"Tofiq Qasımov bir mənlə, bir də keçmiş aspirantı ilə görüşür" - Hacı Hacılı (Müsahibə)

img

29-04-2015 [21:59]


Hazırda İsveçrədə yaşayan müsavatçı, sözün əsl mənasında ziyalı olan Hacı Hacılı Musavat.com-a müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir: 

- Hacı bəy, ictimai-siyasi sektorun tanınmışları arasında ilk mühacirətə gələnlərdən olmusuz. Kimi danışdırdıqsa, əksəriyyət sizin adınızı çəkdi, "mən gələndə Hacı bəy burda idi, onun yanına getdim” dedi... Bəs siz özünüz necə gəldiz? Necə başladı sizin hekayəniz? 

- Hekayə kifayət qədər sadədir. 2004-cü ildə, prezident seçkilərindən sonra ailə ilə birgə gəldik bura. Çətin yollarla. O vaxtkı situasiya belə idi ki, Azərbaycanda demokratların yanında Norveçin Azərbaycandakı səfiri Steynar Gil və İsveçrənin AŞPA-dakı həmməruzəçisi Andreas Qross dayanırdı. O vaxt elə təsəvvür vardı ki, ya İsveçrəyə, ya da Norveçə getsək, daha yaxşı olar. İsveçrə yaxın olduğuna görə buranı seçdim. 

- Qaçqın düşərgəsi, yoxlamalar, sorğu-sual...Bu mərhələlərin hamısından keçdizmi? 

- Əvvəl karantinə bənzər sistem var. 15-20 gün orda qalırsan. Normal şəraitdir. O müddət ərzində səndən, ailəndən sorğu-sual edirlər. Necə gəlmisən, problem nədir, nə istəyirsən. Adi prosedurdur. Ondan sonra yerləşdirirlər ayrı-ayrı yaşayış məntəqələrinə. Elə ailə var ki, bəxti gətirir və normal evə düşür, eləsi var yataqxanaya köçürürlər. Bizim bəxtimiz gətirdi ki, evə düşdük. Bu sırf təsadüf idi və bu xoş təsadüf nəticəsində bizə 4 otaqlı mənzil verdilər. Bir neçə ay sonra siyasi mühacir statusu aldıq. Ondan sonra mənzil, harada yaşayacağını özün müəyyənləşdirirsən. Sadəcə mənzil və tibbi sığorta xərclərini İsveçrə hökuməti öz üzərinə götürür. Siyasi status alan şəxs həmin andan qoruma altında olur. Tutaq Hacı Hacılı siyasi oturum aldı, sabah Yunanıstana gedəndə orda Azərbaycan hökumətinin göstərişi ilə həbs olunursa, İsveçrə hökuməti oraya gedib Hacı Hacılını alır və gətirir İsveçrəyə. 

"Avropa məkanında belədir ki, insanlar gecə saat 10-dan sonra yatır, səhər 5-də isə durub işə getməyə hazırlaşır. Qonşunun 10-dan sonra duşa girməsi, yaxud televizora yüksək səs verməsi istirahət hüququnun pozulmasıdır” 

  

- Nə qədər müddət sonra işləməyə başladız? 

- 1 il 8 ay sonra işə başladım. 1 il İsveçrə Greenpeace beynəlxalq təşkilatının strateji və analiz şöbəsində işlədim. 

- Həmin vaxt alman dilini bilirdiz? 

- Öyrənmişdim. İntensiv məşğul olduğumdan bir az bilirdim. Amma bu təşkilata işə düzəlməyimin əsas səbəbi o deyil. Səbəb elmlər doktoru diplomumun təsdiq olunması idi. İsveçrə alimlik dərəcəmi təbiətşünaslıq doktoru kimi təsdiqləmişdi. Haşiyə çıxıb deyim ki, İsveçrədə hər hansı bir ali təhsil, yaxud alimlik diplomunu təsdiq etdirmək olduqca çətindir. Burda da bəxtim onda gətirdi ki, alimlik dərəcəsini SSRİ vaxtında, Moskvada almışdım. Böyük ehtimalla İsveçrə elmi dairəsində belə bir yəqinlik var ki, SSRİ dövründə fundamental elmlərin səviyyəsi yüksək olub. Bu baxımdan SSRİ dağılandan sonrakı diplomları burda tanımırlar. 

- Bu təşkilatda nə qədər çalışdınız? 

- 1 ildən çox. Sonra elmi tədqiqat mərkəzində iki mövzu üzrə elmi işimi davam etdirdim. 9 ay orda işləyəndən sonra xanımım ağır xəstələndi. Vəziyyət belə idi ki, uşaqlar gündüz dərsdə olurdu, mən də işdə. Yoldaşım da evdə tək qalmalı idi. Bu isə mümkün deyildi. Elə iş tapmalı idim ki, gecələr işləyim, gündüzlər uşaqlar məktəbdə olanda xanımımın yanında olum. İl yarım xəstə oldu, 2010-cu ilin sentyabrında vəfat etdi.

Sonra tədqiqat mərkəzində məni iki dəfə geri çağırdılar. Amma hazırda çalışdığım işi sevdiyimdən, üstəlik də xanımımla bağlı ağır sarsıntılar keçirdiyimdən getmədim. Əvvəl fikirləşdim ki, bir az özümə gəlim, sonra gedərəm. Stressdən çıxma prosesi çox uzun çəkdi - əslində hələ də bitməyib... 

"İsveçrəlilərin gəlmələrə olan münasibətini iki sözlə ifadə etmək olar: təmkinli və tolerantdır” 


-  Stajlı biri olaraq, İsveçrədəki mühacirət həyatının mənzərəsini sizin dilinizdən dinləmək istərdim.  

- Xoşbəxtlikdən qonşu xalqlarla müqayisədə azərbaycanlılar burda elə də pis ad qazanmayıblar – bizimkilərin adı oğurluq və digər cinayətlərdə demək olar ki, hallanmır. Götürəndə azərbaycanlılar o qədər də çox deyil İsveçrədə. Ölkə daxilində 200-250 ailə ola, ya olmaya. İsveçrəlilərin gəlmələrə olan münasibətini iki sözlə ifadə etmək olar: təmkinli və tolerantdır. Təbii ki, hər yerdə olduğu kimi, burda da ifrat düşünənlər tapılacaq. Amma onlar ictimai fikirdə xüsusi çəkiyə malik deyil. 


- Mühacirlərin yardım pulu aldıqları üçün az işləməsi xarakterikdirmi bizim xalqa? 

- Yox, xarakterik deyil. Sadəcə fərq ondadır ki, kimlərsə  yeni iş axtarmaqda daha tədbirli olur, başqa birisi indiyə qədər mütəxəssisi olduğu sahəni axtarmağa üstünlük verir. Biri də düşünür ki, mən daha yüksək statusa malikəm və "aşağı” yerdə işləyə bilmərəm. Təbii ki, 100-200 nəfərin içində genetik tənbəl olanı da var. 

- Azərbaycanlılar daha çox hansı sahədə işləməyə meyl edirlər? 

- Dəqiq deyə bilmərəm. Çünki statistika yoxdur. Məncə xidmət, ümumi ticarət şəbəkəsinə meyl edirlər. Sadəcə bu, daha tez adaptasiya olunan sahələrdir deyə iş də tapmaq asandır.

- Bizimkilər İsveçrədə hansı sahədə əziyyət çəkirlər? 

"O vaxtkı situasiya belə idi ki, Azərbaycanda demokratların yanında Norveçin Azərbaycandakı səfiri Steynar Gil və İsveçrənin AŞPA-dakı həmməruzəçisi Andreas Qross dayanırdı” 


- Mental fərqliliklərdə. Bizdə salam verən kimi, bir qadının, bir kişinin qolundan tuta, əlini çiyninə xəfifcə vurub nəsə deyə bilərsən. Burda onu etsən diksinərlər. Azərbaycanda iki eyni cinsli adamın bir otaqda yatmasına heç kim pis baxmır. Amma burda anındaca başqa cür düşünərlər.  Xırda detallardır, amma önəmlidir. Bizim düşüncə tərzimiz, adicə zarafatlarımız arasında da fərqlər var. Bizdə zarafatların çoxu, müəyyən qismi insanların fiziki qüsurlarına görə ola bilər: tutaq ki, kökdür, ağzı əyridir, burnu yekədir. Burda elə zarafat etmək olmaz. Bizimkilər bu cur zarafat edəndə yaxşı qəbul eləmirlər. Ciddi fərqlərdən biri əməyə, qayda-qanunlara münasibət məsələsidir. Azərbaycanda formal qaydalar, qanunlar olsa da, az əməl olunur. Burda isə əmək qaydaları var: tutaq ki saat 10.45-dən 11.00-ə qədər kofe fasiləsidir. Ondan 5 dəqiqə əvvəl də getmək olmaz, 5 dəqiqə sonra da. Ya da nahar fasiləsidir, hamı bu müddətdə işləmir. Bu tipli xırda şeylər bizə çətinlik yaradır. Və nəhayət, üçüncü ciddi problem ailə, icma və qrup prinsiplərinə üstünlük verməyimizdir. Tutaq ki, bir neçə azərbaycanlı bir yerə yığılır, azərbaycanca söhbət edir, vaxtlarını birgə keçirir, istirahətlərini birgə təşkil edir. Axşamlar bir-birinin evinə gəlib-gedirlər. Bu, inteqrasiya işinə mane olur. Bu məsələ təkcə azərbaycanlılara deyil, həm də Şərq ölkələrinin çoxuna aiddir. Güman ki, birgə olmağa meyllilik özünü qoruma instinktindən irəli gəlir. Çox vaxt qəbul edə bilmirik ki, axşam 10-dan sonra televizorun səsi çıxmasın, o saatdan sonra duşa girmək olmaz. Avropa məkanında belədir ki, insanlar gecə saat 10-dan sonra yatır, səhər 5-də isə durub işə getməyə hazırlaşır. Qonşunun 10-dan sonra duşa girməsi, yaxud televizora yüksək səs verməsi istirahət hüququnun pozulmasıdır.

"Burda siyasi status alan şəxs həmin andan qoruma altında olur. Tutaq Hacı Hacılı siyasi oturum aldı, sabah Yunanıstana gedəndə orda Azərbaycan hökumətinin göstərişi ilə həbs olunursa, İsveçrə hökuməti oraya gedib Hacı Hacılını alır və gətirir İsveçrəyə”

  
- Hökumət nə zaman miqrantlara yardımı, müavinətləri dayandırır? 

- Miqrantlar da digər sosial yardım alanlar kimi eyni statusa sahibdirlər. Onlar da digərləri kimi minimal həyat tərzinin saxlanması məqsədilə müəyyən yardımlar alır. 10-15 il də işsiz qalsa, dövlətin sosial təminatı altında olur. Sadəcə ölkənin sosial təminat xidmətləri çalışır ki, adam inteqrasiya olunsun, hansısa əmək vərdişlərinə yiyələnsin, hansısa ixtisas öyrənsin, hansısa sahədə işləməyi bacarsın. Bu sahədə sistem saat mexanizmi kimi işləyir. Xüsusi təhsil proqramları, iş yerləri, xüsusi layihələr var ki, insanları əməyə inteqrasiya edirlər. 

- İsveçrə deyəndə Tofiq Qasımov yada düşür. Və bildiyimə görə, siz də onunla tez-tez görüşürsüz... 

Tofiq Qasımovla nadir şəkillərdən biri. İsveçrə, Lütsern...

- Vəziyyəti kifayət qədər yaxşıdır. Övladları burda ali təhsillərini təkrarən davam etdirib, İsveçrənin həkimlik diplomunu alıblar. Bir-iki aydır əlaqəmiz yoxdur. O vaxta qədər çalışırdılar. 6-7 yaşlarında, çox şirin və eyni zamanda dəcəl nəvəsi var. 

- Nəvəsi hansı dildə danışır? 

- Alman dilində. Amma Azərbaycan və rus dillərini də bilir.

- Özü hardasa işləyirmi? 

- Nəzəri fizika sahəsi üzrə mütəxəssisdir. O, bir neçə il öncə kitab yazıb bitirib. Elmi kitabdır, orda Eynşteynin nisbilik nəzəriyyəsinə münasibət də var. Hal-hazırda o kitabın nəşri üzərində çalışır. 


"Azərbaycanda iki eyni cinsli adamın bir otaqda yatmasına heç kim pis baxmır. Amma burda anındaca başqa cür düşünərlər” 


- Azərbaycanla bağlı açıqlaması, müsahibəsi yoxdur. 

- 6-7 il əvvəl mediaforum saytının uşaqları müsahibə üçün xahiş etdi, amma razılaşmadı, danışmaq istəmədi. Bir mənlə, bir də keçmiş aspirantı ilə görüşür. Azərbaycanla bağlı prosesləri izləyir, maraqlanır. Sizi də görüşdürmək istərdim, amma media ilə hər hansı ünsiyyət istəmədiyindən narahat etmədim. 

- Rauf Mirqədirovun ailəsi də Sürixdədir. Onların durumu necədir? Uşaqları, xanımı nə edir, adaptasiyası necə gedir? 

- Çox yaxşıdır vəziyyəti. Gələndən bir az sonra miqrant statusu alıblar. Hər cür şəraitləri də var. 12 və 5 yaşında iki qızı var. Böyük qızı çox istedadlıdır, oxuduğu məktəbdə yüksək bal toplayıb. 

"İsveçrə qanunlarına görə "Ocaq” siyasi proseslərə qoşula bilməz”


 - Sizinlə söhbət edib də, yenicə yaratdığınız "Ocaq” təşkilatından danışmamaq olmaz... 

- Bu təşkilat İsveçrə qanunları çərçivəsində fəaliyyət göstərən qeyri-siyasi, gəlirsiz və qeyri-hökumət təşkilatıdır.  İdeya müəlliflərindən biri dostumuz Elxan Həsənli, digəri Elbəyi Həsənlidir. Yeri gəlmişkən, Elxan İsveçrədə universitet təhsili almış azsaylı azərbaycanlılardan biridir və bu məni fövqəladə dərəcədə sevindirir. 

- Təşkilatla, onun fəaliyyət istiqamətləri ilə bağlı sosial şəbəkədə ciddi hücumlar var. 

- Bir şey anlaya bilmirəm, hücumların arxasında duran motivasiya nədir? Nəyə görə hücum edirlər? İctimai, tərəfsiz, qanunlara görə heç bir siyasi proseslərə qatılmağa ixtiyarı olmayan bir təşkilat yaranır. İddiamız yoxdur. Yalnız ictimai müstəvidə funksionallıq nümayiş etdirə bilərik. Digər tərəfdən təşkilatda əsas ağırlıq mərkəzi gənclərdən ibarətdir. Plan da belədir ki, bu gün-sabah rəhbərliyi onlar eləsin. 
Ola bilsin, bu hücumlar Elbəyinin müəyyən məsələlərdəki şəxsi mövqeyinə görə ola bilər. Belə olan halda təşkilat olaraq bizim qarışmaq hüququmuz yoxdur. Hacı Hacılı kimi isə Elbəyiyə hücumlara münasibətim çox mənfidir. Hərçənd ki, bu hücumları edənlərin çoxu od-alovdan çıxmış keçmiş mübarizə dostlarımızdır. Nə baş verir? Ortada nə var ki, normal tənqid müstəvisindən aqressiv ton müstəvisinə yuvarlanırıq? Açığı, dostlarımızın bu hücumu tənqidə görə bir nəfərin üzərinə bütün qüvvəsi ilə düşən başqa bir təşkilatı xatırladır və məni çox qorxudur. Qısası, Elbəyini şəxsən tanıyan adam kimi deyə bilərəm ki, o, haqqında deyilən mənfi sözlərin heç birinə layiq deyil. 

"Elbəyi Həsənlini şəxsən tanıyan adam kimi deyə bilərəm ki, o, haqqında deyilən mənfi sözlərin heç birini haqq eləmir” 


- Əsas qınaq təşkilatın Azərbaycandakı siyasi proseslərə qarışmayacağını bildirməsindən sonra başlandı. 

- İsveçrə qanunvericiliyində hansı maddə hansı şəkildə formula olunub, dəqiq deyə bilmərəm. Amma ictimai təşkilatın ictimai funksiyası var, siyasi yox. Biz bu ölkənin bir hissəsiyik və onun qanunları həm də bizim qanunlardır. Bu qanunlara nöqtə-vergülünə qədər əməl etməyə də borcluyuq. 

Sevinc TELMANQIZI, İsveçrə 
Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA