Əli Kərimli Qubad İbadoğluna yüksək vəzifə vəd edir

img

08-02-2015 [12:20]


Müsavat Partiyasının parçalanmaq təhlükəsi ilə üz-üzə qalması AXCP-ni müxalifətin əsas güc mərkəzinə, Əli Kərimlini isə əks düşərgənin liderinə çevirib. Müsavat başqanlığına sabiq namizəd, tanınmış iqtisadçı-alim Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsindən sonra başlayan istefalar əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulmuş bu siyasi təşkilatın "ana müxalifət” statusunu qorumasını qeyri-mümkün edib. Müsavat Partiyasının tezliklə iki yerə parçalanacağına və konstruktiv siyasət yürüdən kiçik müxalif təşkilatlarla bir sırada dayanacağına indi heç bir şübhə yoxdur.

 Aldığımız məlumata görə, hadisələrin onların marağına uyğun inkişaf etməsi Müsavat Partiyasının əsas rəqibi hesab olunan AXCP düşərgəsində xoş ovqat yaradıb. 

AXCP funksionerlərindən biri Mia.az-a deyib ki, partiya rəhbərliyi yaranmış əlverişli fürsəti əldən vermək niyyətində deyil. Onun sözlərinə görə, narazı müsavatçıları AXCP sıralarına cəlb etmək üçün yollar axtarılır. 

Mənbə deyib ki, partiya rəhbərliyi təkcə Müsavatdan xaric edilmiş şəxsləri deyil, həmçinin indiki başqan Arif Hacılının yürütdüyü siyasətdən narazı olan funksionerləri də AXCP düşərgəsinə qatmaq istəyir. 

Məlumatlı şəxs AXCP sədri Əli Kərimlinin narazı müsavatçılarla danışıqlara başladığını deyib. Qeyd edib ki, AXCP sədri başda Qubad İbadoğlu olmaqla, Müsavat Partiyasından xaric olunmuş funksionerlərin hamısı ilə əlaqə yarada bilib. Mənbənin dediyinə görə, Əli Kərimli keçmiş müsavatçıların hamısına AXCP-də vəzifə təklif edib: "AXCP Rəyasət Heyətində aparılan müzakirələrdən sonra Qubad İbadoğluna Ali Məclisin sədri postu təklif olunub. Vurğun Əyyuba isə Müsavat Partiyasından istefa verib AXCP-yə qoşulacağı təqdirdə, birinci müavin postu vəd edilib. Hikmət Hacızadə və Adil Qeybulla isə siyasi fəaliyyətlətini AXCP-də davam etdirəcəkləri təqdirdə, AXCP sədrinin müavini vəzifəsinə təyin olunacaqlar. Müsavat Partiyasının Qadınlar Şurasının sədri Ellada Məmmədli isə AXCP sıralarına qoşularsa, Ali Məclis sədrinin birinci müavini kimi fəaliyyət göstərə bilər. Həmçinin ikinci eşelonda təmsil olunan müsavatçılara da öz ranqlarına uyğun postlar təklif olunub”. 

Mənbə Qubad İbadoğlunun və tərəfdarlarının bu təkliflərə sıcaq yanaşmadıqlarını bildirib. Onun sözlərinə görə, Qubad İbadoğlu Əli Kərimliyə özünün təşkilatını yaratmaq niyyətində olduğunu deyib. Qubad bəy yalnız Azərbaycan Demokratiya və Rifah Uğrunda Hərəkatı (ADR) təsis etdikdən sonra bu barədə müzakirələrə başlaya biləcəyini vurğulayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA