Üçüncü dəfə alınmayan Praqa yolçuluğu

img

23-02-2015 [16:50]


Azər Həsrət, [email protected]

Bir il ərzində üç dəfə Praqaya səfər etməli oldum. Daha doğrusu, dəvət edildim. Amma heç birini gerçəkləşdirmək nəsib olmadı.

İlk dəvətim ötən ilin mayına təsadüf etdi. Hər şey yolunda idi. Viza üçün müraciət etdim. Bilet sifariş olundu və… belimdən əməliyyat edildim. Həkim nəinki təyyarəyə, heç maşına minməyə də izn vermədi və beləcə vizam əlimdə qaldı…

İkinci dəfə oktyabr ayında dəvət aldım. Amma bu dəfə viza üçün qalan günlər ard-arda bayrama təsadüf etdiyindən və səfirlik işləmədiyindən, yenə də gedə bilmədim. Dedim, bu da bir təsadüfdür.

Və üçüncü imkan bu ilin fevralında ələ düşdü. Heç bir problem olmadan vizamı, biletimi aldım, ayın 18-də səhər erkəndən İstanbul üzərindən Praqaya yollandım…

Yatsam yuxuma da girməzdi ki, başıma belə bir iş gələr. Dünyanın bir çox ölkələrini (bəzilərini təkrar-təkrar olmaqla) gəzmiş, saatlarla, hətta ən pis havalarda belə təyyarədə uçmuş birisi kimi bu dəfə başıma gələnlərə nə ad verəcəyimi də bilmirəm.

Amma oldu. Üçüncü cəhddən də Praqaya gedə bilmədim. Gücüm ona çatdı ki, "bunda da bir xeyir var inşallah” deyib özümə təskinlik verim.

Dediyim gün, səhər saat 5-də Türk Hava Yollarının təyyarəsi Bakıdan havalandı. Zamanında da İstanbula çatdı. Amma aşağı enmək problemə çevrildi.

İstanbulda qar olduğunu, daxili uçuşların ləğv edildiyini bilirdim. Lakin düşünmürdüm ki, dünyanın ən iri hava limanlarından olan Atatürk Hava Limanı ümumiyyətlə fəaliyyətini dayandırar.

İndi nəinki Praqaya uçmaq, hələ aşağı enmək dərdimiz vardı bizim. Uçağımız aşağı-yuxarı yarım saat İstanbul üzərində hərləndikdən sonra eniş zolağına yanaşa bildi.

Aşağı yaxınlaşanda anladım ki, fəlakət həddində qar var yerdə. Hətta o qədər ki, zolaq belə görünmür. Bununla belə qəhrəman pilotumuz bizi sağ-salamat yerə endirdi.

Endikdən sonra bir qədər getdik, elan edildi ki, zolaq görünmədiyi üçün dayanıb gözləməli olacağıq.

Nə edə bilərdik ki? Gözlədik, yol göstərən oldu və sağ-salamat uçaqdan endik.

Düşünürdük ki, uyğun zamanda Praqa uçağına minərik. Amma 2 saat civarında bir gecikmə elan edildi. Gözlədik.

Qapı açıldı, mindik uçağa. Və daha 2 saat uçağın içərisində gözlədik. Bunun ardınca uçuşun ümumiyyətlə ləğv edildiyi bildirildi və uçmadan aşağı endik.

Əsl zülm də bundan sonra başladı. Anladıq ki, bizim kimi on minlərlə insan gedəcəyi yerə gedə bilmir. Xəbər gəldi ki, artıq 140 uçuş ləğv edilib.

Nə edək, hara gedək? Dedilər ki, transfer masasına yanaşın, orda izah edərlər.

Yanaşdıq.

Başını itirmiş hava limanı işçiləri bizi qapıdan qapıya yönləndirdilər. Axırda birtəhər ölkəyə giriş yapdıq. Göstərilən şəkildə oteldə yerləşdirilmək üçün növbəyə durduq.

Minlərlə insanın hava limanında ayaq üstə saatlarla növbədə durmasını təsəvvür belə etmək istəməzdim. Ona görə də ətrafdakı turizm agentliklərinə yanaşıb otellə maraqlandım.

Bəlli oldu ki, yaxın ətrafdakı otellərdə yer tapmaq mümkün deyil. Hamısı doludur. Uzaqda isə mümkündür. Amma qar üzündən yolda qalmaq riski var.

Suyu süzülə-süzülə THY-nin növbəsinə qayıtmalı oldum. Saat 18 radələrində başlayan növbəmiz nəhayət ki, gecə saat 24 üçün sona çatdı və bizi bir avtobusla 21 km ötədəki Taksim Merkure otelinə gətirdilər.

Və əsarət başladı. Bizə dedilər ki, durumla bağlı sizə sabah günün birinci yarısı bilgi veriləcək. Verildi də. Xahiş etdilər ki, hələ gözləyək.

Bu gözləmək, o gözləmək. Düz 2 sutka oteldə yatıb-durduq, THY-nin hesabına yeyib-içdik. Qapıdan bayıra belə çıxmadan. Ədalət naminə deyim ki, otel xidməti ən yüksək səviyyədə idi.

İndi də geriyə – Bakıya qayıtmaq qayğımız vardı. İstanbulda hava yaxşılaşsa da Bakı haqqında heç də xoş proqnoz verilmirdi. Hətta çovğun olacağı deyilirdi. Lənət şeytana, indi də Bakıya enmə problemimizmi olacaq?

Amma olmadı. Şükür. Təyyarəmiz fevralın 21-i səhər saat 7-yə işləmiş 1 saat 11 dəqiqə gecikməylə Heydər Əliyev Hava Limanına endi. Düzdür, bir qədər silkələndi, yelləndi, amma hər şey əla oldu. Yəni biz Bakıdaydıq.

Hava soyuq olsa da artıq evimizə dönmüşdük.

Bununla Praqaya 3-cü səfərim də baş tutmadan, bu dəfə həm də yarı yoldan qayıtmaqla bitmiş oldu.

İndi də Bakı. Əsəblərimi qorumaq üçün gömrük nəzarətində qırmızı zolaqdan keçdim. Zatən bəyan ediləcək bir şeyim yoxdur hər zamankı kimi. Amma gömrükçülərimizin yaşıl zolaqdan keçərkən dəfələrlə məni qırmızı zolağa dəvət etməsinə əsəbləşdiyim anları xatırlayıb zaman itirmək istəmədim.

Hava limanından çıxdım, o gözəl Bakının möhtəşəmliyindən həzz almaq istədim.

Amma heyhat… Bakı heç də möhtəşəmə bənzəmirdi!

Üzü şəhərə gələn əsas prospekt cəhənnəm zülmətinə bürünmüşdü!

Ürəyimdən nələr keçmədi daha. Allah eləməmiş, bir hadisə filanmı olub? Olmayıbmış. Sadəcə aeroport yolunun işıqlarını nəyə görəsə söndürüblər!

Avropa oyunlarına 3 ay qalmış, bütün dünyanın diqqət mərkəzində olan bir şəhərdə bu rəzalətə imza atanın başını yaxşıca yoxlamaq lazımdır məncə!

Bunlar öz yerində, amma Bakıya gəldiyim günün axşamı yağan və aləmi qarışdıran qarda da nəsə bir sirr var düzü. Dostlara da zarafatla deyirəm ki, getdim, İstanbuldan qarı alıb gətirdim Bakıya.

Hə, unutmadan onu da əlavə edim ki, İstanbulda olduğum müddətdə durmadan arzu edirdim ki, Azərbaycana da heç olmasa bir günlük belə bir qar yağsın.

Yağdı da…

Digər xəbərlər
SON XƏBƏRLƏR