Bu gün Beynəlxaq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkələrdə və mediada təbliği” mövzusunda ictimai müzakirə keçirib.
Mia.az xəbər verir ki, "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yolları” mövsuzunda keçirilən ictimai müzakirədə KİV və QHT rəhbərləri, millət vəkilləri, müvafiq dövlət qrumlarının rəhbərləri, sosial şəbəkə aktivləri iştirak edib.
Tədbirdə BMAM sədri Rufiz Qonaqov geniş nitq söyləyib. O, bildirib ki, ictimai müzakirədə informasiya resurslarının inkişafı və informasiya təhlükəsizliyi ilə bağlı sosial şəbəkələrin, yeni media vasitələrinin vəzifələri, informasiya təhlükəsizliyi ilə bağlı xarici təcrübə və bunun dövlətlərin təhlükəsizliyində rolu, informasiya təhlükəsizliyi ilə bağlı vahid strategiyanın tətbiqinin əhəmiyyəti, internet-medianın fəaliyyətinin sistemləşdirilməsinin yolları, dövlət sirri və dövlət sirrinin qorunmasının vacibliyi kimi mühüm mövzular müzakirə olunur:
"Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də informasiya təhlükəsziliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələdir. Mediada, internetdə, sosial şəbəkələrdə yayılan informasiyalar milli təhlükəsizliyə zərər yetirməməlidir və bu kimi informasiyalar cəmiyyətin panik duruma düşməsinə rəvac verməməlidir. Hazırda "Bakı 2015: Birinci Avropa Oyunları”na hazırlaşırıq. Ölkəmizə qarşı ikili standartlar, qərəzli mövqe sərgiləyən şəxslər və ölkələrin fəaliyyətini hamımız müşahidə edirik. Bütün bunlar göstərir ki, biz ölkəmizin informasiya təhlükəsizliyini diqqətdə saxlamalı və hər zaman bu istiqamətdə fəaliyyət göstərməliyik”
Tədbirdə Azərbaycan Respublikası Prezident Adminstrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin sektor müdiri Elman Paşayev giriş nitqi ilə çıxış edərək bildirib ki, informasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının müzakirəsi, onların sosial şəbəkələrdə və mediada təbliği dövlətin vacib saydığı əsas mövzulardandır.Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı institutları olan KİV və QHT rəhbərlərinin üzərinə böyük vəzifələr düşür.
İHMİB sədri, BMAM-ın eksperti Rəfail Becanov mövzu ətrafında məruzə edib. O, bildirib ki, ölkədə diqqətdə saxlanmalı ən vacib məsələ informasiya təhlükəsizliyi məsələsidir. Demokratik ölkələrdə bu məsələnin tənzimlənməsi üçün müəyyən qanunvericilik bazası formalaşmışdır. Eləcə də həmin ölkələrdə müxtəlif konsepsiyalar qəbul edilir və bununla da ölkənin informasiya təhlükəsizliyi tənzimlənir. İndiki dövrdə bizim cəmiyyət və ölkə üçün də bu məsələnin aktualdır. İnformasiya resursları artdıqca milli təhlükəsizliyi təhdid edən informasiyalar da çoxalır. Xüsusilə senzuranın ləğv olunduğu bir dövrdə informasiya təhlükəsizliyi ilə mübarizə güclənməlidir. İnternetin geniş imkanları, yayım sürəti problemə daha ciddi diqqət ayrılmasını vacib edir. İnformasiya təhlükəsziliyi üçün qanunvericilik bazası olsa da, nəzarət imkanları məhduddur. Söz və mətbuat azadlığının dünyanın diqqətində olduğu bir zamanda bunun üçün "qızıl orta” tapmaq və onu həyata keçirmək dövlət orqanları ilə yanaşı vətəndaş cəmiyyətinin də qarşısında duran əsas vəzifələrdəndir”.
Sonra məruzə ətrafında çıxışlar edilib.
"Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev informasiya təhlükəsizliyinin hazırda təmin edilməsi üçün beş əsas cərəyanın olduğunu deyib. Onun sözlərinə görə birinci cərəyan kibercinayət , ikinci şəxsi məlumatların qorunması və tənzimlənməsi , üçüncü-tərəf təchizatçılardan gələn təhlükə, Dördüncü şəxsi informasiya ilə iş informasiyasının qarışdırılması və iş yerinə şəxsi proqramların daşınması və beşinci cərəyan isə insan faktoru-dur. Əksər hökumət idarələri, banklar və digər idarələr öz işçilərinə təhlükəsizlik ilə bağlı informasiya verirlər, onların təhlükəsi haqqında danışırlar. Əslində, nəzəriyyə olaraq hər birimiz bu təhlükəni bilirik. Amma, praktik olaraq bu təhlükədən özümüzü necə qorumalı olduğumuzu bilmirik. Bunun üçün də, təbii ki, hər bir işçidə praktik olaraq təhlükəsizlik ənənəsi vərdişi yaradılmalıdır.
Razi Nurullayev, daha sonra mobil texnologiyalar – "ağıllı” telefonlar və planşetlər üzərindən gələn təhlükələr, mobil texnologiyalar platformaları barədə də geniş danışmışdır.
Tanınmış jurnalist "Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı bildirib ki, informasiya təhlükəsizliyi siyasətinə ehtiyac vardır və bu sahədə müvafiq addımların atılması zərurəti yetişib. Bu təbii ki, dövlətin işidir və qəbul olunan qanunvericilk bazasında müxtəlif dəyişikliklər edilməsi ehtimalı çoxdur.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev , "Azadinform İnformasiya Agentliyi”-nin baş redaktoru Niyaz Niftiyev , "Geostrategiya” jurnalının redaktor müavini İsmayıl Qasımov, "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev və "AzərFax” saytının baş redaktoru Nicat Dağlar çıxış edərək bildiriblər ki, bu məsələdə ciddi fəaliyyət göstərmək lazımdır. İctimai məlumatlandırma, KİV-lərin maariflənməsi, sosial şəbəkə aktivlərinin məlumatlandırılması üçün forumlar keçirilməlidir. İctimai fəallıq yüksəlməli, hərbi sirr sayılan informasiyalar internet istifadəçilərinə çatıdırlmalıdır.
BMAM sədrinin müşaviri Fuad Rəsulov çıxış edərək , Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümündən danışaraq, informasiya təhlükəsizliyi və dövlət sirrinin qorunmasının xalqımız üçün vacib məsələ olduğunu bildirib.Çıxışçı Uluöndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı kimi, ölkəmizin milli təhlükəsizliyinin qorunması və möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən söz açıb.
Daha sonra ictimai müzakirə iştirakçılarından QHT rəhbərləri İradə Yaqubova, Əkbər Yolçuyev, Yadigar Məmmədli, Könül Ağayeva , Çingiz Bayramov, Ramiq Vəliyev, Mehriban Abdullayeva, Vasib Sadıqov və başqaları çıxış edərək bildirib ki, hər bir internet istifadəçisi bilməlidir ki, hansı məlumatlar dövlət sirridir, hərbi məlumatdır və bu məlumatı internetdə yerləşdirmək, sosial şəbəkədə paylaşmaq olmaz. Halbuki, internet istifadəçiləri bu məlumatları bilmir. Ona görə də vətəndaş cəmiyyəti bu məsələdə ictimai maaarifləndirmə funksiyasını yerinə yetirməlidir.
Tədbirin sonunda qərara alınıb ki, müzakirə olunan məsələnin əhəmiyyətini nəzərə alaraq təkliflər planı hazırlanıb dövlətə təqdim edilsin.