AXCP-nin qurultayı: Rəqib geri çəkildi, Əli Kərimli yenidən sədr oldu - FOTO

img

27-09-2015 [15:25]


Bu gun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayını keçirib. Səttar Bəhlulzadə adına Mədəniyyət Evində baş tutan Qurultayda 800-ə yaxın nümayəndə iştirak edib.

Mia.az xəbər verir ki, Qurultaya sədarət, katiblik və mandat komissiyası seçilib. 

AXCP sədri Əli Kərimli geniş hesabat məruzəsi ilə çıxış edib. Əli Kərimli bildirib ki, bu gün sədrlik etdiyi partiyada o qədər gənc təmsil olunub ki, bu sahədə heç kim onlarla rəqabət apara bilməz:

"Ötən 10 ildə ən ağır repressiyaya AXCP məruz qalıb. Amma qarşınızda məsuliyyətlə, alnıaçıq deyə bilərəm ki, bütün bu məhrumiyətlərə baxmayaraq, AXCP ölkənin bütün rayonlarında ən yaxşı təşkilatlana və saat mexanizmi kimi işləyən partiyadır. AXCP bu gün müasir texnalogiyanın, informasiya resurslarının verdiyi imkanlardan istifadə edən ən modern partiyadır”.

Daha sonra partiya sədri hökumətin apardığı sosial-iqtisadi və siyasəti kəskin pisləyib: "Hökümətin sosial siyasəti də iflasa uğrayıb. Məhz hökümətin yürütdüyü anti-xalq siyasətinin nəticəsidir vətəndaşlarımız bir-birinin ardınca ağır vaddi problemlər üzündən intihar edirlər. İlham Əliyev analoqsuz inkişafdan danışanda biz bəyan edirdik ki, ölkə uçuruma aparılır. Biz deyirdik ki, rüşvət və korrupsiya ilə mübarizə aparılmalıdır. Amma bunlar əmin idilər ki, nefti satmaqla xaricdə holdinqlər yaradacaqlar, lobbi təşkilatlarına pul verib təbliğatlarını aparacaqlar. Amma biz dediklərimiz daha tez baş verdi. Azərbaycanın valyuta rezervləri 52 faiz azalıb. Buradan bəyan etməliyik ki, İlham Əliyevin apardığı iqtisadi siyasət iflasa uğrayıb və ölkə uçuruma gedir".

Əli Kərimlidən sonra söz Milli Şuranın sədri Cəmil Həsənliyə verilib. C.Həsənlinin sözlərinə görə, AXCP indiyə qədər ən güclü müxalifət partiyası olub və hazırda da ən güclü partiya olaraq qalmaqdadır. Milli Şuranın, AXCP-nin və demokratiya uğrunda mübarizə aparan bütün təşkilatların  hazırda ən ümdə vəzifəsinin xalqa seçki hüququnu qaytarmaq olduğunu deyən C.Həsənli deyib ki, bu hüquq xalqın əlindən uzun müddətdir ki, alınıb.

Növbəti təbrik çıxışı üçün söz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə verilib. AXCP-nin böyük mübarizə yolu keçdiyini deyən G.Hacıbəyli bildirib ki, cəbhəçilər keçilən yolun çətinliyinə, ağırlığına baxmayaraq bu yoldan sapmayıblar.

AXCP-nin bir çox nümunəyə imza atdığını deyən DEVAM sədri İlqar İbrahimoğlu isə deyib ki, hazırda Azərbaycan insanı iki seçim arasında qalıb. Birinci yol həşərata çevrilmək, ikinci isə həşarata çevrilməməkdir: "Bu gün Azərbaycan gerçəkliyi bu yerə gəlib çatıb. Allahdan istəyim odur ki, bu imtahandan xalqımız ləyaqətlə çıxa bilsin. Azərbaycan insanın ləyaqətlə yaşamaq haqqı var”.

Daha sonra çıxış üçün söz AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya verilib. F.Qəhrəmanlı bildirib ki, Azərbaycan gərginlik artmaqdadır. Bu isə o deməkdir ki, işsizlər ordusu daha da artacaq:

"Manatın kursunu saxlamaq hökümətə baha başa gəlir. Azərbaycanın vəsaiti artıq tükənib. Bu isə o deməkdir ki, növbəti devalvasiya qaçılmazdır. Vəziyyəti dəyişmək üçün korrupsiyaya son qoymaq lazımdır. Amma iqtidar bunu etməkdə maraqlı deyil”.

Qurultayda digər çıxışçılar da AXCP-nin keçdiyi yola nəzər salaraq, partiyanın düzgün siyasi xətt yürütdüyünü bildiriblər.

Daha sonra partiya sədrinin səsverməsinin açıq, yoxsa qapalı keçirilməsi səsə qoyuldu. İki nəfər əleyhinə olmaqla partiya sədrinin açıq səsvermə ilə seçilməsi təklifi qəbul olundu.

Bundan sonra AXCP sədrliyinə namizəd Sahib Kərimli çıxış edərək, namizədliyini geri çəkdiyini bəyan etdi. Bundan sonra Əli Kərimlinin namizədliyi səsə qoyuldu. O, yekdilliklə yenidən sədr seçilib.

Partiyanın sədri bu etimada görə silahdaşlarına təşəkkür edib.

Onu da qeyd edək ki, AXCP-nin növbəti qurultayını təbrik edənlər sırasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov, AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlu, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, qəzetin siyasət şöbəsinin sədri, siyasi məhbus Seymur Hezi, tanınmış yazıçı Məmməd İsmayıl, AXCP-çi gənc, siyasi məhbus Elvin Abdullayev, polkovnik İsa Sadıqov da olub. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA