Yanan binada təxribat olub, yoxsa... - Açıqlamalalar

img

21-05-2015 [09:55]


Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğının hansı səbəbdən baş verməsi barədə hələ ki müxtəlif versiyalar var. Baş prokuror Zakir Qaralov ilkin ehtimal kimi yanğına binaya vurulan keyfiyyətsiz üzlüklərin səbəb olduğunu deyib, lakin digər versiyalar da araşdırma predmetidir.

Hətta hadisəni 12-28 iyun tarixlərində Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına qarşı təxribat kimi dəyərləndirənlər də var. Eyni zamanda olayın Riqa sammiti ərəfəsinə təsadüf etməsi də şübhələr doğurub. Yeri gəlmişkən, qəzetimiz bir müddət öncə ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən bəhs edən yazılar dərc etmişdi və terror təhlükəsinə qarşı ayıq-sayıqlığın artırılmasının zəruriliyini qeyd etmişdi. 

Azərbaycan maraqların toqquşduğu nöqtədə yerləşdiyi üçün bütün ekstremal situasiyalara hazır olmalıdır. Odur ki, son hadisə fərqli versiyaları ortaya çıxarıb. Modern.az saytı təxribat versiyası ilə bağlı Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mövqe öyrənməyə çalışıb. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, hadisənin təxribat olub-olmadığı barədə ictimaiyyətə məlumat veriləcək: "Yanğın hadisəsinin təxribat olub-olmaması barədə yanğınla əlaqədar yaranan dövlət komissiyasının sədri açıqlama verəcək”. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb və istintaq işləri davam edir.


Sabiq milli təhlükəsizlik zabiti Ərəstun Oruclu özünün facebook səhifəsində bununla bağlı aşağıdakıları yazıb: "Dünənki (19 may-C.T.) dəhşətli faciənin işıqlandırılmasında statist rolunu oynayan bəzi ”media" qurumları bu gün var gücü ilə işə düşəcək. İşləyəcəkləri versiya isə təxribat olacaq yəqin ki: Riqa sammiti, Bakıda keçirilən beynəlxalq konfrans və s. Adətən belə versiyaları da cəmiyyətə müstəqil və müxalif insanların dili ilə sırımağa çalışırlar. Odur ki, öz tərəfimdən bu faciənin həqiqətən də təxribat olduğunu təsdiqləyirəm və bu təxribatın da adı korrupsiyadır, acgözlükdür, soyğunçuluqdur, cinayətkar məsuliyyətsizlikdir, ölkənin qanuni sahibi olan insanların həyatına və taleyinə aşağılayıcı münasibətdir".

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, deputat Zahid Oruc isə fərqli fikirdədir: "Yanğının terror hadisəsi olması haqqında təhlükəsizlik və mühafizə orqanlarının açıqlaması olmadan, yalnız versiyalara əsaslanıb fikir yürütmək cəmiyyətdə xofu gücləndirə bilər. Onsuz da bütün müsbət və mənfi hadisələri qarşıdakı mühüm beynəlxalq tədbirin kontekstində nəzərdən keçirməyə kütləvi bir meyl yaranıb. O üzdən təxribatların cansız binaların cismindən birbaşa adamlara doğru yönələ biləcəyini söyləmək, müxtəlif strateji obyektlərə və ya insanların toplaşdığı kütləvi yerlərə istiqamətlənəcəyini ehtimal etmək, bunu mediada tez-tez gündəmə gətirmək əslində ölkəmizin sabitliyi əleyhinə olanlara xidmət edən addım olar. ğ

Çünki məhz kəşfiyyat strukturları müxtəlif vasitələrlə, həm də bunu cəmiyyətdə qorxu yaratmadan həyata keçirməklə bədgüman anonsların, ölüm saçan öncəgörmələrin doğru olmadığını ortaya qoymalıdırlar. Bütün hallarda baş vermiş faciə zamanı millətimiz elan olunmamış matəm hissini yaşadı, insanlarımız qibtə ediləcək mütəşəkkillik və həmrəylik nümayiş etdirdilər”. 

Z.Oruc deyir ki, ən başlıcası insanlarımız xaotik hərəkətlərə, başıpozuq cəhdlərə və bütünlükdə Azərbaycanı öz cənginə ala biləcək təhlükələrə səbəb ola biləcək davranışlara yol vermədilər: "Bəli, xalqımız keçmişdə yaşadığı dərdlər üzündən ağır günlərdə birləşməyi bacarır. Dünən hər kəsin içində yaşatdığı yanğı bizi indi ittihamedici bir tonla onlarla məsulu, təşkilatı, medianı ,yaxud şəxsi günahlandırmaq hissindən uzaq tutur, laqeydliyin deyil, çətin anda bir-birinə sarılan əllərin xilas yolumuz olduğunu bir daha nümayiş etdirir. Baxın, dövlət başçısı bütün ağrını yenə öz üzərinə götürdü, qarşılıqlı ittihamlara və günahkar axtarışlarına ”samosud"la deyil, hüquqi bir yanaşma sərgilədi və yenə də usanmadan, bu ölkəni qurub yaratmaqda davam edəcəyi əzmini sübuta yetirdi. Lider iradəsini göstərirsə, vurulan yaralara qatlaşaraq təmkinlə ona sinə gərirsə, bizim hər birimiz ona yardımçı olmalıyıq. Mən prezidentimin yanında olacam".(musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA