Daha bir hüquq müdafiəçisi həbs olundu

img

25-02-2015 [00:58]


Tanınmış hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov fevralın 24-də həbs olunub. Bu barədə arqument.az-a T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib. O bildirib ki, oğlu ilə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb: "Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Yaxındakı polislər Talehi həbs ediblər. Şahidlərdən biri Talehin günahsız olduğunu dedikdə polis onu da şöbəyə aparıblar".

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-nın sorğusuna cavabında qeydə edib ki, T.Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: "Ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə edib. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib. Onlar hər ikisi saxlanılıblar. Zərərçəkən Zahirin ərizəsi əsasında Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, T.Xasməmmədov Göyçayda baş verənlərlə bağlı tez-tez mətbuatda tənqidi çıxışlar edib. İki gün əvvəl isə o, Gəncədəki Cəzaçəkmə Müəssisəsində məhbusun intihar edəcəyi ilə bağlı məlumat yayıb.

T.Xasməmmədovun saxlanılması ilə bağlı onun yaxınları Siyasi Məhbusların İşləri üzrə Birgə İşçi Qrupun üzvlərinə - deputat Çingiz Qənizadəyə, hüquq müdafiəçiləri Novella Cəfəroğluna, Sahib Məmmədova məlumat veriblər. İşçi Qrupun üzvləri T.Xasməmmədovun azadlığa buraxılması üçün çalışdıqlarını, bu haqda fevralın 25-də İşçi Qrupun hakimiyyətdən olan təmsilçilərinə məlumat veriləcəyini qeyd ediblər.  

T.Xasməmmədovun yaxınları müsavat.com-a deyiblər ki, hüquq müdafiəçisinin döydüyü iddia olunan adam ümumiyyətlə Göyçay sakini deyil: "Talehin Göyçayda üzünə duran adam ola bilməzdi, çünki onu hamı yaxşı tanıyır, hər kəsə yaxşılıq etməyə çalışan, davadan uzaq, dalaşmağa cüssəsi də olmayan bir insandır. Zahir adlı şəxs başqa yerdən gətirilmiş öyrədilmiş bir adamdır. Biz hüquq-mühafizə orqanlarından xahiş edirik ki, həmin adamın son telefon danışıqlarını çıxarsınlar. Görək bu kimin çağırışı ilə Göyçaya Talehi şərləməyə gəlib”.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA