ABŞ-da Azərbaycanla bağlı yeni qətnamə qəbul olundu - VİDEO

img

05-03-2015 [12:01]


ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az daxil olan  məlumata görə, qətnamə qəbul edildikdən sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu sənədin qəbulunda təşəbbüskar olan qanunvericilərlə əlaqə saxlayaraq, onlara və Nümayəndələr Palatasının digər bütün üzvlərinə təşəkkür edib, Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunəvi bir model olduğunu bildirib.

Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristiyanların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. 

Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.

Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.

Qətnamədə, bu sənədin surətlərinin ABŞ Prezidentinə, Dövlət Katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən Senator və Konqresmenlərə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, bu qətnamə ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ikinci sənəddir. İlk belə sənəd bu ilin 23 fevral tarixində Nyu Meksiko Ştat Senatında qəbul olunub. 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA