Cəmil Əliyev mükafat aldı - AMEA-da müsabiqə

img

15-04-2015 [17:42]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın adlı mükafatları üzrə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

AMEA-dan Mia.az-a bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin 18 fevral 2015-ci il tarixli qərarına əsasən bu il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib.

Müsabiqə AMEA-nın adlı mükafatları haqqında əsasnamələrə uyğun olaraq təşkil edilib və onun keçirilməsi, eləcə də şərtləri haqqında elan respublikanın kütləvi informasiya vasitələrində, o cümlədən "Azərbaycan” qəzetində, AMEA-nın "Elm” qəzetində və www.science.gov.az internet portalında yerləşdirilib.

Müsabiqədə iştirak edən alimlər haqqında təqdimatlar, müvafiq sənədlərlə bilikdə Ekspert Komissiyasına təqdim edilib. Komissiyanın bu il keçirilmiş yekun iclasından sonra isə mükafatlara namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim olunub.

İclasda müsabiqənin nəticələrini nəzərə alaraq informatika və idarəetmə sistemləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Telman Abbas oğlu Əliyevin AMEA-nın Nəsirəddin Tusi adına mükafatı, təbiət elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Tariyel Hüseynəli oğlu Talıbovun AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı, Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərovanın AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı, tibb elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə görə akademik Cəmil Əziz oğlu Əliyevin AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə təltif olunması haqqında qərar qəbul edilib.

Həmçinin qərarara əsasən sənayedə katalitik kreking prosesinin inkişafı istiqamətində əldə etdiyi elmi nəticələrə görə akademik Musa İsmayıl oğlu Rüstəmova, AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı, kristallokimya, mineralogiya və geokimya sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqova AMEA-nın Akademik Musa Əliyev adına mükafatı və tarix elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə akademik Teymur Əmiraslan oğlu Bünyadova AMEA-nın Abbasqulu ağa  Bakıxanov adına mükafatı təqdim olunacaq.

Qeyd edilib ki, adlı mükafatlar bu il aprelin 29-da keçiriləcək AMEA-nın  Ümumi Yığıncağında öz namizədlərinə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA