Deputatlar Azərbaycan-Gürcüstan sərhədindəki özbaşınalıqlardan danışdılar

img

10-02-2015 [11:21]


Gürcüstan-Azərbaycan arasındakı sərhəd keçid məntəqələrində özbaşınalıqlar davam edir. Qonşu ölkədə yaşayan soydaşlarımız Azərbaycana gələrkən gömrük məntəqəsində kütləvi şəkildə rüşvətxorluq, zorakılıq halları ilə üzləşirlər. Soydaşlarımızın əşyaları min cür bəhanə ilə əlindən alınır, özləri isə təhqirlərə məruz qalırlar.

Marneulidə yaşayan "Qeyrət” Cəmiyyətinin sədri Əlibala Əsgərov da "Yeni Müsavat”a verdiyi 9 fevral sayındakı geniş müsahibəsində bu məsələyə toxunub. O qeyd edib ki, sərhəd keçid məntəqələrində ən çox problemlərlə üzləşən Borçalı əhalisidir. "Qeyrət” Cəmiyyətinin sədri "Sınıq körpü” gömrük-keçid məntəqəsinin soydaşlarımızın ən çox problem yaşadıqları məntəqə olduğunu bildirib: "Son aylarda ”Sınıq körpü" sərhəd məntəqəsində Borçalı camaatının başına açılan oyunlar, yəqin dünyanın heç bir sərhədində baş vermir. Sərhəddə milləti bilərəkdən təhqir edirlər, alçaldırlar".

Ümid Partiyasının sədri İqbal Ağazadə keçid məntəqələrində baş verənlərlə bağlı hər iki ölkə arasında danışıqların olmasının vacibliyini vurğuladı: "Mətbuatdan oxuduqlarıma əsasən deyə bilərəm ki, sərhəd keçid məntəqələrindəki özbaşınalıqlarla bağlı Gürcüstan və Azərbaycan hökuməti arasında danışıqlar olmalıdır. Tənzimləmənin mexanizmləri tapılmalıdır. Nə baş verir? Niyə insanlar incidilir? Bunu Azərbaycan, yoxsa Gürcüstan tərəfi edir? Bu məsələlərə aydınlıq gətirilməlidir. Təəssüflər olsun ki, hər kəs üstündən sükutla keçir. Proseslər açıq qalır. İnsanlar əziyyət çəkir. Zəlimxan Məmmədli kimi tanınmış, statusu olan adam Gürcüstana buraxılmır. Hökumət bu barədə sorğu verməlidir. Gürcüstanın Azərbaycan hökuməti və vətəndaşının üstünə bu qədər gəlmək hüququ yoxdur. Deyə bilmərəm ki, gürcülər bu addımla hansı məqsədi həyata keçirirlər. Hər halda, cavab verilməlidir. Bunlar həll olunmalıdır. Tərəflər bunları həll etməlidir”.

YAP-çı deputat Səyavuş Novruzov hesab edir ki, baş verənlər qanuna riayət edilməməsindən irəli gəlir: "Çox adam bəzən qanuna əməl etmir. Qanunda göstərilir ki, sərhəddən nə keçməlidir, nə keçməməlidir. Bunlar hesab edirlər ki, Borçalı azərbaycanlılarındır. Amma düşünmürlər ki, Gürcüstan vətəndaşıdırlar. Qanun xarici vətəndaşa nəyi tətbiq edirsə, eynisi ilə bunlara da o tətbiq olunur. Parlamentdə bu məsələ dəfələrlə müzakirə olunub. Gürcüstan və Azərbaycan arasında müqavilə imzalanıb. Buna uyğun olaraq, qanun çərçivəsində işlər həyata keçirilir. Hər bir vətəndaş qanunu mükəmməl öyrənməyə çalışmalı, riayət etməlidir”. 

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu siyasətin ayrı-seçkilik yox, yanlış siyasət olduğunu qeyd etdi: "Deməzdim ki, bu siyasət ayrı-seçkilikdən irəli gəlir. Sadəcə, yanlış siyasətdir. Onların incidilməsinə səbəb bir qrup adamın mənfəət götürmək istəyidir. Məni ora buraxmasalar da, qonşu Gürcüstanda bu sahə şəffafdır. İnsan rahat gedə bilir. Biz tərəfdə isə dəhşətdir. Əlində bir çanta varsa, sanki onu eşib-tökmək qanunda yazılıb. Utanc gətirən hallar baş verir. Hər halda, vətən sərhəddən başlayır. Sərhədimizdə giriş kifayət qədər utancverici vəziyyətdədir. Burada nə baş verir? Əslinə qalsa, soydaşlarımızın ümumi vəziyyəti nəzərə alınmalı, onların ölkəmizdə əmək bazarına girişlərinə mane yaradılmamalıdır. Onlar da soydaşlarımızdır. Məhsullarının ölkəyə girməsi bazarlarda təmiz məhsul, qiymətlərin aşağı düşməsi deməkdir. Onlar üçün hər hansı bir güzəşt nəzərdə tutulmur. Əksinə, rəsmi və qeyri-rəsmi olaraq, onların ciblərinə giriş prosesi həyata keçirilir. Bununla bağlı aidiyyəti orqanlara müraciətlərimiz olub”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA