Deputat yazdı, Metropolitendən cavab verildi

img

13-04-2015 [13:04]


Millət vəkili Fazil Mustafa Məmmədəmin Rəsulzadənin metronun "Bakmil" stansiyasının yanında, depo ərazisində 1992-93-cü illərdə qoyulan büstünun "Bakı Metropoliteni" QSC-nin rəisi Zaur Hüseynovun göstərişi ilə dağıdıldığı və qalıqları yük maşınına yığılaraq aparıldığı haqda status yazıb.

Deputat bildirib ki, prezident İlham Əliyev ötən il Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb:

 "Həmin sərəncamda Rəsulzadənin irsinin öyrənilməsi, əsərlərinin nəşri, yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Üstəlik də sərəncamda Rəsulzadənin büstünün və ya abidəsinin dağıdılması barədə hansısa göstəriş, işarə, ideya yox idi və ola da bilməzdi. Belə olan halda Zaur Hüseynovun hərəkəti prezidentin sərəncamına qarşı hörmətsizlik deyil, bəs nədir? Prezidentin sayğı göstərdiyi, yubileyini dövlət səviyyəsində qeyd etməyi tapşırdığı bir tarixi şəxsiyyətə, hansısa bir məmurun hörmətsizlik göstərməsinin adı nədir?”

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu olaya münasibət bildirib.

O, AzNews.az-a deyib ki, Məmmədəmin Rəsulzadənin abidəsinin "Bakmil”in deyil, deponun ərazisində olduğunu vurğulayıb: "O abidəni nə Fazil Mustafanın, nə də oranın hər hansı bir sakininin görmək imkanı var. Hətta, mən belə o əraziyə icazə ilə girirəm. Bəli, orada vaxtı ilə Məmmədəmin Rəsulzadənin büstü qoyulmuşdu. O büst çox keyfiyyətsiz halda hazırlanmışdı. Demək olar ki, istifadəyə yararsız idi. Hazırda metroda yenidənqurma, təmir-bərpa işləri gedir. Həmin təmir işləri başlayan ərəfədə büst oradan götürülüb. İstər Fazil Mustafanın, istərsə də hər hansı bir insanın diqqətinə çatdırıram ki, heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Ən azından bilirik ki, Məmmədəmin Rəsulzadə kim olub”. 

N.Paşayev onu da əlavə edib ki, təmirdən sonra Məmmədəmin Rəsulzadənin büstü yerinə qaytarılmayacaq, çünki büst tamamilə yararsızdır: "Keyfiyyətsiz materilaldan hazırlanıb və istifadəyə yaramır. Hazırda o büst anbardadır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA