Avrasiya Mətbuat Fondunun sədrindən xüsusi nümayəndəyə sərt etiraz- FOTO

img

01-05-2015 [16:11]



Humanitar Tədqiqatlar Cəmiyyəti bu gün Avropa İttifaqının maliyyə və Barışıq Resursları təşkilatının dəstəyi ilə reallaşdırılan "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi çərçivəsində reallaşdırdığı məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi proseslərini əhatə edən "Yeni Mənzillər və Qayıdış Ümidləri” adlı hesabatının Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında müzakirəsini təşkil edib. 

Mia.az xəbər verir ki, müzakirədə hökumət nümayəndələri, beynalxalq təşkilatların təmsilçiləri, Bakıda akkreditasiya olunmuş ölkələrin səfirliklərinin təmsilçiləri, QHT nümayəndələri, jurnalistlər və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salber çıxış edərək Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində  görülən işlər barədə məlumat verdi və iştirakçıların suallarını cavablandırıb. O, son günlər aktiv müzakirə mövzusu olan Minsk qrupunun formatının və tərkibini dəyişdirilməsinin mümkünsüzlüyü haqqında fikrini bildirib. 

Mövzu ilə bağlı çıxış edən Beynəlxalq Avrasiya  Mətbuat Fondunun sədri Umud Mirzəyev  isə  Azərbaycanın vətəndaşı cəmiyyəti adından Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinə iradlarını bildirib.

 Onun sözlərinə görə, Avropa Birliyi Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində sadə azərbaycanlıların gözündə öz etibarını itirib. Son illər müşahidə olunan ikili standartlar siyasətinə görə, Azərbaycan cəmiyyətində və mediasında bu quruma qarşı etimadsızlıq yaranıb. Umud Mirzəyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salberdən təmsil etdiyi qurumun niyə Azərbaycanı müharibəyə sövq etdiyini soruşub.

 BAMF sədri fikrini belə əsaslandırıb ki, Avropa Birliyi təcavüzkarla təcavüzə uğrayan arasında bərabərlik işarəsi qoymaqla böyük bir ədalətsizliyə rəvac verir: 

"Avropa Birliyi kimi söz sahibi qurumların belə qərəzli mövqeyi  isə Azərbaycanı münaqişənin həllində ən son varianta, hərbi yolla öz torpaqlarını azad etməyə sövq edir. Halbuki, Azərbaycan həmişə sülh və barışığı üstün tutur  və indi də bu sülhsevər mövqeyinə sadiqdir".

  BAMF sədrinin bu mövqeyi tədbir iştirakçıları tərəfindən  rəğbət və dəstəklə qarşılanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA