Prezident İlham Əliyev "2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara növbəti dəfə xəbərdarlıq etdi. İ.Əliyev bildirdi ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalı, xalqın qayğıları ilə yaşamalı, kobudluğa və yekəxanalığa yol verilməməlidirlər. Artıq neçə gündür ki, dövlət başçısının bu çıxışı ictimaiyyət tərəfindən müzakirə olunur. Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərovla söhbətə də elə bu mövzudan başladıq.
- Prezidentin baş verən qanunsuzluqalara belə reaksiyası müsbət qiymətləndirilməlidir. Onu da deyim ki, belə xəbərdarlıq birinci dəfə deyil, həmişə olub. Prezident məmurların dövlətçiliyə, xalqın problemlərinə həssas yanaşması üçün həmişə xüsusi göstərişlər verib. Doğrudur, Azərbaycan dövlətçiliyi gəncdir, inkişaf etmiş ölkələrdə olduğu kimi, məmurların formalaşması da o qədər sürətlə gedə bilməz. Amma elə məsələlər var ki, problemlər yaratmağa ehtiyac olmadığı halda, dövlət bu sahəyə xüsusi diqqət yetirdiyi halda, bəzi məmurlar öz işlərinə laqeyd yanaşırlar.
- Amma bəzi məmurlar bu xəbərdarlıqlara məhəl qoymaq istəmirlər...
- Çünki bəzi məmurlar peşəkar deyillər. Yəni, camaatla, vətəndaşlarla işləmək də peşəkarlıq tələb edir. Gərək olunan müraciətləri analiz edib, onların həlli yollarını bilməlisən ki, problem sonradan böyüməsin. Bəzən bu hallarda məmurlarla bağlı problem ortaya çıxır. Elə hallar da olur ki, psixoloji zəmində narazılıq yaranır. Məmur hər bir vətəndaşın düşüncəsinə, psixologiyasına uyğun hərəkət etməlidir.
Biz millət vəkiliyik, zaman-zaman rayonlara gedirik, camaatla görüşüb, problemlərini dinləyirik. Vətəndaşların müraciətlərinin heç də hamısı qanuni olmur. Amma bunu elə izah etmək lazımdır ki, vətəndaş narazı qalmasın. Bunun üçün də hövsələ lazımdır.
Sözün açığı, şəxsən mən Azərbaycanda dikbaş məmur tanımıram. Çünki bu gün idarəçilik mexanizmi elədir ki, dikbaş, özündənrazı, "mən necə istəyirəm, elə də edirəm",- prinsipi ilə işləyən məmurun vəzifədə qalmaq imkanları sıfıra bərabərdir.
- Əgər belədirsə, onda dövlət başçısı hansı məmurlara xəbərdarlıq edir?
- Xəbərdarlıq məsuliyyətin artırılması, peşəkarlığın yüksəldilməsi, vətəndaşlara daha diqqətli yanaşmaq üçündür. Prezidentin tapşırığı ilə son illər, demək olar ki, bütün nazirlər, komitə sədrləri vətəndaşlarla mütəmadi görüşlər keçirirlər. Bundan əlavə, "ASAN xidmət"in fəaliyyəti genişləndirilir. Yəni, tək məmurların üzərinə düşülmür, alternativ variantlar işlənib hazırlanır.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə məmurlar xarici dövlətlərə göndərilir, ordakı iş şəraiti ilə tanış olur, təcrübə qazanırlar. Təbii, müəyyən nöqsanlar da var və bunlar qeyd olunmalıdır ki, düzəlsin, təkrarlanmasın. Bunun özü də məmur sinfinin yetişməsi, formalaşması üçün vacibdir ki, cənab Prezident də ardıcıl olaraq, bu istiqamətdə müvafiq tələblər irəli sürür. Prezident hər zaman deyir ki, vətəndaşları incitmək olmaz. Hətta vətəndaş haqsız olsa da, onu dinləyib, izah etmək lazımdır. Ona görə də cənab Prezident vaxtaşırı bu istiqamətdə məmurlara xəbərdarlıqlar edir.
- Bəlkə daha sərt üslub seçilməlidir. Məsələn, hansısa məmuru elə iclasdaca ayağa qaldırıb, tənbeh edib, işdən çıxarmaq kimi variant nəticə verə bilərmi?
- Yox! Bəlkə də bu variant 10-15 il bundan əvvəl mümkün idi, amma bu gün Azərbaycanda cəmiyyətin səviyyəsi kifayət qədər yüksəkdir. Bilirsiniz, məmurla da o cür danışmaq olmaz. Çünki bu üslub həddindən artıq sərt yoldur ki, indiki zamanda buna getmək məqul deyil. Hesab edirəm ki, həddindən artıq sərt üslub bu gün özünü doğrulda bilməz. Təbii ki, istənilən məmur haqqında ölçü götürülə bilər. Əgər söhbət yerli icra hakimiyyəti orqanlarından gedirsə, icra başçısından başlamış müxtəlif idarə rəhbərlərinə qədər hər kəs məsuliyyətini dərk etməlidir. Onlar zaman-zaman hesabatlar hazırlayıb yuxarı instansiyalara, aidiyyatı qurumlara təqdim edirlər. Eləcə də nazirlər, komitə sədrləri vaxtaşırı müxtəlif rayonlarda olurlar. Yəni, yerli icra orqanları üzərində nəzarət var. İstənilən qüsurlar barəsində məlumatlar var, lazımi məqamda onların da diqqətinə çatdırılır ki, işinizi düzgün qurun. Amma böyük bir iclasda hansısa icra başçısını ayağa qaldıraraq qüsurlarını üzünə deyib, işdən çıxarmağı düzgün saymıram.
- Bir vaxtlar mərhum Prezident Heydər Əliyev bəzi məmurları bu şəkildə cəzalandırırdı...
- O ayrı dövr idi. Hardasa 10-15 il bundan qabaq o cür davranışa ehtiyac var idi. O zaman Azərbaycan cəmiyyəti də belə deyildi. Həmin vaxt ilə müqayisədə bu gün peşəkarlıq çox yüksəkdir. O vaxt elə icra başçıları olurdu ki, onu ancaq o formada işdən çıxarmaq lazım idi. Amma bu gün icra başçıları təyin olunanda, onların bir sıra keyfiyyətləri nəzərə alınır. Onlar o qədərdə də böyük səhv eləmirlər ki, siz deyən şəkildə cəzalandırılsınlar.
- Ancaq son vaxtlar çox böyük səhvlər edən icra başçıları oldu. Quba, İsmayıllı hadisələrini xatırlayaq. İc-ra başçılarının hərəkətləri qarşıdurmaya səbəb olmuşdu.
- Təbii ki, siz deyən məqamlar da var. Amma onlar xüsusi hadisələr idi. Həmin vaxt icra başçıları qarşıdurmanı yaratmamışdılar. Sadəcə olaraq, nəzarət zəifləmişdi, laqeydlik olmuşdu. Bu layqedliyə görə də xoşagəlməz hadisələr baş vermişdi. Yəni, həmin hadisələr icra başçısının təşkil elədiyi, yaxud birbaşa səbəb olduğu bir şey deyildi. İcra başçısının səhvi lazımi tədbirlər görməməsindəydi. Bu səriştəsizliyə adekvat cəzalarını da aldılar.
Hərənin bir cür yanaşması var. Biri daha sərt tədbirlərin görülməsinə tərəfdardır ki, ona da haqq vermək olar. Bəziləri isə daha intellektli, yumşaq üslubun tərəfdarıdır.
Azərbaycan Prezidentinin idarəçilik fəaliyyətində sərt tədbir o zaman görülür ki, artıq başqa çıxış yolu olmur. Bəlkə də əvvəlki dövrlərdə imkan yox idi ki, icra başçıları, digər kateqoriyadan olan məmurlar xaricə göndərilsin və orda idarəçiliklə bağlı təcrübə öyrənsinlər. Ona görə də məmurların səviyyəsi aşağı olurdu, adekvat olaraq baş verən nöqsanların miqyası böyük olduğundan tədbir də sərt olurdu. Amma bu gün Azərbaycan Prezidenti çalışır ki, yüksək təcrübəli məmurlar, idarəçilər sistemi yaransın.
Bir adam hansısa xırda səhvə yol verirsə, ona qarşı aqressiv münasibət sərgiləmək yaxşı hal deyil. Tədricən, intellektlə, maarifçiliklə, mədəniyyətlə, müasir idarəçilik texnologiyaları ilə problemin həllinə çalışmaq lazımdır. Özü də ayrı-ayrı adamlar yox, məmur postunun obrazı yaranmalıdır. Ayrı-ayrı adamların obrazı yarananda kimsə süni qəhrəmana çevrilir, sonra da belə problemlər ortaya çıxır. Azərbaycan Prezidenti idarəçilik siyasətində buna üstünlük verir və hesab edirəm ki, bu, çox uğurludur.
- Ölkə başçısı çıxışlarında bəzi məmur və iş adamlarının övladlarının harın həyat tərzi sürməsi və vəzifələrindən sui-istifadə hallarının olması ilə bağlı da sərt mövqe sərgiləmişdi. Amma hələ də bəzi məmur övladları belə əməllərindən geri çəkilmirlər...
- Prezidentin bu məsələyə yanaşmasını müsbət qiymətləndirirəm. Bu təcrübə çox yerdə var. Dünyanın hər yerində belə harınlıq məqamına rast gələ bilərik. Görürük ki, varlı, imkanlı adamların, yaxud vəzifə sahiblərinin övladlarında belə xüsusiyyətlər olur. Yəni bu, təkcə Azərbaycana xas olan məsələ deyil. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da çalışırlar ki, belə halların qarşısı alınsın. Həm də belə hal Azərbaycanda kütləvi deyil. Azərbaycan o qədər böyük ölkə deyil ki, bir-birimizi tanımayaq. Mən məmurların, nazirlərin, komitə sədrlərinin o qədər gözəl, ciddi, tərbiyəli övladlarını tanıyıram ki, təvazökarlıqları yüksək səviyyədədir.
- Amma əksinə olanlar da var...
- Bunu inkar etmirəm, əksinə olanlar da var. Bəzən imkansız adamın övladı da elə hərəkət edir ki, heç onu miylarderin övladı eləməz. Amma onlar diqqət mərkəzində olmur, tanınmış şəxsin, məmurun övladının hərəkətləri daha çox diqqət çəkir. Təbii ki, dövlət başçısının bu məsələlərə qarşı ciddi olması, vaxtlı-vaxtında xəbərdarlıq etməsi öz işini görür.
Onu da nəzərə çatdırım ki, bu sahədə indiyə kimi xeyli tədbirlər görülüb, nəticələr də var. İstər-istəməz hər kəs çəkinir və çəkinməlidir. Məmur olan adamın övlad üzərindəki nəzarəti daha güclü olmalıdır. Çünki onun və ailəsinin hərəkətləri ictimaiyyətin diqqət mərkəzindədir. Ona görə də məmurlar daha tədbirli olmalı, daha çox çalışmalıdır ki, hansısa nalayiq hərəkət baş verməsin.
- Nizami müəllim, Prezident bir neçə rayonun icra başçısını da dəyişdi. Ümumiyyətlə, son dövrlər kadr islahatlarının yerdəyişmə ilə müşahidə olunması birmənalı qarşılanmır. Sizcə, yerdəyişmənin effekti nə qədər güclü ola bilər?
- Düşünürəm ki, bu da məmurluq məsələsi ilə bağlıdır. Yəni, məmur bir obrazdır, bu işin ustasıdır. İcra başçısı olmaq insandan xüsusi peşəkarlıq, cəmiyyətlə əlaqə qurmaq bacarığı tələb edir. Çünki icra başçısı ən müxtəlif təbəqələrdən olan insanlarla, ailələrlə təmasda olur. Həmin peşəkar şəxsin hansı rayonda işləyəcəyinin elə də fərqi yoxdur. Bu baxımdan, dəyişmək məmur obrazını zənginləşdirir. Bu regionla o birinin arasında fərqlərin yaranmasına imkan vermir. Ona görə də bunu müsbət hal kimi dəyərləndirirəm.
- Bəs, niyə ancaq eyni şəxslər olur, yeni simalar vəzifəyə gətirilmir?
- Yeni simalar da gətirilir. Bununla yanaşı, təcrübə daha önəmlidir. Məmurun fəaliyyəti öyrənilir, hansı cəhətlərin qabarıq olduğu araşdırılır, təhlillərdən sonra elə bir rayona aparılır ki, o rayonda məhz o məmura ehtiyac var.
Mən düşünmürəm ki, icra başçıları mexaniki dəyişdirilir. Hətta mexaniki dəyişdirilsə belə, onun əhəmiyyəti var. Çünki istər-istəməz təcrübə mübadiləsi olur. İndi birdən-birə hamını çıxarıb yenilərini gətirmək də olmaz. Fikir vermişəm, bizim xeyli rayonlarımızda icra başçılarının müavinlərinin əksəriyyəti ya gənclərdir, ya da xanımlar. Yəni, bu istiqamətdə iş gedir, potensial hazırlanır. Həmin gənclər qarşıdakı dövrdə icra başçısı, yaxud daha yüksək vəzifələr üçün peşəkar kadr kimi formalaşırlar.