Los Ancelesdə Heydər Əliyevə həsr olunmuş geniş tədbir keçirilib

img

08-05-2015 [11:05]


ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən tədbirdə Los Anceles Vilayəti rəsmiləri, xarici diplomatlar, Azərbaycan diasporu və müxtəlif icmaların fəalları və yerli KİV nümayəndələri iştirak ediblər. 

Mia.az xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Heydər Əliyevin uğurlu həyat yolundan və Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. Baş konsul vurğulayıb ki, "xalqın tələbilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdaraq, Azərbaycanı böyük bəlalardan qorumuş, ölkəmizin müstəqilliyinin saxlanılmasında və daha da gücləndirilməsində misilsiz rol oynamışdır.” N.Ağayev, Ümummilli Liderin Azərbaycan dövlətçiliyi və azərbaycançılıq qayəsi uğrunda göstərdiyi böyük fədakarlıqlardan danışaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Baş konsul, Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.  

Sonra Los Ancelesin nüfuzlu kardioloq həkimlərindən olan, tanınmış UCLA universitetinin professoru Dr. İzhar Xaruzi çıxış edərək, Azərbaycan haqqında öz fikirlərini bölüşüb. Azərbaycana etdiyi səfərdən danışan natiq, ölkəmizin inkişafının onda ən müsbət təəssüratlar yaratdığını, xüsusilə müxtəlif dini etiqadlara dövlət səviyyəsində göstərilən qayğının olduqca nümunəvi olduğunu bildirib. İ.Xaruzi multikulturalizm və tolerantlıq siyasətinin əsasının bir dövlət siyasəti olaraq Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsinin olduqca təqdirəlayiq hal olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan icmasının fəallarından Piruz Xanlı isə Heydər Əliyevlə bağlı şəxsi xatirələrini iştirakçılarla paylaşıb. P.Xanlı, Ümummilli Lider ilə dəfələrlə görüşdüyünü qeyd edərək, onun dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da yaşayan azərbaycanlılara göstərdiyi qayğıkeşliyin və xoş münasibətin unudulmaz olduğunu bildirib. Ümummilli Liderin güclü siyasi xadim olmaqla yanaşı, böyük insan və vətənpərvər olduğunu söyləyən natiq, Heydər Əliyevin iti zəkasının, incə yumor hissinin və insanı anlamaq bacarığının onu daima valeh etdyini qeyd edib.
 
Tədbir bədii hissə ilə davam edib. Gitara, fleyta və vokal sənətçilərindən ibarət trio konsert proqramı ilə çıxış edərək, Azərbaycan, türk və ABŞ bəstəkarlarının əsərlərindən klassik və populyar nümunələr səsləndirib. Daha sonra qonaqlar Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən foto-sərgilə tanış olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA