MMP-də bayramqabağı durum

img

18-03-2015 [12:28]


Yolumuzu Müasir Müsavat Partiyasından salırıq. Qapıdan içəri girər-girməz MMP-nin ofisində Novruz təravətini hiss edirik. Hafiz müəllim bizi öz otağında qarşılayır. Çox mehriban və səmimi bir aura ilə bayramımızı təbrik edir. Gözümüz stolun üstündəki səməniyə və milli bayram şirniyyatlarına sataşır. Hafiz müəllim qonağı ilk olaraq çayla qarşılayarlar deyib, bizi pürrəngi çaya dəvət edir. Çay içə-içə "söz papağımızı” Hafiz müəllimin qabağına qoyuruq. Hafiz müəllim də partiyanın bayram dağarcığının ağzını açmamış ilk olaraq xalqımızı təbrik etməyi özünə borc bildiyini dedi: "Novruz bayramı münasibətilə xalqımızı təbrik edirəm. Biz müsəlmanların yeni ili də Novruz bayramıdır. Diləkləri çin olsun. Bir də bu millətə arzu edirəm ki, mənşəyi bilinməyən siyasi qüvvələrin arxasınca getməsinlər. Kərimov Əli kimi adamlara öz talelərini etibar etməkdən çəkinsinlər. İnşallah bu yeni ildən sonra xalqımızın sosial rifahı tezliklə daha da yaxşılaşar. İndi dolların manata nisbətən bahalaşması müşahidə olunur. Siyasi qurumlarda olduğu kimi, jurnalistlərin də maliyyə problemləri var. Ona görə də bu yeni Novruz ilində siz jurnalistlərə və siyasi partiyalara, ümumilikdə hər sahədə çalışan insanlarımıza uğurlar arzu edirəm”. Hafiz Hacıyevin bayram təbriki bitəndən sonra yeni ildən sonra nə kimi fəaliyyətləri olacağını soruşuruq: "Qarşıdan parlament seçkiləri gəlir. O seçkilərə hazırlaşırıq. Bizim partiyamız 3 dəfə prezident seçkilərinə namizəd göndərmiş bir siyasi qurumdur. Altmışdan yuxarı rayon təşkilatımız var. Onların fəaliyyəti də çox yüksək səviyyədədir. Ancaq maddi problemlərimiz var. Biz onları 100-150 manat tapıb, maliyyələşdirə bilmirik. Belə olan halda onlar da kim pul verirsə, onların mitinqinə yollanırlar. Bizdə olan məlumata görə, Kərimov Əli kimilərini həm xaricdən, həm də hakimiyyətin içindən maliyyələşdirən qüvvələr var. Onlar parlament seçkilərinə güclü hazırlaşıb, hakimiyyətə gəlmək istəyirlər. Bundan başqa, olimpiya oyunları qabağı Kərimov Əli, Həsənli Cəmil kimiləri mitinqlərin sayını çoxaldaraq bu oyunları boykot etmək istəyirlər. Ancaq biz buna imkan verməyəcəyik. Mən qardaşım İlham Əliyevi sonuna kimi müdafiə edəcəyəm. Bu yolda gəncliyimi vermişəm. Belə asanlıqla təslim olmaq niyyətində deyiləm. Onu da qeyd edim ki, hazırda partiyamız maddi sıxıntılar yaşayır. Heç bir yerdən yardım edilmir. Vaxtilə Kərimov Əlinin çamadanını daşıyanlar indi ona işləyirlər. Razi Nurullayev də istefa verəndə dedi ki, Əli nə vaxt pul istəsə ona aparıb çatdırırlar. Ancaq hakimiyyətdə Əli Həsənov ideoloji siyasəti çox düzgün qurub. Azərbaycanın mövqeyini təkbaşına müdafiə edə bilir. O, insan həqiqətən də vətənpərvər insandır. İqtidar nümayəndəsi olsa da, mən bunu deməliyəm. Həmişə düzünü danışmışam”. Hafiz Hacıyevlə daxili siyasi məsələləri qurtarıb, beynəlxalq siyasəti varaqlayırıq. Müasir Müsavat Partiyası sədri son günlərin aktual məsələsi olan Putin mövzusuna da toxunur. O, tezliklə Rusiya rəhbərinin hakimiyyətdən gedəcəyini deyir: "Putin işğalçı bir ölkənin rəhbəridir. Qarabağı işğal etdilər. İndi də Krım zəbt olundu. Qərb isə Rusiyanı yavaş–yavaş çökdürür. Düşünürəm ki, tezliklə Putin hakimiyyətdən gedəcək. Bundan sonra Qarabağ məsələsi də həll edilə bilər. Erməni kimdir ki, Qarabağı işğal etsin. Biz o zaman Ermənistanda olanda da görürdük. Onlar çox qorxaqdırlar. Rusiya zəifləmədiyi müddətdə Qarabağ azad edilməyəcək. Həm də bunun üçün xalqımız ağzıbir olmalıdır. Mənşəyi məlum olmayan, xarici kəşfiyyatın adamlarının çaldığı havaya oynamamalıdır. Xalqımız yumruq kimi olsa, bu məsələni də həll edəcək. Bu Novruz bayramında xalqımıza birlik arzu edirəm”. 

 Hafiz müəllimlə sağollaşıb ayrılırıq. Siyasilərimizin budəfəki bayram təəssüratlarını az–çox öyrənməyə çalışdıq. Bu yeni ildə biz də oxucularımıza dəqiq, vicdanlı, qərəzsiz xəbərlər arzu edirik.
hafta.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA