Meksikada erməni təxribatı - Səfirlik müdaxilə etdi

img

18-05-2015 [15:56]


Meksikanın paytaxtı Mexiko şəhərində 2015-ci ilin 14-24 may tarixlərində "VII Dost ölkələrin mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas) keçirilir. 

Azərbaycanın Meksikadakı  Səfirliyindən Mia.az-a daxil olan məlumata görə, Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş Yarmarkanın məqsədi, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir:

"Mədəniyyət yarmarkasında, AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı  Səfirliyi də təmsil olunur. Yarmarka Mexiko şəhərinin ən böyük meydanı, Tarixi Mərkəz olaraq adlandırılan "Zocalo” meydanında təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən Yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Həmçinin bildirilmişdir ki, tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcəkdir”.   

Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı  təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılır. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində "Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilir. 

Qeyd etmək lazımdır ki, sözügedən Yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilir, Azərbaycan Səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alır.

Məlumatda o da bildirlir ki, yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə dırnaqarası "Böyük Ermənistan"ı əks etdirən xəritə yer alıb. Ancaq Azərbaycan səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA