«Əli Kərimlinin partiyasından yeni istefa olacaq”

img

23-02-2015 [13:28]


Ötən həftə daxili siyasətdə baş verən və kifayət qədər müzakirə mövzusu olan məsələlərdən biri də Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini postundan istefa verməsi oldu. Düzdür, cəbhəçilər Razi Nurullayevi xəyanətdə ittiham etsələr də, ancaq o, facebook sosial şəbəkəsi vasitəsilə AXCP-dən nə üçün istefa verdiyini və sözügedən partiyada nələrin baş verdiyini cəmiyyətə çatdırmış oldu. Razi Nurullayevin AXCP-dən istefasından sonra daha bir neçə şəxsin də partiyadan uzaqlaşacağı mümkün görünür. Çünki Razi Nurullayev də AXCP-də müəyyən mənada nüfuz sahibidi və onun da bu partiyada kifayət qədər tərəfdarı var. Bəs görəsən, doğurdanmı AXCP və onun sədri Əli Kərimlinini yeni "sürpirizlər” gözləyir? Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı məbuata verdiyi müsahibədə AXCP-də bundan sonra baş verəcək mümkün proseslərdən danışıb. O, Əli Kərimlinin yanından yeni istefaların olacağını da istisna etməyib.

-Niyaməddin bəy, Razi Nurullayevin istefası AXCP üçün nə dərəcədə ağır itgi olacaq?

-Əvvəla onu qeyd edim ki, son 6 ayda Əli Kərimlinin ikinci müavinidir ki, ondan imtina edir. Razi Nurullayevdən əvvəl Asəf Quliyev də Əli Kərimlinin müavini kimi istefa vermişdi. Bir neçə müşaviri- Rəsul Həşimli, Şakir Abbasov Zərifə Məhəddinova da bu yaxınlarda Əli Kərimlidən imtina edənlərdi. Bir məqama diqqətinizi cəlb etmək istəyirəm : Əli Kərimli Azərbaycan siyasi çevrəsində yeganə adamdır ki, onunla uzun müddət yol getmək olmur. Bu adam, öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiyada birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP-nin sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət özünün müavinlərinə də xəyanət etməyi bacaran bir insandır. Siyasətlə məşğul olan hər kəs bilir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Tarixə nəzər yetirin. Əbülfəz Elçibəy dünyasını dəyişən kimi, partiyanın ali orqanında təmsil olunan 19 nəfərlik AXCP Rəyasət Heyətinin bir nəfər üzvü belə onun yanında qalmadı. Kimlər idi bunlar? Novella Cəfəroğlu, Akif İslamzadə, İbrahim Vəliyev, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Bahəddin Həziyev, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Əliməmməd Nuriyev, Arif Paşa, Xaləddin İbrahimli , Qulamhüseyn Əlibəyli, Əli Məsimli və s. Əbülfəz Elçibəyin bütün müavinlərindən, müşavirlərindən biri belə Əli Kərimli ilə yolunu davam etdirmədi. Heç bir partiyada bu qədər istefa verən olmayıb. Və sədrə qarşı bu qədər etimadsızlıq göstərilməyib. İndi baxın görün kimlər var onun yanında? Motellərdə videosu çəkilən Natiq Ədilov Əli Kərimlinin Rəyasət Heyətinin üzvü, söz sahibi olub. Əli Kərimli rəzil gündədir. Razı Nurullayev çox sonralar Əli Kərimlinin yanına gedənlərdəndir. 2010-cu ildən. İş orasındadır ki, nəinki köhnə hərəkatçılar, cəbhəçilər Əli Kərimlidən imtina edir, ona sonradan qoşulan şəxslər də onun əsl simasını görəndən sonra dərhal istefa verib, uzaqlaşırlar. Məncə, bu məsələdə ən çox Razi Nurullayev qazandı. Necə deyərlər, ziyanın yarısından da geri qayıtmaq xeyirdi.

-Razi Nurullayevin istefası digər cəbhəçilərin də partiyadan ayrılmasına səbəb ola bilərmi?

-Mətbuatdan Razi Nurullayevin istefa verməsinin səbəblərini oxudum. Demək olar ki, Əli Kərimlinin yanından gedən adamların hər birinin dediklərini deyib. Razı bəy Əli Kərimli haqqında deyib ki, "AXCP-yə qoşulmamış Əli Kərimlini başqa cür tanıyırdım. Amma, daha yaxın olduqca, gümanlarımın məni aldatmış olduğunu gördüm. O göründüyü kimi deyilmiş. Bu gün bir daha AXCP-də hökm sürən diktatura özünü göstərdi. Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə deyil, hətta öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası, bizim demokratiya uğrunda səmimi mübarizəmizi əngəlləyirdi və yenə əngəlləməkdə davam edir. Əli Kərimlinin partiya dediyi bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma, 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Buna qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi. Səhmdar var, səhmlər yox dedi. Niyə siz məni və yüzlərlə cəbhəçini məcbur etməlisiniz ki, bizi sizin razılaşmadığınız və əksinə olduğunuz fikri və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niyə hər zaman siz deyən düzdür? Amma, vaxtınızın çoxu kim-kimi "like” edir, kim kimə "comment” yazır və kim-kimi paylaşır kimi mənasız işlərə gedir. Ən xırda detalları belə özünüz edirsiniz. O qədər xırda işlərlə məşğulsunuz ki, böyük işlərə zaman qalmır. Bu xasiyyətinizin bizi irəli apara biləcəyi düşüncəsində deyiləm". Bütün bunları Əli Kərimlinin 5 il müavini işləmiş Razi Nurullayev deyir. Facebook.com sosial şəbəkəsində təzə səhifə açan 15-16 yaşlı gənclər ilk əvvəl xoşlayır ki, dostları bunun paylaşımlarını "like" eləsin. Bax bu gün Əli Kərimli həmin gənclər kimi "like" sevinənlərdəndir. Uşaq kimi. Bu yaxınlarda mən bu məsələni elə facebook statsum da yazmışdım ki, Əbülfəz Elçibəy Əli Kərimli haqqında demişdi ki, qorxuram Əli Kərimli 50 yaşında da uşaq kimi qalsın. Görünür Əbülfəz bəy çox haqlı imiş. Bu adam hələ də uşaq psixologiyasından ayılmayıb. Razı bəyin digər dediyi fakt odur ki, facebook-a saxta profilləri gətirən adam Əli Kərimlidir. Deyilənə görə, özü də daxil olmaqla ətrafında olan 5-10 nəfərin hərəsinə 200-300 saxta profillər açdırb və bununla özünə "like" topladır. Buna birmənalı şəkildə inanıram. Bilirsiniz ki, şəxsən mən facebook-da Azərbaycanın ən böyük 300 000-lik qrupunun yaradıcılarındanam və sosial şəbəkədən geniş istifadə edirəm. Hər zaman da görmüşəm ki, saxta profillərlə insanları təhqir edən şəxslər hər yerdə Əli Kərimlinin təbliğatını aparır. Bu da o deməkdir ki, bütün bunların göstərişini Əli Kərimli verir. Bu faktı Razi Nurullayev də təsdiq edib və yazıb. Saxta profillərdən istifadə etməyi Əli Kərimli gətirib. Onu da deyib ki, Əli Kərimlinin ətrafında olan adamlardan kimlər hansı saxta profilləri idarə etdiyini də bilir. Razı bəydən sonra kimlərin istefa verəcəyinə gəldikdə isə, artıq cəmiyyət bilir ki, Əli Kərimlidən imtina etmək təbii bir prosesdir və gözlətilərim də var. Yaxın zamanlarda cəmiyyət yeni istefanın şahidi olacaq.

-Sizcə Razi Nurullayevin mesajından digər cəbhəçilər də nəticə çıxaracaqmı?

-Əlbəttə nəticələr olacaq. Artıq onlar bilir ki, bir nəfər də Əli Kərimlinin əsl simasını ortaya qoyub. Onlar yaxşı bilir ki, hər kəs onun üçün çalışmalıdır. Hər kəs onun tapşırıqlarını yerinə yetirməlidir. Kimsə öz fikrini, münasibətini ortaya qoya bilməz. Əks fikir bildirən şəxs dərhal cəzalanacaq. Neçə deyərlər Əli Kərimli əsl bolşevikdir. Kim onun kimi fikirləşmirsə, deməli düşməndir. O, ətrafında olan insanların beyninə yeridir ki, kim onun haqqında həqiqəti deyirsə, ona hamı düşmən kimi baxmalıdır. Bu adamlar heç biri Əli Kərimli ilə çox gedə bilməyəcəklər və bilirlər ki, istər cəmiyyət arasında, istərsə də partiyalarda Əli Kərimliyə qarşı münasibət olduqca mənfidir. Bu qədər adamın hamısı yalan danışa bilər? Bu fikirləri tək Niyaməddin Orduxanlı demir axı. Onunla 5 il bir yerdə çörək kəsən müavinlər də deyir.

-Ümumiyyıtlə AXCP və Əli Kərimlinin bundan sonrakı taleyini nə gözləyir?

-Mən heç vaxt Əli Kərimlinin təşkilatına AXCP deməmişəm və deməyəcəm də. Bunu demək ən azından Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Elçibəyə ən böyük xəyanəti edən adam heç vaxt AXCP sədri ola bilməz. Bu adamın ətrafında olan bir-iki nəfər istisna olmaqla , əksəriyyəti özünün Saatlı və Sabirabaddan olan yerliləri və qohumlarıdır. Bu qohum "partiyanın" Azərbaycan siyasətində heç bir uğurunu görmürəm. Və bunu zaman da təsdiq edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA