"Bu, öz günahını başqasının üzərinə yıxmaq cəhdidir" - Daha bir partiyadan bəyanat

img

23-02-2015 [17:18]


Ümid Partiyası Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda deyilir:

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə həmin gündən 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Mərkəzi Bankın bu qərarı ilə Azərbaycan manatı birdən-birə 34 % ucuzlaşıb. Manatın dəyərdən düşməsi bazara dərhal öz təsirini göstərib. Artıq  bazar və dükanlarda istər xaricdən gətirilən, istərsə daxili malların qiymətində  sürətlə artım müşahidə edilir. Ümid Partiyası Mərkəzi Bankın pul siyasətinin əhalinin vəziyyətini ağırlaşdıracağını nəzərə alaraq, hökuməti bu istiqamətdə dərhal əlavə tədbirlər görməyə çağırır.

Eyni zamanda  Mərkəzi Bankın bu qərarını Azərbaycan Respublikası Mərkəzi Bankı Haqqında Azərbaycan Respublikasının qanununa zidd olduğunu bəyan edir.

Mərkəzi Bank haqqında Azərbaycan Respublikası qanununun 28.1 maddəsində çox konkret şəkildə göstərilib ki, Mərkəzi Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək  kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır. Azərbaycan Respublikasının Milli Bankı 2015-ci ilin bank və pul siyasətinin əsas istiqamətləri barədə informasiya verərkən manatın ucuzlaşması ilə bağlı da heç bir proqnoz verməmiş, əksinə dərc olunan məlumatlar pozitiv, əhalini aldadan və Mərkəzi Bankın 21 fevral qərarı ilə tam ziddiyət təşkil edib.

30 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında manatın məzənnəsinin sabit qalacağı göstərilib: "Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaqdır”.

Həmin qanunun 28.2 maddəsinə görə, Mərkəzi Bank qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini Mərkəzi bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərməlidir. Təəssüflər olsun ki, bu dekabr ayının 31-nə qədər baş verməyib. Yanvar ayının sonlarına doğru isə manatın ucuzlaşmayacağını əsaslandırmağa çalışıblar. Lakin fevral ayının 21-də  manatı 34 %  ucuzlaşdırmaqla vətəndaşa, dövlətə, o cümlədən cəmiyyətin inkişafına çox ciddi zərər vurublar. Mərkəzi Bank əgər bu məsuliyyəti öz üzərinə götürüb manatın ucuzlaşmasının 34 % -lik bir həddini müəyyənləşdirirsə, əhalinin ziyan çəkməməsi üçün  dərhal öz üzərinə öhdəliklər götürməlidir:

Dövlətlə münasibətdə olan hüquqi və fiziki şəxslərin borclarının- alınacaq və  veriləcək borclarının üzərinə 34 % əlavələr olunmalı, 21 fevral tarixinə qədər banklarda öz pulunu manatla saxlayan vətəndaşların hamısına banklar vasitəsilə əlavələr ödənilməklə 34 % ödənişlər etməli, bütün maaşların hamısı 34 % miqdarında indeksasiya olunmalıdır.

Bu gün nazirlik və hökumətin bəzi strukturları  öz günahlarını iş adamlarının üzərinə yıxır, iqtidarın pul siyasətindən doğan təbii qiymət artımında sahibkarları cəzalandıracaqlarını bəyan edirlər. Bu, əslində yenidən cəmiyyəti və vətəndaşı aldatmağa yönəlik addım, öz günahını başqasının üzərinə yıxmaq cəhdidir.

Bütün bunların hamısı göstərir ki, baş verənlər yalnız hökumətin yarıtmaz pil siyasəti ilə bağlı deyil, həm də dəfələrlə bizim çağrış etməyimizə baxmayaraq tək sektorlu inkişaf  yolunu tutmuş Azərbaycan hakimiyyətinin iqtisadiyyatın neftdən asıllığını aradan qaldıra bilməməsinin nəticəsidir.

Neftin qiymətdən düşməsi Azərbaycan iqtisadiyyatını çökdürməyə doğru aparır. Hökumət təcili tədbirlər görməlidir. Aztəminatlı , əhalinin  büdcədən maliyyəşən hissəsini, o cümlədən orta və kiçik biznes təbəqəsinin müdafiəsi üçün yeni iqtisadi doktirinamaliyyə-pul siyasətində köklü dəyişikliklər etməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA