"Azərbaycanın bu cür bataqlığa aparılmasına heç vaxt imkan vermərik" - Partiya sədri

img

02-10-2015 [14:11]


"Elmar Məmmədyarov özünün xarici siyasətdəki olan uğursuzluqlarını pərdələməkdən ötrü, belə bir yola baş vurmaq istəyir”. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev dünən xarici işlər naziri Elmar Məmmədyarovun "Sputnik" televiziyasına verdiyi müsahisində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşula biləcəyi ilə bağlı söylədiyi fikri şərh edərkən deyib.

Xatırladaq ki, dünən xarici işlər naziri Elmar Məmmədyarovun "Sputnik" televiziyasına verdiyi müsahisində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşula biləcəyi ilə bağlı söylədiyi fikir ölkə mətbuatında yayılıb. Azərbaycanın xarici siyasətinə rəhbərlik edən bir şəxsin bu bəyanatının reallaşması imkanlarını necə dəyərləndirmək olar və ümumiyyətlə Dağlıq Qarabağ problemi həll olunmadığı və Ermənistanla iqtisadi əlaqələr bərpa olunmadığı şəraitdə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulması nə qədər mümükündür?

Bu mövzunu PİA.AZ-ın əməkdaşı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edib. Partiya sədri bildirib ki, Elmar Məmmədyarov Azərbaycanı Avrasıya İttifaqına qoşmaqla nələrəsə nail ola biləcəyini düşünürsə, yanlışlığa yol verir: "Bu gün Azərbaycan xarici siyasətində böyük bir çat baş veribdir. Xaricdəki səfirlərin xarici işlər nazirliyinə tabe olmaması, xaricdə Azərbaycan dövlətinin imicinə zərbə vurmaları xarici siyasətimizdə olan qüsürlardır. Mən düşünmürəm ki, Elmar Məmmədyarovun belə çıxış etməsi ölkə rəhbərinin fikridir. Bu yanlış fikir ola bilər. Bu günə qədər Avrasiya İttifaqı nəyə nail olub? Avrasiya İttifaqı, Rusiyanın özü bu gün çökmək ərəfəsindədir. Rusiya istəyir başqa dövlətlər vasitəsi ilə özünün olmayan nüfuzunu bərpa etsin. Biz Avrasiya İttifaqına qoşulsaq Rusiya Dağlıq Qarabağda qoşunların yerləşdirmə məqsədinə nail olacaqdır. Bu da Azərbaycanın müstəqilliyini itirməsi ilə nəticələnə bilər və müstəqil dövlət kimi heç bir iş görə bilmərik. Yəni biz belə bir addıma gedə bilmərik. Həm də əgər Azərbaycan bu ittifaqa daxil olsa Qərb və Avropa dövlətləri Azərbaycana böyük bir basqı göstərəcək. Bizim bəzi rəhbərlər öz uğursuzluqlarını istəyirlər dövlətlə bağlasınlar. Bu sözləri də mən deyirəm, sonra mənə də böyük basqılar olur ki, sən niyə bu sözləri deyirsən. Amma mən millətimi, dövlətimi sevən bir insanam. Hər şey gəldi gedərdi. Bu gün vəzifədə müvəqqəti adamlar var, amma Azərbaycan dövləti daimi və əbədidir. Elmar Məmmədyarov Azərbaycanı Avrasıya İttifaqına qoşmaqla nələrəsə nail ola biləcəyini düşünürsə yanlışlığa yol verir.

Bu gün Rusiya Ermənistanda öz hərbi hissələrini yerləşdirib və Ermənistan Rusiyanın vassalı, bir quberniyası kimidir. Tarixə nəzər salsaq görərik ki, Dağlıq Qarabağı da, Xocalı faciəsin də ermənilər yox ruslar törətdilər. Bu hadisələrdən sonra kimlərinsə marağı naminə biz yenə Rusiyanın boyunduruğu altına girək bilmərik. Bu mümkün olan məsələ deyil. Görünür Elmar Məmmədyarov özünün xarici siyasətdəki olan uğursuzluqlarını pərdələməkdən ötrü, belə bir yola baş vurmaq istəyir. Amma bizim prezidentimiz ağıllı, dünyagörüşlü adamdır. Onun son 12 ildə apardığı siyasət tam əsas verir ki, Azərbaycan müstəqil dövlət kimi yaşasın. Dövlət başcısı bəzi məmurların işindən narazı qalan kimi istəyirlər ki, şantaja əl atsınlar. Amma bu da mümükün deyil, yəni biz buna da icazə verə bilmərik. Ölkə prezidentinin möhkəm iradəsi var və onun arxasında duran bizim kimi, siyasi qüvvələr var. Azərbaycanın bu cür bataqlığa aparılmasına heç vaxt imkan vermərik. Bu cür məmurlar belə sözlər deməklə istəyirlər ki, Avropada olan imicimiz itsin və bizə olan təzyiqlər daha da güclənsin. Biz Elmar Məmmədyarovdan xahiş edərdik ki, getsin İspaniyadakı səfirimizi ağıllandırsın. Həmçinin bir neçə səfirlərimiz var qiyam qaldırıblar, bir çoxları bu gün də dövlətin əleyhinə işləyir görürlər, Məmmədyarov bu işləri yoluna qoymalıdır. Bu insanlar da hamısı bir-biriylə qardaşdılar. Amma biz, Məmmədyarovun Avrasiya İttifaqı haqqında təkbaşına belə bir söz işlətməsinə razı ola bilmərik. Əgər bu məsələ olsa Azərbaycanda vəziyyət daha da qarışa bilər və müstəqilliyimizi itirə bilərik. Müstəqilliyimiz üçün də, biz şəhidlər vermişik və Şəhidlər Xiyabanı da gözümüzün önündədir. Əgər biz yenə Rusiyanın tərkibində olacağıqsa o qədər şəhidlərimizi niyə verdik? - elə Rusiyanın tərkibində olub ona sitayişimizi davam etdirərdik. Ona görə Elmar Məmmədyarovun tutduğu xətti düzgün xətt hesab etmirəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA