AXCP rəhbərliyində kütləvi həbslər olacaq - İddia

img

08-04-2015 [11:53]


"Milli Şuranın aprelin 5-də keçirdiyi aksiyada Prezident İlham Əliyevin ünvanına işlətdikləri təhqiramiz ifadələrə və səsləndirdikləri radikal şüarlara görə, 10-a yaxın şəxs həbs edilib. Hazırda polis və xüsusi xidmət orqanları ciddi-cəhdlə tutulan şəxslərin siyasi və dini qruplarla nə kimi əlaqələrinin olduğunu, kimlərdən təlimat aldıqlarını araşdırır. Əgər ortaya əsaslı dəlillər və şübhələr çıxarsa, bu, daha irimiqyaslı həbslərə səbəb olacaq”.

Mia.az xəbər verir ki, bu məlumatı Strateq.az hökumətə yaxın mənbələrdən əldə edib. Məlumatda deyilir ki, ilkin araşdırmalara görə, tutulanlardan 4-nün AXCP üzvləri olduqları artıq təsdiqlənib. Bunlardan AXCP Səbail rayon təşkilatının sədri Saqif Qurbanova 21 sutka,  Türkel Əlisoya 30 sutka, Ruslan Nəsirova 30 sutka, Natiq Abdullayevə 30 sutka həbs cəzası verilib. Digər şəxslərin kimlikləri və cəza tədbirləri haqdasa məlumat verilmir.

Mənbə bildirir ki, Milli Şuranın son iki aksiyası zamanı aparılan çəkilişlər hüquq-mühafizə orqanlarına aksiyada fəallıq edən şəxslərin çevrəsini və ünvanlarını asanlıqla müəyyən etməyə imkan verib: "Polis indidən Avropa Oyunları ərəfəsi ölkədə qarışıqlıq yarada biləcək radikal əhval-ruhiyyəli gəncləri nəzarətə götürmək üçün preventiv əməliyyat tədbirləri hazırlayıb. Milli Şuranın son aksiyasında iştirak edən şəxslərin, demək olar ki, hamısının adbaad siyahısı çıxarılıb. İlkin incələmələrdə aksiyada AXCP-nin sabit bazasından əlavə, yeni və əsasən də gənclərdən ibarət və həmçinin ayrı-ayrı dini icmalara bağlı şəxslərin də olduğu aşkarlanıb. Hazırda onların yaxın əlaqələri araşdırılır”.

Mənbənin dediyinə görə, hüquq-mühafizə orqanlarının aksiya təşkilatçılarını öncədən xəbərdarlıq etmələrinə baxamayaraq, AXCP üzvlərinin Prezidentin istefasını tələb etmələri və təhqiramiz ifadələr işlətmələri Milli Şuranın bundan sonrakı aksiyalarına icazə verilməsini sual altlna alıb: "Əgər həbs olunanların ölkə başçısı əleyhinə təhqiramiz ifadələr səsləndirmələrinin Milli Şura rəhbərliyi tərəfindən istiqamətləndirildiyi və ya hər hansı formada stimullaşdırıldığı sübuta yetirilərsə, bu, Mitinq Komitəsi üzvlərinin də polis araşdırmasına cəlb edilməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, Strateq.az-ın əməkdaşı AXCP rəhbərliyinə daxil olan şəxslərdən məlumata münasibət öyrənmək istəsə də, onlar hələlik dəqiqləşdirmə apardıqlarını və yalnız bundan sonra açıqlama verəcəklərini bildiriblər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA