"Sözsüz ki, daha emosional olur, şikayətlənir..." - Leyla Yunusdan son xəbər(Müsahibə)

img

22-04-2015 [17:32]


Bu, Azərbaycan müasir tarixində ilk belə hadisə idi - hakimiyyət bir ailənin iki üzvünü, daha konkret desək, ər-arvadı həbs edib, türməyə yolladı. Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun həbsi Azərbaycanda həm də buna görə ciddi səs-küy doğurdu. "İkisini eyni vaxtda tutmazlar”, "Amerika və Fransa Leyla xanımın həbsinə izn verməz”... kimi tezislər özünü doğrultmadı və olanlar oldu. 

Daha sonra Leyla Yunusun türmədən həyat yoldaşına yazdığı sentimental məktublar, başına gələnlərin sentimental tonlarda təsviri... Bütün bunlar bir tarixdir. Hələ nəticəsini bilmədiyimiz, təxmin etmədiyimiz tarix. 

Biz isə baş verən olayların fonunda ailədən xəbər almaq üçün azsaylı ünvanlardan birində, psixoloq, Yunusların yaxın dostu Azad İsazadənin yanında olduq. Onunla hər şeydən, təbii ki, mətbuata açıqlanması mümkün olan hər şeydən danışdıq... 

- Azad bəy, necədir Yunusların durumu? 

- Hər 7 gündən bir onlara sovqat aparmağa icazə verilib. Həftədə bir dəfə tələbat olunan şeyləri – meyvə, yeməyi aparıram. Leyla xanıma icazə veriblər ki, həftədə iki dəfə zəng edir. Telefonla şikayətlərini və ona lazım olan şeyləri mənə çatdırır. Arif Yunusla vəziyyət bir az ayrı cürdür. Orda telefon əlaqəsi yoxdur. Amma MTN-də konkret siyahı var ki, nəyi gətirə bilərik. Ordakı siyahıda çəki də göstərilib ki, nəyi nə qədər gətirmək olar. O siyahı ilə həftədə bir dəfə yemək sovqatını aparıram. Nəsə əlavə lazım olanda, nəyisə qurtaranda, ya da əksinə, nəyisə çox olanda vəkili vasitəsilə xəbər göndərir. Ayda bir dəfə lazım olan əşyalarla bağlı mənə xəbər göndərir. 


"Hansısa səhv etsəm, icazəmi geri alarlar və dostlarım yeməksiz, dərmansız qalar” 


Ariflə bağlı bütün məlumatları vəkildən alıram. Səhhəti pis deyil, lazım olan dərmanları da çatdırıram. Oranın həkimi də həmin dərmanları ona çatdırır. Leylada isə siyahı daha genişdir. Bundan başqa, telefonla da danışırıq deyə ona nə lazım olduğunu da dəqiqliklə bildirir. Sözsüz ki, daha çox təchizat söhbətləri aparırıq. Çünki hüquq söhbətlərini həftədə iki-üç dəfə görüşdüyü vəkillərlə danışır. 


- Siz hər ikisinin dostu olmaqla yanaşı, həm də ixtisasca psixoloqsuz. Yunusların psixoloji durumlarında hansı dəyişikliyi müşahidə edirsiz? Yəni, əhvallarında, hadisələrə yanaşmalarında, emosiyalarında... 

- Arifi qiymətləndirmək çətindir qiyabi. Çünki heç onun səsini də eşitmirəm. Amma mənə göndərdiyi xəbərlərdə deyir ki, "heç mənim yanıma gəlməyin, heç nə göndərməyin də. Əsas Leylaya diqqəti çoxaldın”. Sözsüz ki, bir-birindən narahatdılar. Leylanın səhhətində yaşından asılı olaraq – 60 yaş az deyil – ciddi problemlər var, "n” qədər xəstəliyi var. Bəzən ayaqları ağrıyır, gəzmək çətin olur, görməklə bağlı problemləri olur. Ona görə də sözsüz ki, daha emosional olur, şikayətlənir. Amma ümumiyyətlə, mübariz qadındır deyə təslim olmur. 

- Ən çox harda "partlayır”, emosiyalarını cilovlaya bilmir? Kamera yoldaşlarından biri ilə problemi olması barədə Arif Yunusa yazdığı məktubunda bildirmişdi. İndi durum necədir? Düzəlibmi kamera yoldaşları ilə münasibətləri? 

- Kamerada bir neçə nəfərdir və periodik olaraq dəyişir. 3 nəfər, 4 nəfər... Son bir aydan artıqdır ki, kamera yoldaşlarından şikayətlənmir. Verdiyi sifarişlərdən başa düşürəm ki, təkbaşına yemir. Kameranın öz qaydaları var. Və Leyla xanım da o qaydalara uyğun olaraq sovqatını paylaşır. Deməli, onunla da paylaşırlar. Kamera dostluğu mühiti yaranıb. Konfliktlərdən xəbərim yoxdur. Hətta bilirəm ki, bir-iki nəfər orda onunla dostlaşıb. Kiməsə orda ingilis dili keçir, dil öyrədir. Başlarını qatırlar. Çox kitab sifariş edir. 


- Daha çox kimi və ya kimləri oxuyur? 

- Daha çox Soljenitsini. Demək olar ki, bütün əsərlərini. Bakıda hansını tapdımsa alıb, göndərdim ki, oxusun. Hinzburqu istəyir ki, oxusun. Özü xahiş edir ki, bəzən mənə dərin, fəlsəfi kitablar gətir, bəzən də yüngül, məsələn, detektiv.  Çingiz Abdullayevi yollamışam, rus detektivlərindən Malinini, Dantsovanı oxuyur. Dantsovadan imtina etdi ki, şriftləri çox kiçikdir, oxumaq çətindir. Hər dəfə 2-3 kitab aparıram. Arif bəy bir müddət kitab istəyirdi, indi istəmir. Vəkil deyib ki, MTN-də gözəl kitabxana var. Orda kitablar, qəzetlər də verirlər, ona bəs edir. Ona 5-6 aydır ki, kitab aparmırıq. 

- Son zamanlar məktubların, daha dəqiqi, ictimaiyyətə məlum olan məktubların arası kəsilib. Əvvəllər Leyla xanımın yoldaşına yazdığı məktublarda türmə mənzərələri, emosiyalar bütün çılpaqlığı ilə əks olunurdu. Məktubların kəsilməsi təsadüfdür, ya düşünülmüş addım? 

- Təsadüf deyil. Amma düşünülmüş addımdır, ya qadağaların çoxalmasındandır, bunu deyə bilmərəm. Hər halda hamımız Leylanı tanıyırıq. İmkanı olsa gündə iki dənə də məktub yazardı. Deməli, sadəcə bir balaca məhdudiyyət var. Çünki qaydaya görə, ordan məktub bir az çətin çıxır. Bir də ki, bəlkə ilkin aylarda yazmağa bir az səbəb də çox idi. İndi hər şey təkrarlanır, heç nə dəyişməyib. Hansısa bir-iki məqam dəyişibsə belə, bunun üçün xüsusi olaraq məktub yazmağa da ehtiyac yoxdu. Ona görə də deyirəm ki, bəlkə bir az düşünülmüşdür – çünki ürəyini boşaldıb, o biri tərəfdən də tam sərbəstlik verilməyib ki, istədiyin zaman məktub yaz. 


- Leyla xanıma qarşı hər hansı fiziki təzyiq olubmu? Özünün dediyindən sonrakı müddətdə... 

- Mənə heç nə deməyib. Vəkillərindən də periodik olaraq soruşuram. 

- Mən ilk dəfə eşidəndə ki, Yunusların yanına sovqat aparan yeganə adam sizsiz, çox təəccüblənmişdim. O zaman hüquqşünas Samirə Ağayevanın da sizinlə yanaşı, türməyə gedib-gəldiyini bilmirdim. Amma bununla belə yenə də təəccübüm davam edir: doğrudanmı Yunusların Azərbaycanda hər hansı qohumu, başqa yaxın tanışları yoxdur? Sözsüz ki, siz də yaxın dostlardan sayılırsız, amma yenə də qan qohumunun, ailə üzvünün yeri ayrıdır. 

"Yunusların qızı ata-anası sağ ola-ola, sanki yetim qalıb” 


- Yaxın qohumlarından qızı, Arif bəyin qardaşları var ki, onlar da xaricdədir. Uzaq qohumlar isə real olaraq kömək üçün müraciət ediblər və kömək də edirlər. Özləri də müraciət ediblər ki, onlara görüş üçün icazə verilsin. Amma icazəsiz ancaq yaxın qohumlar aparıb gətirə bilər. Uzaq qohumlara xüsusi icazə lazımdır. Bilmirəm müraciət ediblər, ya yox. Leyla xanımın isə bacı-qardaşı yoxdur. Arif bəyin qohumlarından isə kimsə yemək bişirib mənim vasitəmlə yollayır, bir başqası paltarlarını yuyub təmizləyib yollayır. O barədə müraciət edən azdır. Başqaları birbaşa nəsə etmək istəsələr də, türmə rəhbərliyi buna icazə verməyəcək. Burda məntiq də var, söhbət təhlükəsizlik və məsuliyyət məsələsindən gedir. Nəsə olsa, ortaya çıxsa, bilinəcək ki, iki nəfərdən biri məsuliyyət daşıyır. 

- Bu məqamda Yunuslardan üz döndərən, çəkinən, onlarla maraqlanmayan, bu prosesdən özünü kənarlaşdıran dostlar, qohumlar, tanışlar oldumu? 

- Oldu. Mən tanıdığım yaxın tanışları çəkilib uzağa. Amma eləsi də var ki, mən bu hadisələrə qədər tanımasam da, həbsdən sonra özləri zəng edib maraqlanıblar. 


- Kənara çəkilənlər nə deyiblər? 

- Mən onlara müraciət etməmişəm. Bəlkə onlar başqa yollarla nələrsə etməyə çalışırlar. Amma konkret olaraq mənə müraciət edib, kömək təklif edənə rədd cavabı verəsi deyiləm. Bununla yanaşı, qapı-qapı gəzib, yardım da istəyəsi deyiləm ki, gəlin fond yaradaq, nəsə edək-filan. 

- Müdafiə ilə bağlı bir qədər passivlik müşahidə olunur. Bu, təkcə Yunuslarla bağlı deyil, digər siyasi məhbusların müdafiəsində də eyni hal görünür. Konfranslar, fondlar, bəyanatlar... yox kimidir... Bunun səbəbi nədir sizcə? 

- Mən bir balaca hüquq müdafiə tədbirlərindən uzaqlaşmışam. Çox çətinliklə, bir aya icazə almışam ki, Leyla xanımın yanına gedib-gəlim. Başa düşmüşəm ki, bu missiya mənim çiynimə düşüb. Sabah hansısa səhv etsəm, bu icazəni geri də ala bilərlər, məni onlara sovqat aparıb-gətirməyə qoymaya bilərlər. O zamansa mənim dostlarım dərmansız, yeməksiz qalacaq. O missiyanı vəkillər götürüb öz boyunlarına. Hansısa müdafiə komitəsi, tədbir keçiriləndə onlar ya gedirlər, ya da getmirlər. Şərhi, informasiyanı da onlar verirlər. 


- Leyla xanımın hüquq müdafiəçi həmkarları, konkret Monitorinq Qrupu üzvləri ona baş çəkiblərmi? Nə deyirlər? 

- Monitorinq Qrupu üzvləri Leyla xanımın səhhəti pis olanda mənə müraciət etmişdi. Onlarla da görüşmüşəm. Onlar bu işə qarışmışdılar, fəaliyyətləri nəticəsində Tibbi Komissiya yaradılmışdı, qrupun üzvləri də daxil olmaqla bir neçə nəfər Leyla xanıma baş çəkmişdilər.

- Azadlıqda olanda Leyla xanımın hüquq müdafiəçi həmkarları ilə münasibətləri yaxşı deyildi. Ən azı mətbuat nümayəndələri olaraq dəfələrlə bu polemikaların şahidi olmuşuq. Bəs həbsə düşəndən sonra münasibətlər dəyişdimi? Məsələn, Leyla xanım həmkarlarının ona baş çəkməsinə necə reaksiya verdi? 

- Mən eşitməmişəm. Özüm Monitorinq Qrupuna müraciət etməmişdim. Onlar özləri zəng elədilər, görüş təklif elədilər və danışdılar. Onların çoxu ilə illərdir tanışam, konfliktim olmayıb. İnsan öz köməyini kiməsə təklif edirsə, niyə bundan imtina edilsin ki? Leyla da imtina etmədi. 

- Yunusların qızı necədir? Hər iki valideyni həbsdə olsa da, Azərbaycandadır və bu səbəbdən onun burdan gediş səbəbi də maraqlıdır. Özümü istədi, yoxsa valideynləri ölkəni tərk etməsində israrlı oldu? 
  

"Qızı deyir, mənə elə gəlir ki, bir daha valideynlərimi görə bilməyəcəm” 

  
- Əslində Dinara 2008-dən köçüb. Polşa və Hollandiyada təhsil alıb. Hal-hazırda Hollandiyada yaşayır. Oranın vətəndaşı deyil deyə bura da gələ bilmir. Yoxsa gələrdi. Məsələ qaldırıb ki, ona vətəndaşlıq versinlər. Çünki havada qalıb. Hazırda ən çətin vəziyyətdəki odur. 

- Danışırsız tez-tez? 

- Təbii. Skaypla da danışırıq, telefonla da. İraq olsun, ata-anası sağ ola-ola, sanki yetim qalıb. Heç kimə dərdini danışa, məsləhətləşə bilmir. Hər şeydən qorxur, çəkinir. Xaricdə azərbaycanlılar ona öz köməyini təklif edəndə çəkinir, dərhal mənə zəng edir ki, "yardımlarını qəbul edim, ya yox”. Dəfələrlə mənə deyib ki, "mənə elə gəlir ki, bir daha valideynlərimi görə bilməyəcəm”. Psixoloq olsam da, onun bu sözlərinə cavab tapa bilməmişəm. Nə deyim? Deyim ki, görəcəksən, bu halda yalanı öz boynuma götürürəm, çünki özüm də əmin deyiləm. Təsdiqləyim ki, görməyəcəksən, bəlkə məsələ necəsə həll olundu. Çox çətin bir sualdır. Ona görə də fərqli cavablar verirəm. Deyirəm, bəlkə ikisini eyni anda görə bilmədin. Məsələn, biri tez çıxdı, o biri nisbətən gec. Yola verirəm, amma real başa düşürəm ki, çətindir. 

- Oxuyur, ya işləyir? 

- Oxuyurdu, bitirib təhsilini. İndi çalışır. Əsas arzusu valideynlərinin tezliklə azadlığa çıxmasıdır. 

- Leyla xanım telefonla söhbətlərinizdə sizə azadlığa çıxması, bu ehtimalı barədə nə deyir? Mövqeyi necədir? 

- Deyir ki, "fərq eləmir mənə neçə il iş verəcəklər.  Başa düşürəm ki, bu səhhətlə mən uzun müddət qala bilməyəcəm”. Sözsüz ki, bir az ümid verməyə çalışıram. Deyirəm, qoy məhkəmə olsun, baxaq. İndi nə əfvə düşür, nə amnistiyaya. Məhkəmədən sonra bu barədə nəsə danışmaq olar. Amma Leyla xanımı tanıyırsız, xasiyyətini bilirsiz, səbirsizdir. Üstəgəl, indi qapalı şəraitdə fəaliyyətsizdi, sözsüz ki, çox çətindir. 


-Leyla xanım həm də irəliləyən yaşına baxmayaraq, hər zaman baxımlı, şarmlı qadın olub. Türmə təbii ki, gözəlliyini əlindən ala bilməz. Amma mənə maraqlıdır, türmədə belə özünə baxırmı, diqqət ayırırmı? 

- Görməmişəm, bilmirəm. Amma deyir ki, arıqlayıb. Periodik olaraq evindən, ya da dükandan almam üçün hansısa kosmetoloji avadanlığı məndən xahiş edir. Hansısa krem, dodaq üçün rəngsiz pomada, gellər istəyir. Mən adını yazıram, sonra tanış xanımlardan xahiş edirəm ki, yardımçı olsunlar. 
 

"Arif Yunus xahiş edir ki, əsas diqqəti Leylaya ayırın”

   
- Kamera yoldaşlarından biri ilə bağlı şikayəti vardı və bunu məktublarından birində yazmışdı. İndi heç nə demir? 


- İndi şikayətlənmir. Telefonla 15 dəqiqə danışırıq. Mən onun zəng edəcəyi saatı bilirəm. Qarşımda bloknot və qələm gözləyirəm. Həftədə iki dəfə zəng edir – iki, beşinci günlər saat 11-də. Həyat rejimim dəyişib. Həftədə iki dəfə telefon zəngini gözləyirəm, daha bir bütöv gün Kürdəxanıya gedir. MTN nisbətən yaxındır. 1-1.5 saata həll etmək olur gedib-gəlməyi. Amma mən tək deyiləm. Bütün yük çiynimə düşməyib. Bu işlər bölüşdürülür, həll edilir. Mən sadəcə ötürücüyəm. 

- Xüsusi istədiyi yeməklər hansıdır? 

- Hətta azadlıqda olanda da Leyla üçün xüsusi, dadlı yemək anlayışı yox idi. Sağlamlığına faydalı yemək onun üçün birinci sırada dayanırdı. İndi isə diabeti olduğunu da nəzərə alsaq, bu nüans xüsusi önəm daşıyır. Əsasən toyuq, toyuqdan düzəlmiş yeməklər, dolma, kartof, düyü qarniri... Amma çox da geniş menyu yoxdur. İki-üç yemək. Bəzənsə deyir ki, bu dəfə bunu, gələn dəfə isə başqa yeməyi gətirin. Bir sözlə, xüsusi yemək kaprizi yoxdur. 

Sevinc TELMANQIZI 
Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA