalanları isə (11 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.  Məlumat üçün qeyd edək ki, ötən illə müqayisədə jurnalistlərə 700-800 manat əmək haqqı verilən redaksiyaların  saylarında artım olub (5 faizdən11 faizə yüksəlib).
 Analoji vəziyyət ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin  aylıq gəlirlərində də mövcud olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.
 
Hesabatın nəticələrinə görə, regionlarda da durum ürəkaçan deyil. Belə ki, regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-250 manatla ifadə olunur.  Regional televiziyalarda çalışan jurnalistlərin  və mərkəzi TV-lərin regional təmsilçilərinin  aylıq gəlirləri isə  200-400 manat aralığında dəyişir.

Məlumat üçün qeyd edək ki,  Azərbaycanda yaşayış minimumu 136 manat müəyyən edilib.  

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR