"Rəsulzadə sağ olsaydı, onu da Müsavatdan qovardılar " - Qalmaqal

img

12-05-2015 [11:04]


"Öz fədakar üzvlərinə belə qiymət verən Müsavat rəhbərliyindən uğur gözləmək çətindir”.

Bunu Azvision.az-a açıqlamasında Müsavat Partiyasının gənc funksioneri Tural Abbaslı bildirib.

Müsavatda baş verən son olaylara münasibət bildirən T.Abbaslı hesab edir ki, Arif Hacılının apardığı siyasət partiyanı nüfuzdan salır: "Partiyadan çıxarılanlar nə müsavatçılıqlarına, nə əqidələrinə, nə də mübarizələrinə heç bir şübhəm olmayan və şəxsən tanıdığım dəyərli bəylərdir. Onlar Qarabağ qazisi və Müsavatın ən güclü rayon təşkilatını quran insanlardır. Təəssüf ki, partiya rəhbərliyi hələ də Arif Hacılı qrupunun deyil, Müsavat partiyasının rəhbərliyi olduğunu unudub”.

T.Abbaslının sözlərinə görə, Müsavat rəhbərliyi mövqeyindən geri çəkilməsə, partiya bərbad günə qalacaq.

"Əgər bu mənfi tendensiya tez bir zamanda aradan qaldırılmasa və partiyada daxili barışıq mühiti formalaşdırılmasa, Müsavat növbəti qurultaya qədər belə intriqaların qurbanı olmaqda davam edəcək.

İdarə strukturlarının səs çoxluğu Arif Hacılı qrupunun tərəfindədir. Belə olan halda bizim edə biləcəyimiz heç nə qalmır. Sadəcə olaraq bir daha partiya rəhbəri Arif Hacılının tarix qarşısındakı məsuliyyətini xatırlatmaq istəyirəm. Əminəm ki, bu aqressiv siyasət davam etsə, Arif Hacılıya səmimi inanan müsavatçıları belə onun ətrafından qaçırdacaq. Əminəm ki, Rəsulzadə sağ olsaydı, onu da partiyadan çıxarardılar".”.

Qeyd edək ki, son günlər Müsavat partiyasında qalmaqal yaşanır. Vurğun Əyyubun partiyadan çıxarılmasından sonra onun tərəfdarları başqan Arif Hacılıya qarşı etirazlarını bildirirlər.

Partiyanın 11 mayda keçirilən Divan iclasında Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, üzvlər - Rahib Mirələmov və Əli Qasımbəyli partiyadan xaric edilib. Onlar partiya Nizamnaməsini pozmaqda təqsirli biliniblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA