Hafiz Hacıyev partiyanı topladı, önəmli mesajlar verdi

img

01-05-2015 [13:36]


Müasir Müsavat Partiyası (MMP) Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı ölkədə fəaliyyət göstərən siyasi partiyalar və qeyri hökumət təşkilatlarına müraciətlə əlaqədar tədbir keçirib.

Tədbirdə MMP-nin sədri Hafiz Hacıyev və rayon təşkilatlarının nümayəndələri iştirak ediblər.
Partiya sədri çıxışı zamanı Birinci Avropa Oyunları ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri haqqında danışaraq qeyd edib ki, bu qüvvələr ölkəmizi dünyaya yaxşı mənada təqdim etmək əvəzinə, ermənipətəst mövqedən çıxış edirlər: "Müəyyən vəsait qarşılığında ermənilərlə, ermənipərəst qüvvələrlə iş birliyində olanlar yalan məlumat verməyi dayandırmalıdır. Heç olmasa ümumi milli maraqlar xatirinə Birinci Avropa Oyunları ərəfəsində bu oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün səylərimizi birləşdirib dövlətimizin yanında olaq”.

Hafiz Hacıyev AXCP sədri Əli Kərimliyə, Milli Şuranın sədri Cəmil Həsənliyə, eləcə də erməni lobbisinin maliyyə dəstəyi nəticəsində ABŞ və Qərbin verdiyi təlimatlara uyğun anti-Azərbaycan kampaniyasında iştirak edən QHT-lərə də müraciət edib. Partiya sədri bildirib ki, onların xarici qüvvələr qarşısındakı xidmətlərinə görə, heç də başları sığallanmayacaq: "Siyasi qisasçılığınızı, böhtanlarınızı, erməni diasporasına işləməyinizi bir müddət də olsa dayandırmalısınız. Əks təqdirdə heç kim yaxşı mənzərənin şahidi olmayacaq. Elə bilirsiniz sifarişini yerinə yetirdiyiniz Con Kerrilər başınızı sığallayacaq?! Ağlınızı gec də olsa, başınıza yığın. Əli Kərimli və Cəmil Həsənlilər satqınlığın daşını ətəklərindən atıb doğru yola qayıtmalıdırlar. Ailələrini idarə edə bilməyənlər dövləti idarə etmək həvəsinə düşüblər. Həmin insanlara demək istərdim ki, gedin birinci özünüzü idarə edin sonra dövləti".
Daha sonra mövzu ətrafında partiyanın digər funksionerlərinin fikirləri dinlənib və onlar ölkədə fəaliyyət göstərən siyasi partiya və vətəndaş cəmiyyəti institutlarını birgə şəkildə Azərbaycan əleyhinə çıxış edən qərəzli qüvvələrə qarşı qəti mübarizə aparmağa çağırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA